24 May 2021 09:45
3 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1992-ci ilin martında Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə ermənilər çalışırdı ki, Qarabağ bizim ərazi kimi qəbul edilməsin”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Qaragöl ətrafında yaranan vəziyyət, İrəvanın Azərbaycanı təxribatlara çəkmək istəyi, Zəngəzur dəhlizi və digər mövzularda Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Ayaz müəllim, Azərbaycan Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesini həyata keçirir. Görünən budur ki, Ermənistan tərəfi maneə yaradır, hər vəclə bu prosesi yubatmağa çalışır. Siz durumu necə qiymətləndirirsiniz?

- Hadisələrin gedişatı göstərir ki, indiki durum ermənilərə sərf etmir. Çünki 30 ilə yaxın bir müddət ərzində onlar qeyri-qanuni şəkildə zəbt etdikləri Azərbaycan ərazilərində ürəkləri istədiyi şəkildə yaşayıb, torpaqlarımızı istismar ediblər. İndi də öz ənənələrinə sadiq qalaraq hay-küy salıb dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdürlər. Ancaq mən deyərdim ki, nahaq yerə özlərinə ümid verməsinlər. Artıq bu torpaqların əsl sahibləri qayıdıb və əbədi olaraq bu ərazirilərimiz bizdə qalacaq!

- Ermənistanın Azərbaycan ordusunun guya onun ərazisinə daxil olması bəhanəsi ilə Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək istəməsi müşahidə edildi. Lakin bu qurumların heç biri İrəvana dəstək vermədi. Əvəzində Fransa hökumətinin Ermənistanı açıq dəstəklədiyinin şahidi olduq. Yaranan situasiyada Rusiya və Fransanın davranışları necə şərh edilə bilər?

- Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin, yardım istəsin xeyri yoxdur. Zatən şikayət etmək onların qanındadır. Beynəlxalq qanunlar, hüquq bizim tərəfimizdədir. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə də Ermənistan çox çalışdı ki, buna maneə yaratsın. Xüsusilə, Qarabağın bizim ərazimiz kimi qəbul olunmasına qarşı idilər, ancaq xeyri olmadı. Bütün dünya Qarabağı və digər əraziləri Azərbaycan dövlətinin ərazi vahidi kimi tanıdı və qəbul etdi. İndi də bu belədir. Ona görə də KTMT-yə və yaxud da hər hansı bir quruma şikayət etməyin mənası yoxdur, əksinə, bu, erməni xalqı üçün əlavə vaxt itkisidir. Ora-bura zəng etməkdənsə Azərbaycanın, onun prezidentinin güclü olduğunu qəbul edərək kömək istəsəydilər, onlar üçün daha sərfəli olardı. Hələ də xəyallar aləmində fikirləşirlər ki, kimsə Azərbaycanı tutduğu yoldan döndərəcək. Bir şeyi dərk etmirlər ki, Azərbaycan xalqı, əsgəri 30 il keçsə də nəinki torpaqların itkisi ilə barışmadı, əksinə artıqlaması ilə geri qaytardı. Onsuz da gec-tez buna gələcəklər.

- Ermənilərin Qaragöl ətrafında yaranan vəziyyətdən sui-istifadə halları ortaya çıxdı. O dövrdə siz ölkəyə rəhbərlik edən əsas şəxslərdən biri olmusunuz. 1987-ci ildə Qaragölün Azərbaycan hökuməti tərəfindən dövlət qoruğu elan olunması haqda qərar barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Siz Qaragöl haqqında, erməni tərəfinin ona iddia etməsinə dair hansı məlumatlara maliksiniz?

- Qaragöl və onun ətrafındakı ərazilər tarixən Azərbaycan torpaqları olub, olacaq da. Ora bizim yaylaqlarımız olub. Laçında yaşayan camaat təsdiq edər ki, hər il yay aylarında Qaragölə yaylağa çıxardılar. Ümumiyyətlə nəinki Qaragöl, bütövlükdə Zəngəzur, Zəngibasar, Vedibasar, İrəvan xanlığı tarixən bizim əzəli torpaqlarımızdır. Bunu bütün dünya tarixçiləri gözəl bilir.

- Ayaz müəllim, necə düşünürsünüz, 44 günlük müharibə ilə biz Qarabağ məsələsini həll etdikmi, yoxsa həll olunmayan ocaqlar hələ də var?

- Təbii ki, 44 günlük müharibə kimin kim olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa arzu edirik. Azərbaycan əsgəri 30 ildən sonra tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ordumuz BMT-nin qətnamələrini həyata keçirib. Bu nə deməkdir? 30 il bundan əvvəl BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun qəbul etdiyi qətnamələr havada qalmışdı. Bu da həmin quruma baş ucalığı gətirmirdi. Azərbaycan xalqı təkbaşına beynəlxalq ictimaiyyətin köməyi olmadan, öz resursları hesabına bu qətnamələri reallaşdırdı. Bundan artıq nə istəyirlər!? Biz tarixi haqq-ədaləti bərpa etmişik. Heç kimin bizə bu işdə irad tutmağa haqqı yoxdur, ola da bilməz.

Ermənilərə gəldikdə, onlar bu acı reallığı həzm etmək iqtidarında deyillər. Təxribat xarakterli əməllərini davam etdirəcəklər. Buna görə də biz xalq olaraq gözüaçıq olmalıyıq. Təxribatlara getməyərək 44 günlük müharibə zamanı göstərdiyimiz birliyi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik. Ermənilər isə ərköyünlük etməməlidir, artıq zaman keçib və reallıqla hesablaşmaq lazımdır. İstər hüquqi, istər siyasi, istər iqtisadi, istərsə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparacaq potensiala malik deyillər. Hətta yaxın on illiklərdə rəqabət aparacaq halları da yoxdur.

- Zəngəzur dəhlizinin açılması regiona hansı dividentlər gətirəcək?

- Sözsüz ki, Zəngəzur yolunun açılmasının xeyri var. Ən əsası Naxçıvanla digər ərazilər arasında yaradılmış bu süni maneə aradan qalxacaq. Xalqımız Naxçıvana gedib-gəlməklə bağlı üzləşdiyi əziyyətdən xilas olacaq.
Dəhlizin açılmasının iqtisadi dividentləri də olacaq. İqtisadi cəhətdən regionun bütün ölkələri üçün sərfəli bir tranzit yoludur. Hamı bundan faydalana biləcək. Hesab edirəm ki, yaxın zamanlarda dəhlizin açılmasına nail olacağıq.

- Azərbaycan və Ermənistan arasında bundan sonra normal münasibətlərin yaranmasına nə dərəcədə inanırsınız?

- Ermənilər bizimlə normal münasibət qurmaq məcburiyyətindədir. Həmçinin qardaş Türkiyəyə qarşı absurd ərazi iddialarından əl çəkməlidirlər. Bu, yalnız onların öz xeyrinədir. Ermənistan öz iqtisadiyyatını dirçəltmək, xalqını dolandırmaq istəyirsə buna getməlidir. Onlarda da müəyyən konstruktiv siyasətçilər var ki, buna getməyin zəruri olduğunu dərk edirlər. Azərbaycanın ermənilərə qarşı heç bir iddiası yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi indiki Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb. Ermənistan öz gələcəyinə görə ekstremizmdən əl çəkməlidirlər. Əks halda bu, onların zərərinə gətirib çıxaracaq.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər