Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, hazırda Ermənistanda seçki təlatümü yaşanır. “Qarabağ klanı” və yaxud Qərbin adamının səs almaq imkanları necə proqnozlaşdırıla bilər?
- Ermənistanda seçki öncəsi edilən manevrlərin elə bir ciddi əhəmiyyəti yoxdur. Əsas erməni cəmiyyətinin rəyi üstün götürülməlidir. Cəmiyyətin rəyi də əgər müəyyən dərəcədə təzadlı və mənfidirsə, hər hansı bir şəkildə bu insanların müəyyən dəstək almaq imkanları da azalır. Ermənistan cəmiyyətində düşündüyümüz xəstəlik hələ də hökm sürür. Bu cəmiyyət yeniləşməyə maraq göstərmir. Ona görə də belə bir vəziyyətdə hər hansı bir dəyişikliyə ümid etmək olmaz. Azərbaycan tərəfi də bu yanaşmalara müvafiq öz işini aparmalıdır.
- Bəyanatdan irəli gələn məsələlərin həlli hansı formada tələb edilməlidir?
- Azərbaycan öz işini həyata keçirərkən Ermənistanın indiki şəraitdə bəyanatın tələblərinə necə əməl etməsi üzərində məcburiyyətimizi də artırmalıyıq. Çünki bu tarixi fürsəti buraxmış olsaq, sonrakı dövrdə Ermənistanı bu prosesə cəlb etmək müəyyən dərəcədə çətin olacaq. Mümkün o olacaq ki, Azərbaycan bunu yenidən hərbi yolla icra etdirsin. Bu da indiki şəraitdə arzu olunan bir hal deyil. Vəhşi bir topluma görə azərbaycanlının qanını axıtmaq, qurban vermək heç bir məntiqə sığışmır. Bir var ləyaqətli bir millətlə savaşasan. Bir də var ki, vəhşi, şərəfsiz hər şeyini ancaq bir xəstə təfükkürə qurban vermiş bir millətlə müharibə aparasan...Ona görə də bizim üçün arzuolunan variant odur ki, dinc yolla bu məsələlərin icrasına nail olaq. Proseslərin gedişi bir daha onu göstərəcək ki, erməni cəmiyyəti hansı kursun tərəfdarı olacaq. Bu kurs Azərbaycanın istədiyi istiqamətdə gedərsə, o zaman müəyyən dərəcədə bu prosesləri irəli aparmaq mümkün olacaq.
- Paşinyanın Rusiya və KTMK-dən narazı fonda Fransanın hərbi və psixoloji yardımına bəslədiyi ümid özünü doğrulda bilər?
- Əslində bu hallar Azərbaycanın xeyrinə olan məsələlərdir. Çünki Fransanın bu işə müdaxilə etməsi digər aktorların müəyyən dərəcədə problemlərin həllinə yönəlməsinə səbəb olacaq. Bu da Türkiyə, Rusiya amili ilə bağlıdır. Hər hansı bir şəkildə əgər belə bir addım atılacaqsa, bu, heç də xoş qarşılanmayacaq. Buna dekvat addımları Azərbaycan, Türkiyə və Rusiya atmalı olacaq.
- Makronun sona qədər "Paşinyanın arxasındayıq" deməsini, sərhəddəki təxribatları qarşılıqlı mübarizə fonunda olan siyasi manevr kimi dəyərləndirmək mümkündürmü?
- Cəbhədəki təxribatlar Ermənistanın bütövlükdə bu prosesdən kənarda qalmasına görə baş verir. O, özünü prosesin iştirakçısı kimi göstərmək istəyir. Elə bir görüntü yaratmağa çalışır ki, o öz sərhəddini qoruyacaq, problemləri həll etməyi bacaracaq bir qüvvədir. Amma bu, artıq gec bir yanaşmadır. Ona görə də Rusiyanın hər hansı bir formada Ermənistan parlamentində adam yerləşdirməsinə ehtiyacı yoxdur. Çünki Rusiya Ermənistan iqtisadiyyatına, hərbi sisteminə sahib dövlətdir. Bu baxımdan Rusiyanın seçkidə hər hansı bir surprizə ehtiyacı yoxdur.
- Delimitasiya və demarkasiya məsələsində Ermənistanın səsləndirdiyi fikirlərə qarşı hansı arqumentlər güclənməlidir?
- Ermənistan üçün xəritə məsələsi bir bəhanədir. Əraziləri birmənalı şəkildə dəqiq göstərən sovet dövrünün xəritələri var. Bunun əsasında da proses gedir. Ermənistanın bəhanələri ciddi olsaydı, Rusiya bu məsələyə müdaxilə edərdi. Bununla da bu iddialarının müəyyən dərəcədə əsaslı olduğunu göstərməyə çalışardı. Rusiyadan belə bir tələb gəlmirsə, demək Azərbaycanın mövqeyi haqlıdır. Ona görə də bu istiqamətdə tələblərimiz davam etməlidir.