Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində İtaliyada səfərdə olub.
Teleqraf.com-un məlumatına görə, səfərlə bağlı təəssüratlarını “Xalq cəbhəsi” qəzeti ilə bölüşən millət vəkili qeyd edib ki, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ruhuna uyğun olaraq, iki ölkə arasındakı münasibətlər inkişaf etməkdədir:
“Xatırladım ki, İtaliya həm də Minsk qrupunun üzvü, “Böyük yeddiliyə” daxil olan ölkədir. Sahibə xanımın səfəri, əminəm ki, İtaliya ilə münasibətlərimizin inkişafına ciddi töhfə verəcək. İtaliya bizə dost ölkədir və həmişə Azərbaycanın haqq işini dəstəkləyib. Səfər zamanı İtaliya Senatının sədri xanım Kasellati ilə, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Maio ilə, həmçinin həmin nazirliyin dövlət katibi və Azərbaycanla hökumətlərarası komissiyanın sədri Manlio Di Stefano ilə, Deputatlar Palatasının sədri Roberto Fiko və İtaliya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirildi. Bundan başqa Azər Kərimli ilə mənim İtaliya parlamentindəki dostlarımızla masa arxasına qeyri-rəsmi görüşümüz oldu. Görüşlər zamanı Sahibə xanım bizim İtaliya ilə dostluğa verdiyimiz dəyərdən, əməkdaşlığımızın müxtəlif aspektlərindən, xüsusilə də Ermənistanın təxribatçı davaranışlarından danışdı, qarşı tərəfə geniş məlumat verdi, İtaliyanı Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini daha fəal şəkildə dəstəkləməyə çağırdı. Azərbaycan Respublikası Prezidentinin və birinci vitse-prezidentin dostluğumuza verdiyi yüksək qiymətdən, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasının böyük perspektivlərindən danışdı.
Yeri gəlmişkən mən İtaliya -Azərbaycan münasibətlərinin inkişafında xüsusi xidmətləri olan dostluq qrupunun sədri Azər Kərimlinin və səfirimiz Məhəmməd Əhmədzadənin fəaliyyətini də qeyd etmək istəyirəm. Pandemiya zamanı səfər etməyin xeyli çətinlikləri olsa da, düşünürəm ki, bu tipli səfərlərə hazırda böyük ehtiyac var. Çünki Ermənistan, dünya erməniləri və onların havadarları beynəlxalq miqyasda Azərbaycana qarşı böyük bir informasiya savaşı başladıb”.