ABŞ adminstrasiyası anti-türk qüvvələrin oyuncağına çevrilib. Çox üzücü bir haldır ki, Amerika 300 milyonluq türk millətini öz qarşısına aldı və özü də bunu tarixi faktları saxtalaşdırmaqla, beynəlxalq hüququ tapdalamaqla etdi. Lakin bundan ən çox ziyanı da elə ABŞ-ın özünün çəkəcəyi gün kimi aydındır. Bu hal təkcə Türkiyə-ABŞ münasibətlərinin deyil eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin də daha da pisləşdirməyə səbəb olacaq. Eyni şəkildə Azərbaycan-Ermənistan münasibətlərini də pisləşdirəcək. Çünki dövlətimizin Türkiyəyə dəstəyi çox açıqdır. Dünən Azərbaycan tərəfindən olunan açıqlama da yerində verildi və Amerika idarəetməsini xəbərdar edən bir açıqlama idi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Co-Baydenin saxta “erməni soyqırımı” ifadəsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Baydenin bu addımı gözlənilən idi:
“Mən hələ Baydenin ABŞ-da prezidentlik uğrunda yarışa qoşulduğu zaman, qalib gələcəyi halda “erməni soyqırımı”nı tanıyacağını elə sizin sayta verdiyim açıqlamada demişdim. Bu baxımdan da onun ABŞ tarixində bu saxta soyqırımı tanıyan ilk prezident kimi tarixə düşməsi məni o qədər də təəccübləndirmədi. “Erməni soyqırımı” ilə bağlı özündən əvvəlki 45 ABŞ Prezidentindən fərqli mövqe ortaya qoyan Baydenin indiyə qədərki fəaliyyətinə qısa nəzər saldıqda onun bir türk düşməni olduğu açıq-aydın görünür. Bayden siyasi fəaliyyəti boyunca erməni lobbisi ilə sıx əlaqədə olub. Xüsusən bu əməkdaşlıq 80-ci illərin sonundan başlayıb. Belə ki, senator kimi fəaliyyət göstərdiyi müddət ərzində Bayden demək olar ki, erməniyönlü bütün qətnamə və qanun layihələrinin ya həmmüəllifi, ya da aktiv dəstəkçisi olub. Bayden anti-türk mövqeyini eyni şəkildə Azərbaycana qarşı da yönəlib. Belə ki, 1992-ci ildə ABŞ Konqresi Azadlığa Dəstək Aktı qəbul etdiyi zaman erməni lobbisinin Senatdakı təmsilçiləri Azərbaycan qarşı 907-ci düzəlişi təklif etdilər və bununla da ABŞ-ın SSRİ-dən ayrılan ölkələrdə iqtisadi artım və yeni iş yerlərinin yaradılması üçün dəstək verməsini nəzərdə tutan aktın yaratdığı imkanlar Azərbaycan şamil edilmədi. Həmin məlum 907-ci düzəlişin müəllifləri içərisində C. Bayden və C. Kerri də var. Baydenin ermənilərə dəstəyi bununla da bitmir. Belə ki, 1992-2008-ci illər arasında senator Bayden Ermənistan və qondarma Dağlıq Qarabağa ABŞ büdcəsindən maliyyə yardımlarının ayrılmasının ən qatı tərəfdarı kimi çıxış edib. Məhz bütün bunları göz önündə tutaraq Baydenin belə bir addım atacağını gözləyirdim”.
Politoloq hesab edir ki, Baydenin başdan ayağa erməni və yunan lobbisinin təsiri altında olduğu, elə bu səbəbədən də ABŞ-ın yeni Adminstrasiyasında çoxlu sayda erməni və yunan əsilli şəxslərin və ya erməni lobbisinə yaxınlığa ilə seçilən adamların olması danılmaz bir faktdır: “Baydenin vitse-prezident təyin etdiyi Kamala Harris də Kaliforniya ştatındandır, erməni diasporu ilə çox yaxın əlaqələrə malikdir və saxta erməni “soyqrımı” prosesində olduqca fəal şəkildə iştirak edib. Lakin kimin nə deməsindən asılı olmayaraq fakt-faktlığında qalır. Fakt isə ondan ibarətdir ki, 1915-ci ilə ermənilərə qarşı hər-hansı bir soyqırım olmayıb. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə gözəl fürsət vermişdi. Türklərə qarşı vuruşmaq üçün ermənilər həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Türkiyə erməniləri indi "Qərbi Ermənistan" adlandırdıqları Şərqi Anadoluda müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti qurulmuşdu. Qısa müddət ərzində Vanda təqribən 250 min erməni toplaşmışdı”.
Yusif Bağırzadə qeyd edib ki, ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb, müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi: “Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il mayın 28-də köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Vəssalam. Tarixi faktlar bundan ibarətdir. Və bu faktlar sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib.
Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə də məhz bunun əsas götürərək bu günə qədər arxivlərin açılması və beynəlxalq etkspertlərin də cəlb olunması ilə araşdırılmaların aparılmasının vacibliyini dəfələrlə vurğulayıb. Yadınızdadırsa hələ 2015-ci ildə Ermənistanın dünyaya saldığı haray-həşirə cavab olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinə və eyni zamanda bu məsələdə maraqlı olan digər dövlət başçılarına müraciət etdi ki, gəlin arxivləri açaq və bütün dünya cinayətkarın, xəyanətkarın və daha çox əziyyət çəkənin kim olduğunu bilsin. Ərdoğanın bu bəyanatından sonra “erməni soyqırımı” ilə bağlı çağırışlar edən dövlətlər geri çəkildilər. İlk növbədə Ermənistan arxivlərin açılmasına razı olmadı. Arxivlərin açılması və araşdırmaların aparılması ilə bağlı Türkiyə tərəfindən dəfələrlə məsələ qaldırılıb və ayrı-ayrı vaxtlarda da tarixçilər tərəfindən bu istiqamətdə müəyyən işlər görülüb. Məsələn 1925-ci ildə İngiltərə, Fransa, Macarıstan və bir sıra digər ölkələrin tarixçiləri Türkiyə arxivlərində araşdırmalar aparıblar və hər-hansı soyqırım olmadığına dair ümumi mövqe ortaya qoyublar. Daha sonra Türkiyə tərəfindən Boston arxivlərinin açılması ilə bağlı da təşəbbüslər olub. O zaman ermənilər həmin arxivlərdə işləmək üçün ezam olunmalı olan tarixçilərə vəsait ödəyə bilməyəcəyini bəhanə gətirərək bundan imtina etmişdi. Türkiyə tərəfi həmin araşdırmalar üçün 20 milyon dollar ayırmağa hazır olduğunu desə də ermənilər yenə də bundan imtina etmişdilər. Çünki bir daha təkrar edirəm, ermənilər özləri də, bu “saxta soyqırım” təəssübkeşi olan digər ölkələr də tarixdə hər hansı erməni soyqırımı olmadığını kifayət qədər yaxşı bilirlər. Uzun müddət "erməni məsələsi"nin mahiyyətini və soyqırım problemini araşdıran Stenford Şou, Bernard Levis, Xit Louri, Castin Makkarti, Günter Levi, Samyuel Uimz kimi məhşur tədqiqatçılar da öz əsərlərində belə nəticəyə gəliblər ki, Türkiyə ərazisində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməyib. Əksinə, ermənilər türklərə qarşı qırğınlar törətmişlər. Ermənilərin itkilərinin əsas səbəbi isə müharibə illərində onların türklərə qarşı əks cəbhələrdə yer almaları olub”.
Politoloqun fikrincə, tarixə nəzər salsaq görərik ki, Osmanlını “soyqırım” törətməkdə ittihan edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kambociya və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirib: “İndi belə bir tarixə malik olan ölkənin başçısının türkü soyqırımda ittiham etməsi ən yumşaq şəkildə desək riyakarlıqdır və hiddət doğurur. Əslinə baxsaq nə Ermənistanın nə də hər hansı bir digər dövlətin bu gün “erməni soyqırımı” iddiası ilə bağlı çıxış etməsi beynəlxalq hüquqa ziddir. Çünki ortada hələ 1920-ci ildə bağlanmış “Gümrü” müqaviləsi var. Həmin ilin dekabr ayının 2 dən 3-nə keçən gecə Türkiyə ilə Ermənistan arasında imzalanmış sülh müqaviləsinin şərtlərinə görə Ermənistan Türkiyəyə qarşı bütün ərazi iddialarından və eləcə də Türkiyəyə qarşı, və yaxud Türkiyənin maraqlarına zidd olan bütün fəaliyyətdən imtina edib. Başqa sözlə desək beynəlxalq hüquqa görə Ermənistanın indi belə bir iddia ilə bütün dünyaya car çəkməsi və digər hər hansı bir dövlətin də bu bu çağırışlara dəstək verməsi beynəlxalq hüquqa ziddir. ABŞ və saxta soyqırım iddiaları ilə çıxış edən digər dövlətlər isə bu cür qərəzli bəyanatlarla çıxış edərək erməni lobbisinə və diasporuna dəstək missiyasını yerinə yetirəndə unutmamalıdırlar ki, soyqırım öz ərazilərində yaşayan vətən xainlərinin cəzalandırılması deyil. Soyqırım ermənilər tərəfindən tarixin müxtəlif mərhələlərində Türkiyənin daxilində qiyamların təşkili, Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımızın kütləvi şəkildə qətlə yetirilməsidir. Soyqırım Qarabağda və Xocalıda baş verənlərdir”.