27 Aprel 2021 13:14
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin sözü beynəlxalq məhkəmə deyil. Heç bir hüquqi məsuliyyəti yoxdur. Verilmiş çoxsaylı bəyanatlardan biridir. Təəssüf ki, qondarma erməni “soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrilib. Zaman-zaman qardaş Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Bu gün də bu proses davam edir. 106 il əvvəl baş verən hadisələrin araşdırılmasına səy göstərməyənlər, tarixi faktları görmək və eşitmək istəməyənlər bu gün saxta “soyqırımI” tanımaqla ədalətsiz və ikili standartlar siyasətini davam etdirirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, ABŞ prezidenti Co Baydenin “soyqırımı" ifadəsi işlətməsi 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdidir:

“Bununla faktiki dünyanın fövqəlgücü tərəfindən tarixi həqiqətlərin təhrif olunduğunu görürük. Ermənilər bu illər ərzində dünya ictimaiyyətini uydurma iddiaya inandırmağa çalışıb. Təəssüf ki, 100 il əvvəl baş verən olayları təhrif edənlər 29 il əvvəl məhz terrorçu Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı görməzdən gəlirlər. Eyni zamanda erməni millətçilərinin Mərkəzi Anadoluda törətdikləri qətllər də undulmayıb. Bəzi siyasətçilər isə bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər. Bu gün açıq şəkildə tarixin saxtalaşdırılaraq, siyasi məqsədlər üçün istifadə edildiyinin şahidiyik”

Könül Nurullayeva qeyd edib ki, hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan qardaş Türkiyənin yanındadır:

“Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da birmənalı dəstək ifadə olunub. Liderlərin söhbət zamanı vurğuladıqları kimi, Baydenin bu bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur. Bu isə bir daha göstərir ki, regionda sabitlik və əməkdaşlıq, dayanıqlı sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələr var. Elə bu səbəbdən Cənubi Qafqazda “status-kvo” vəziyyəti dəyişməz olaraq qalırdı. Yəni, görünən budur ki, özlərini sülh tərəfdarı kimi təqdim edən əksər ölkələrin bu mövqeyi sülhün qorunmasına mane olan başlıca səbəbdir. Rəsmi Ankara haqlı olaraq bəyan edib ki, kəlmələr tarixi dəyişdirə bilməz, yenidən yaza bilməz. Tarixi dəyişmək mümkün deyil. Bu gün biz ABŞ-ın timsalında siyasi fürsətçiliyin sülh və ədalətə qarşı ən böyük xəyanət olduğunu görürük. Bu mövqe tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər