1915-ci ildə guya törədildiyi iddia edilən erməni soyqırımının tamamilə saxta əsaslar üzərində dayanması artıq dünya miqyasında çoxlarına bəllidir. İstər Türkiyənin, istərsə də Azərbaycanın 1915-ci il hadisələrinin saxta soyqırımı kimi qələmə verilməsinə cəhd göstərildiyinə dair kifayət qədər sübutları artıq dünya ictimaiyyətində və rəsmi dairələrdə var. Ona görə də onun tanıdılması yönündə atılan bütün addımlar bəri başdan iflasa məhkumdur və ABŞ da daxil olmaqla dünyanın heç bir ölkəsində onun mötəbər dövlət qurumları tərəfindən soyqırımı kimi tanınmaq perspektivləri çox aşağıdır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, Amerika prezidentlərinin qondarma soyqırıma münasibəti bu ölkənin bütün tarixi boyu ərzində seçkidən sonrakı proseslərdə həmişə özünü qabarıq şəkildə göstərib:
“Erməni lobbisi və diasporu Amerikada güclü olduğu üçün onların seçkiqabağı proseslərə müəyyən təsir imkanları var. Buna görə də hər bir prezidentliyə namizəd seçkidən sonra həmin hadisəni, yəni “erməni soyqırımı”nın tanınıb-tanınmaması məsələsini aktual gündəmdə saxlamaq məcburiyyətində qalır. Buna görə də Amerikanın yeni prezidenti Co Baydenin gündəmində onun cəmi bir neçə günlük aktual məsələ kimi qalması başadüşüləndir. Ancaq Baydenin bu hadisəni özündən əvvəlki prezidentlərdən fərqli olaraq soyqırımı kimi tanıya biləcəyi Amerika prezidentlərinin tarixində ən təəccüblü və ən ziyanlı qərarlardan biri ola bilər”.
Aydın Quliyev deyib ki, bunun üçün ehtimal çox zəif olsa da Baydenin belə bir addım atması ilk növbədə Azərbaycan və Türkiyə də daxil olmaqla Amerikanın bütün türk dünyası ilə münasibətlərinin avtomatik olaraq pisləşməsinə gətirib çıxara bilər:
“Bunun böyük diplomatik qalmaqala çevrilmək ehtimalı böyükdür. Çünki hamı başa düşür ki, heç bir tarixi, irsi əsası olmayan uydurma faktın “soyqırımı” kimi tanınması ancaq siyasi qərardır və bu, Bayden administrasiyası üçün Amerika prezidentlərinin son 50-60 il ərzində ata bildiyi və ata biləcəyi ən yanlış addım ola bilər. Açığı, mən şəxsən Baydenin bu addımı atacağını o qədər də ehtimal etmirəm. Bu, sadəcə erməni lobbisinin və erməni lobbisinə yaxın ölkələrin media orqanlarının aprelin 24-dək qaldırdıqları son çırpıntılardır. Son çırpıntılar olduğu üçün onun reallaşa biləcəyini söyləmək qeyri-mümkündür. Bəziləri Baydenin bu hadisəni “soyqırımı” kimi tanıyacağı ehtimalını hər nə qədər ciddi saysalar da bugünkü dünya reallıqları deməyə əsas verir ki, ABŞ prezidentləri ənənəni pozaraq bu cür sərt qərarlar qəbul edəndə həmişə Amerika dövlətinin siyasəti zərbə altında qalıb. Necə ki, Donald Tramp Yaxın Şərqə dair bir sıra gözlənilməz qərarlar verdi və həmin qərarların ağrı-acısını bu gün ABŞ yaşayır. Düşünürəm, Amerika ictimaiyyəti və rəsmi dairələr imkan verməzlər ki, Bayden də belə bir qərar qəbul edərək ABŞ hökumətinin siyasətini türk dünyasında və bütövlükdə dünyada zərbə altında qoysun”.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Wall Street Journal” qəzeti Birləşmiş Ştatların rəsmi mənbələrinə istinadən Prezident Co Baydenin aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı edəcəyi müraciətdə “soyqırımı” ifadəsi işlədəcəyi ehtimalının böyük olduğunu bildirib. Bu addımın atılacağı təqdirdə bunun ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə vura biləcəyi istisna olunmur.