3 May 2021 14:21
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasi" ictimai birliyi buraxılıb. Bundan sonra “Qarabağa dönüş” ictimai birliyi kimi fəaliyyətini davam etdirəcək. Bu, zəruri bir addım idi. Çünki artıq "Dağlıq Qarabağ münaqişə" termini tarixə qovuşub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Vətən müharibəsindən sonra yeni reallıq yaranıb:

“Artıq “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Tam yeni reallıqda bu ictimai birlik öz fəaliyyətini Qarabağa dönüş istiqamətində quracaq. Artıq bu mərhələdə yeni prioritetlər formalaşıb. Bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələdə inkişaf edəcək. İcmanın yaydığı bəyanatda da bu amil açıq şəkildə qeyd olunub. Təşkilat bundan sonrakı fəaliyyətini Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük qayıdışa, Qarabağın dirçəldilməsinə yönəldəcək”.

Könül Nurullayevanın sözlərinə görə, “Qarabağa dönüş” adı ilə fəaliyyəti davam etdirmək, əslində, çox məsuliyyətli, həm də şərəfli bir missiyanın davamı deməkdir:

“İcma torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı bütün həqiqətləri dünyaya çatdıra bilib. 1 milyondan çox azərbaycanlının ata-baba yurdundan qovularaq etnik təmizləməyə və soyqırıma məruz qalması beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Həmçinin mədəni və dini irsimizin sistematik şəkildə dağıdılması, Ermənistanın işğalçı siyasəti açıq şəkildə ifşa olunub. Bu istiqamətdə aktiv fəaliyyət aparılıb. Hətta icma dəfələrlə vətəndaş cəmiyyətləri arasında dialoqun və etimad mühitinin formalaşması cəhdlər edib”,

Millət vəkili Ermənistanın dialoq məsələsində də destruktivlik nümayiş etdirərək, cəmiyyətlər arasında sağlam dialoqun formalaşmasına mane olduğunu qeyd edib:

""Qarabağa dönüş" İctimai Birliyi yenə əsl həqiqətləri dünyaya çatdırmaq siyasətini davam etdirəcək. Münaqişə bitsə də, bəzi reallıqları daim gündəmdə saxlamaq və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. “Qarabağa dönüş” İctimai Birliyi bu gün də bəyan edir ki, çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Azərbaycan hər zaman məsələyə konstruktiv yanaşıb. Ölkəmiz bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərpa olunmasında, cəmiyyətlər arasında sağlam münasibətlərin qurulmasında maraqlıdır. “Qarabağa dönüş” İctimai Birliyinin fəaliyyəti “Böyük Qayıdış”a müsbət töhfə verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər