5 İyun 2021 01:47
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada günlərdir müzakirə edilən məsələdə nəticə məlum oldu: rasizm qələbə çaldı deyə bilərik.

19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis azaldıqdadır. Nə baş verir? Qatil polis olduğu üçün, yoxsa miliyyətcə rus olduğu üçün azadlığa buraxıldı?

Bu sualların cavabını proseslərin inkişafında tapmaq mümkündür.

Rusiyanın Novosibirski şəhərində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev yol-hərəkət qaydalarını pozduğu üçün yol polisləri tərəfindən saxlanılıb. Adi yol-hərəkət qaydasının pozulmasına baxmayaraq, V.Abdullayev polis tərəfindən zorakılığa məruz qalıb. Daha sonra yol polusi əməkdaşı Aleksandr Qusev tapança ilə gənc azərbaycanlını qətlə yetirib.

Rusiya İstintaq Komitəsinin iddiasına görə, hadisə polisin ehtiyatsızlığı ucbatından baş verib. Halbuki, videokadrlarda polisin azərbaycanlı gəncə qarşı açıq zorakılıq etdiyi, daha sonra tapançanı başına dirədiyi aydın görünür. Qətl hadisəsi də məhz bu cür baş verib: polis əməkdaşı Aleksandr Qusev tətiyi çəkərək, 19 yaşlı azərbaycanlının başından vurur, V.Abdullayevi öldürür.

- Polis əməkdaşı adi yol-hərəkət qaydasının pozulmasına görə niyə belə zorakılıq törədib?
- Vəkil Abdullayev silahsız olduğu və heç bir təhlükə yaratmadığı halda niyə tapança onun baş nahiyəsinə tuşlanmışdı?

Açıq qalan suallar istintaqın da ədalətli aparılmadığını və polisin müdafiə olunduğu fikrini gücləndirir.

Qatil Aleksandr Qusevə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 1-ci bəndinin 118-ci və 109-cu maddəsilə ittiham irəli sürüldü və haqqında 2 aylıq həbs qərarı çıxarıldı.

Daha sonra sosial şəbəkələrdə qatil Aleksandr Qusevə dəstək üçün petisiya yaradıldı. Petisiyada bildirilirdi ki, “Aleksandr Qusevi azadlığa buraxmağı, istintaqın diqqətli aparılmasını, polis əməkdaşına müqavimət göstərənlərin məsuliyyətə cəlb olunmasını tələb edirik”.

Bu kampaniyadan sonra qatil polisə qarşı cinayət tədqiqatı dayandırıldı, daha sonra azadlığa buraxıldı. Buradan iki nəticə çıxır.

Birincisi, Rusiya hüquq sistemində ciddi problemlər var, bu hadisə problemlərin bir daha üzə çıxardı;
İkincisi, qətl hadisəsinn ört-basdır edilməsi, qatil polisin azadlığa buraxılması siyasi, ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğunu nümayiş etdirdi;

Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğu da bu hadisə ilə gün üzünə çıxardı. Hətta rasizm daha yuxarı səviyyələrdə və hüquq sistemində mövcuddur.

Qatil polisin müdafiəsi məqsədilə təşkil edilən kampaniyanın motivləri də rasizmin təzahürü idi.

“Russia Today” telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina və onun kimilərin qatil polisə dəstək verməsi, qatilin azadlığa buraxılmasını tələb etməsi Rusiyada rasistlərin xalqın adından danışmaq səlahiyyəti əldə etməyə can atdığını göstərir. Belələrinin millət vəkili olması qanunverici orqana hörmətsizliyin bariz nümunəsidir.

Rasizmin nəticəsidir ki, 19 yaşlı azərbaycanlı V.Abdullayev qətlə yetirildi, onun qatili azadlığa buraxıldı, hadisə zamanı orada olan V.Abdullayevin qardaşı və dostu həbs olundu. Halbuki, həbsə qatil polis Aleksandr Qusev olmalı idi. Görünür, rasizm düşüncəsi Rusiyada yüksək dairələrdə himayə olunmağa başlayıb.

Bu hadisədə təəssüf doğuran məqamlardan biri Vəkil Abdullayevin vətəndaşı olduğu Gürcüstanın məsələyə heç bir reaksiya verməməsidir. V.Abdullayev azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır və məsələyə reaksiya məhz rəsmi Tbilisidən gəlməli idi. Gürcüstan tərəfi hələki susur, hərçənd, gözləntilərimiz var.

Rəsmi Tbilisi bu məsələni beynəlxalq təşkilatların gündəminə gətirəcəkmi?

Gürcüstanın günahsız yerə qətlə yetirilən vətəndaşının qatilinin azadlığa buraxılmasına laqeyd yanaşması nə hüquqi, nə də dövlət anlayışına uyğun deyil.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər