24 Aprel 2021 18:45
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçu Araik Arutunyanın Moskvaya səfər etməsi ilə yanaşı ümumilikdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir sıra müəmmalı olaylar baş verməkdədir. Bütün bu baş verənlər 44 günlük müharibədən sonra Rusiya dövlətinin iştirakı ilə imzalanan bəyanatın mahiyyətinə və məzmununa tam ziddir. Bu amil regionda sülhməramlılıq missiyasını üzərinə götürən Rusiya dövlətinin də mənafeləri ilə ziddiyyət təşkil edir.

Bu Teleqraf.com-a Siyasi və Hüquqi Strateji araşdırmalar mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O qeyd edib ki, 10 noyabr kapitulyasiya aktından sonra Ermənistanda ictimai və siyasi təlatümlər baş qaldırdı:

“Cəmiyyətin bu narazılığından Ermənistan müxalifəti və hakimiyyətə gəlmək istəyən bir sıra quvvələr öz maraqlarına uyğun istifadə etməyə çalışdılar. Paşinyan tərəfdarları da boş oturmadı. Ermənistanın daxilindəki hazırkı durum onu deməyə imkan verir ki, proseslər hakim partiyanın istəyinə uyğun cərəyan edir. Ölkədə 20 iyun tarixini növbədənkənar parlament seçkiləri keçiriləcək gün elan etməklə Paşinyan ona hava və su kimi lazım olan zamanı əldə etdi. Bu zaman ərzində həm vəzifədə olan, həm də müxalifətdə ona qarşı olan quvvələri zərərsizləşdirmək imkanı qazandı. Bu prosesin hazırda da davam etməsinə baxmayaraq qarşı tərəf də öz növbəsində ciddi müqavimət göstərir. Bu cür müqavimət həm ölkə daxilində, həm də ölkədən kənardan açıq şəkildə hiss olunur. Xüsusilə də Ermənistanın forpostu olduğu şimal qonşumuzda hadisələrə təsir göstərən quvvələr daha çoxdur”.

Siyasi şərhçi hesab edir ki, bəzi qüvvələr təhlükəli və hiyləgər addım olaraq Araik kimi terrorçunu Moskvaya qeyri-rəsmi olaraq dəvət etməklə Rusiya ilə Azərbaycan arasında münasibətləri gərginləşdirməkdə maraqlıdır:

“Digər tərəfdən də bu addım İrəvanda seçki öncəsi vəziyyətin qarışmasına və nisbətən səngiməkdə olan ixtişaşların aktiv məcraya yönəlməsinə xidmət edir. Təbii ki, bu cür dayaz neqativ addımlar Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirəcək gücdə və təsirdə deyil. Ancaq hər bir halda rəsmi Moskva bu cür həssas məqamlarla bağlı müdaxiləsini və reaksiyasını ortaya qoymalıdır. Çünki bu cür xoşagəlməz olaylar Azərbaycan cəmiyyətində haqlı narazılığın yaranmasına və ümumilikdə regionda sülhün təmin olunmasına xələl gətirə biləcək amillərdir. Həm də təkcə Azərbaycanın deyil, regionun və ümumilikdə qonşu dövlətlərin ciddi marağında olan yeni reallığın davamlılığı baxımından da qeyri-adekvat vəziyyətin yaranmasına xidmət edir. Ancaq həm bu addımın, həm də ümumilikdə regionda baş verən digər xoşagəlməz hadisələrin üçtərəfli bəyanatı təhlükə altına alacaq dərəcədə təsir imkanlarına malik olmadığı düşüncəsi var. Baş verənlərin daha ciddi vəziyyət alacağı təqdirdə 1994-cü il 12 may tarixli atəşkəs razılaşması kimi, 10 noyabr tarixli bəyanat da müzəffər Azərbaycan Ordusuna hərəkətə keçməyə mane ola bilməz. Heç bir quvvənin və heç bir sənədin Azərbaycanın dövlətçilik maraqlarını arxa plana ata biləcək gücdə olması mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər