6 May 2021 13:49
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vətəndaşların dini etiqad azadlığı onlara tanınan konstitusion hüquqdur. Bu gün dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız öz dini ritual və mərasimlərini azad şəkildə yerinə yetirə bilirlər. Biz Azərbaycanın multikultural ölkə olduğunu deyərkən bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcud olmasını və onların birgəyaşayış qaydası, yaxud həyat tərzi olduğunu ifadə etmiş oluruq. Ona görə də “Qazançı” kilsəsinin təmir olunması və ibadətə hazır vəziyyətə gətirilməsi ölkəmizin dini və irqi fərq qoymadan bütün vətəndaşlara bərabər yanaşmasının göstəricisidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, məsələnin yalnız bir tərəfidir:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanda mövcud olan xristian dini abidələrin mütləq əksəriyyəti başqa bir xalqa deyil, elə bizim xristian əcdadlarımıza məxsusdur. Axı biz IV-VII əsrlərdə xristian dinini hətta dövlət səviyyəsində qəbul etmiş xalqıq. Bu bizim qüsurumuz deyil, tam əksinə dinə mütərəqqi yanaşmamızdır. IV əsrdə islam din kimi mövcud deyildi. Ona görə də biz dini ideologiya kimi xristianlığı mənimsədik. 650-ci ildən sonra isə islam dinini qəbul etdik. Hazırda adından da göründüyü kimi “Qazançı” kilsəsi xristian türklərin, yəni xristian əcdadlarımızın bizə qalan mirasıdır”.

Hikmət Babaoğlu qeyd edib ki, sonralar haylar Azərbaycana köçürülərkən bizim xristian abidələrimizə sahib çıxmaqla dini tariximizi də saxtalaşdırıblar:

“Ona görə əslində biz həm dini tolerantlıq nümunəsi kimi həmin abidələrə öz münasibətimizi onları bərpa etməklə göstərir, həm də xristian mədəniyyətinə ehtiram etdiyimizin nümunəsini ortaya qoyuruq. Qoy bu fərqli mədəniyyətləri xor görənlərə bir dərs olsun”.


Müəllif: Səxavət Həmid