Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda növbəti müzakirələr keçirilib. Müzakirələrdə cənab Prezident İlham Əliyev mühüm istiqamətlərdəki mövzularla bağlı önəmli mesajlar səsləndirib. Dövlət başçısı dünən xüsusi olaraq Ermənistanla əməkdaşlığa dair yeni təkliflərini də irəli sürüb. Bununla dünya Azərbaycanın qonşu dövlətlərlə ərazi bütövlüyünə hörmət etməklə, mehriban qonşuluq şəraitində yaşamaq əzmini bir daha gördü. Artıq Azərbaycanla Ermənistan arasında müharibə, hərbi qarşıdurma mövcud deyil. Tərəflərin bir-biri ilə mehriban yaşamaqdan başqa çıxış yolu da yoxdur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından müharibə yolu ilə qovulması bu ölkədə müəyyən dairələri hələ də razı salmır: “Onlar hələ də revanşist hisslərlə yaşayır. Amma bununla belə Ermənistanda da artıq müəyyən realist fikirlər səsləndirilməyə başlayıb. Bu hələ tam deyil. Münasibətlərin tam səviyyədə qurulması üçün də yetərli hesab olunmur”.
Deputat hesab edir ki, Azərbaycan nəinki kommunikasiyaların açılması Ermənistanla digər məsələlərdə də qarşılıqlı konstruktiv əməkdaşlıqda maraqlıdır: “Eyni zamanda Azərbaycan Ermənistanla böyük sülh müqaviləsi imzalamağa hazırdır. Birgə iqtisadi layihələrin reallaşması, mehriban qonşuluqda növbəti addımların atılması da mümkün ola bilər”.
Aydın Mirzəzadəyə görə, Azərbaycan növbəti dəfə qarşı tərəfə öz mesajını və təklifini bildirib: “Növbəti cavab Ermənistandadır. Arzulanan odur ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətə gələn siyasi qüvvə Azərbaycanın verdiyi təkliflərə məhsuliyyətlə yanaşsın. Onlar bunun ilk növbədə Ermənistanın maraqlarına cavab verməsinin fərqində olmalıdır”.