29 May 2021 14:36
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistan sərhədində baş verən gərginlik təəssüf hissi yaradır. Çünki son baş verənlərdən erməni tərəfi heç bir nəticə çıxarmayıb. 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb, təcavüzkar siyasətini həyata keçirən Ermənistan hələ də bu yanlış siyasətindən əl çəkmək istəmir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi: “Ermənilərin özləri haqqında uydurduğu mif tamamilə darmadağın oldu. “Məğlubedilməz ordu” adlandırdıqları erməni silahlı birləşmələrinin bu gün rəsmi qeydiyyatda 10 mindən artıq fərarisi var. Müharibə vaxtı isə bir o qədər sayda da erməni əsgəri məhv edilib. Ağır məğlubiyyət Ermənistanı kapituliyasiya aktına imza atmağa məcbur edib. Amma buna baxmayaraq işğalçı ölkədə hələ də revanşist hisslərlə yaşayan qüvvələr mövcuddur”.

Millət vəkili hesab edir ki, zəhərlənmiş erməni cəmiyyəti bu bəladan xilas olmaq istəmir: “Onlar başqasının torpağında özlərinə xoşbəxtlik arzulayır. Yüz illiklərdir ki, erməni cəmiyyətini bu xəstə təfəkkürlə idarə ediblər. Amma bunun da acı sonluqlarını qəbul etmək istəmirlər. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın düşdüyü ağır məğlubiyyətin şoku hələ də davam edir. Erməni cəmiyyəti bu gün çıxılmaz bir vəziyyətdədir. 10 illiklərdir ki, onlara deyilən yalan vədlərin mənasızlığı üzə çıxıb. Amma bunların fonunda işğalçı ölkədə hələ də öz xəstə təxəyyüləri ilə yaşayan, Azərbaycan dövlət sərhədlərinə qarşı təxribatlara rəvac verən qüvvələr mövcuddur. Bir neçə gündür Ermənistan Azərbaycan dövlət sərhəd xətti boyunca erməni tərəfinin təxribatları məhz daxili auditoriyada özləri haqqında yeni bir mif formalaşdırmağa hesablanıb”.

Ceyhun Məmmədova görə, 20 iyunda Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi qüvvələr arasında ciddi qarşıdurma yaşanır: “Məhz bu qarşıdurma Azərbaycanla dövlət sərhəd xətti boyunca özünü daha açıq biruzə verir. 10 noyabr razılaşmasına imza atmış bir dövlətin belə bir təxribatlarda iştirakı onun üçün sonradan böyük problemlərə yol aça bilər. Ermənistanda ağlı başında olan hər kəs əldə olunmuş razılaşmalara ciddi əməl etmək haqqında düşünməlidir. Əks halda düşəcəkləri duruma görə heç kəsi ittiham edə bilməyəcəklər. Çünki üçtərəfli razılaşmada Azərbaycan, Rusiya prezidentlərinin və erməni baş nazirinin imzası var. Rusiya prezidenti Vladimir Putin də Ermənistanın əldə olunmuş razılaşmadan imtinasını özləri üçün intihar adlandırıb. Məhz belə bir faktlar ortada olduğu halda Ermənistanda hansı məntiqin nəticəsi ilə təxribata əl atılır? Sözsüz ki, erməni tərəfinin sərhəd xətti boyunca təxribatları da cavabsız qalmır. Ötən gün 6 erməni diversantı təxribat törədərkən zərərsizləşdirilərək saxlanılıb. Növbəti belə təxribatların isə qarşılığı ermənilər üçün daha pis ola bilər. Ona görə də, onlar atacağı hər bir addımın yaradacağı sonluğu düşünsələr daha yaxşı olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər