25 Aprel 2021 19:13
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Albaniyada parlament seçkiləri keçirilir. ATƏT Parlament Assambleyasının (ATƏT PA) rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə (https://www.oscepa.org/.../osce-parliamentarians...), “ATƏT regionundan olan millət vəkilləri seçki prosesini müşahidə edərək ölkənin bütün bölgələrindəki seçki məntəqələrini ziyarət edirlər”.

Teleqraf.com-a daxil olan məlumatda qeyd olunur ki, ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri Azay Quliyev, ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri isə Reinhold Lopatkadır (Millət vəkili, Avstriya). ATƏT PA-nın nümayəndə heyəti çərçivəsində 21 ATƏT ölkəsindən 62 millət vəkili və işçi heyəti nümayəndələri göndərilərək Tirana, Durres, Vlore, Şkoder, Girokastra və digər bölgələrdə fəaliyyət göstərirlər.

ATƏT PA müşahidəçiləri ATƏT / DTİHB-nin Uzunmüddətli Seçki Müşahidə missiyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti ilə sıx əməkdaşlıqda fəaliyyət göstərirlər. Seçkilərə bir neçə gün qalmış müşahidəçilərə siyasi partiyaların nümayəndələri, seçki analitikləri və ekspertləri, vətəndaş cəmiyyəti, media nümayəndələri və uzunmüddətli müşahidəçilər tərəfindən müvafiq məlumatlar təqdim edilib.

Bu gün səhər Tirana şəhərindəki seçki məntəqələrindən birində müşahidə apararkən Azay Quliyev bildirib ki, “beynəlxalq müşahidəçi olaraq ədalətli, demokratik və maneəsiz seçki prosesi görəcəyimizə ümid edirik. Xüsusilə, Tiranadakı bəzi seçki məntəqələrində pilot layihə qismində ilk dəfə tətbiq olunan elektron səsvermə prosesinin nəticələrini görmək istərdim.”
Reynhold Lopatka qeyd etdi ki, "COVİD-19 pandemiyası problemlər yaradır, lakin müşahidəçilərin, seçicilərin və məsul şəxslərin səhhətini qorumaq üçün bütün lazımi tədbirlər görüldüyündən biz müşahidə prosedurlarını adi qaydada icra edə bilirik. Bütün müşahidəçilərimiz seçkilərdən öncə onlayn brifinqlərdə iştirak edib və COVİD testindən keçiblər”.

Xüsusi Koordinator Azay Quliyev Tirananın bir sıra hissələrində, Reynhold Lopatka isə Tiranada və Durresdə səsvermə prosesini izləyir.

Birgə beynəlxalq seçki müşahidə missiyasının nəticələri 26 aprel 2021-ci il tarixində Bakı vaxtı ilə saat 17:00-da onlayn mətbuat konfransı çərçivəsində elan ediləcək (https://www.oscepa.org/.../international-election...).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər