Siyasətlə məşğul olan hər kəs bilir ki, ABŞ və Fransanın Azərbaycana münasibəti birmənalı olmayıb. ATƏT-in Minsk qrupunda təmsil olunan bu ölkələr 30 ilə yaxın müddətdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe sərgiləməyiblər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan BMT-nin qətnamələrini, ərazi bütövlüyü ilə bağlı qərarlarını təkbaşına icra edib: “Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə beynəlxalq hüququn təmin olunmasından bəzi dövlətlər narahatlıq keçirir. Artıq bir çoxları ermənipərəst siyasətlərini açıq şəkildə büruzə verməyə başlayıb. Bu məsələdə ermənidən çox erməni olan Fransadır. Fransa senatının sədrinin Ermənistana səfəri və bu ölkənin prezidentinin davranışları hər kəsə bəllidir”.
Deputat söyləyib ki, ABŞ və Fransada siyasi elitanın erməni lobbisinin təsiri altına düşməsi təəsüf doğurur: “Hətta fransız xalqı prezident Emmanuel Makronun ermənilər üçün canfəşanlığına açıq etiraz edir. Bu Fransa xalqının ümumi mövqeyi kimi də dəyərləndirilə bilər. Görünən odur ki, Fransanın mövcud hakimiyyəti erməni lobbisinin təsiri altındadır”.
Aqil Məmmədova görə, Azərbaycan regionda yeni reallıq yaradıb: “Bu gün öz ambisiyaları naminə erməni lobbisinin diktəsi ilə oturub-duranlar gec-tez əsl həqiqəti dərk edəcək. Çünki artıq sadə ermənilər də Azərbaycanın öz tarixi torpaqlarına, Zəngəzura qayıdışını bilir və bunu etiraf edir. Bu, yeni, dəyişməz reallıqdır. Ona görə də, Ermənistan üçün yeganə çıxış yolu əməkdaşlıqdan keçir. Digər yollar Ermənistana acı sonluq gətirəcək”.