8 May 2021 17:46
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı 8 may tarixini bir qürur hissi və baş ucalığı ilə qarşılayır. Çox təəssüf ki, 1992-ci ilin bu günündə Azərbaycanın Şuşa şəhəri ermənilər tərəfindən işğal edilib. Bu həmin dövr hakimiyyətinin bacarıqsızlığı, bir sıra şəxslərin satqınlığı, situasiyanı düzgün qiymətləndirmək qabiliyyətinin olmaması ilə bağlı idi. Eyni zamanda Ulu öndər Heydər Əliyevin təcrübəsinin və məsləhətlərinin nəzərə alınmaması nəticəsində bu hallar baş verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, sonradan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi Şuşa məsələsini daha da qəlizləşdirdi:

“Düşünülmüş və ağıllı siyasi fəaliyyət nəticəsində 8 noyabr 2020-ci ildə Şuşada yenidən Azərbaycan bayrağı dalğalandı. Hər bir azərbaycanlı özünün Şuşaya sevgisini müxtəlif formada bariz şəkildə nümayiş etdirdi. Hamımızın yadındadır ki, küçə və meydanlarda milyonluq izdihamlar cənab Prezidentin “Şuşa sən azadsan, biz qayıtmış, biz səni dirçəldəcəyik” sözlərini dəstəkləməsi ilə tarixə düşdü. Zəfər günündən sonra elə bir an olmur ki, Şuşanın bərpa işləri ilə bağlı yeni bir xəbər eşitməyək. Ötən gün cənab Prezidentin Sərəncamı ilə Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı elan edildi. Şuşanın buna haqqı çatır. O bizim qürur ünvanımızdır. Şuşa tariximizin, mədəniyyətimizin, kimliyimizin nişanəsidir. Bu şəhərin dünyanın ən mükəmməl irsi toplanan şəhərlər sırasında böyük cəsarətlə adını vurğulamaq olar”.

Deputat hesab edir ki, işğaldan azad olunan bütün ərazilərin, o cümlədən Şuşanın bərpa edilməsi qarşıda duran əsas vəzifədir:

“Bu gün Şuşanın bərpası yüksək sürətlə davam edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Xarı Bülbül Müsiqi Festivalının keçirilməsi gözlənilir. Bərpa işlərinin tam başa çatmasına baxmayaraq, bu festivalın keçirilməsi Şuşaya sahibliyimizin, azad etməyimizin, Qələbə hissini göstərmək üçün böyük bir əhəmiyyət kəsb edir. Şuşa azad ediləndən və 10 noyabr sazişindən sonra artıq Qələbə sevinclərini qeyd edirik. Vətən müharibəsinə qədər vaxtaşırı bu və ya digər bölgəmizin itkisi il dönümünü qeyd edirdik. Artıq o illər geridə qaldı”.

Aydın Mirzəzadənin fikrincə, Şuşanın azad edilməsi Azərbaycanın fəxarəti qalibiyyəti idi:

“Azərbaycan bunu bütün dünyaya göstərdi. Bu qalibiyyətin müəllifi və baş icraçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Hər bir azərbaycanlı Onu fateh kimi qəbul edir. Onun vətən üçün etdikləri hər birimizin ürəyindən xəbər verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər