7 İyun 2021 19:51
3 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, “Dəmir yumruq” siyasəti nəticəsində erməni ordusu və dövləti elə bir duruma düşüb ki, yaxın perspektivdə bu ordu və dövlətin özünə gələrək, Azərbaycana qarşı addımlar atacağı mümkün deyil. Eyni zamanda, bölgəyə investisiya yatıran Qərb, Çin və digər region dövlətləri də bu müharibənin başlamasında maraqlı olmamalıdır. Çünki bölgədə geosiyasi əhəmiyyətli layihələrin həyata keçirilməsi, regionda stabillik və təhlükəsizliyin təmin olunmasını tələb edir. Güman edirəm ki, əgər varsa, bunu Ermənistandakı sağlam düşüncəli insanlar da başa düşürlər”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Neçə gündür Kəlbəcərdə iki jurnalistimizin həlak olması ilə yadda qalan olay müzakirə olunur. Sizin baş verənlər haqda fikriniz nədir: işlək yola minanı iddia olunduğu kimi Rusiya sülhməramlılarının müşayiəti ilə Xudavəng monastırına gedən erməni din adamları basdırmışdı, yoxsa...?

- Bu məsələlərdə rəsmi versiyalara istinad etməliyik. Amma bütün hallarda jurnalistlərin həlak olması erməni diversiya-kəşfiyyat qruplarının həmin bölgədə həyata keçirdiyi minalama tədbirləri ilə bağlı ola bilər. Erməni kəşfiyyatı dedikdə, son vaxtlar Kəlbəcərdəki həmin monastıra erməni Qriqoryan kilsəsinin təmsilçiləri də gəlib-gedirlər. Tarixdən də məlumdur ki, erməni Qriqoryan kilsəsi həmişə Rusiya və Qərbin, eləcə də Ermənistanın özünün xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş bir qurum olub. Yəni bu minaların nəinki diversantlar, eləcə də erməni kilsəsini təmsil edən və bu adla bölgəyə gələn “din xadimləri” tərəfindən də yerləşdirilməsi istisna edilmir.

- Son gəlişmələrdən sonra yaranan ehtimal budur ki, anlaşmaların əldə edilməsinə baxmayaraq, Rusiya bölgədə davam edən gərginliyin qalmasında maraqlıdır. Sizcə, bu belədirmi və belədirsə, Rusiya bu bulanıq sudan hansı balığı tutmaq istəyir?

- Təbii ki, gərginliyin qalması Ermənistan rəhbərliyinin Moskva anlaşmalarının şərtlərinə əməl etməməsi ilə bağlıdır. Bunun da əsas səbəbi Ermənistanda keçiriləcək parlament seçkiləridir. Paşinyanın seçki ərəfəsində Zəngəzur dəhlizi və ya nəqliyyat xətlərinin açılması yönündə atacağı addımlar erməni müxalifətinin xeyrinə işləyə, yaxud ona siyasi dividentlər qazandıra biləcək amil kimi qiymətləndirilir. Buna görə də Paşinyan hələ ki, bu anlaşmaların yerinə yetirilməsi istiqamətində konkret qərarlar qəbul etmir və addımlar atmır. Yəni bu, tərəflərin seçki ərəfəsində gözləmə mövqeyində dayanmasından və bir-birinin xeyrinə işləyə biləcək addımlar atmamasından irəli gəlir.

Rusiyaya gəldikdə, o da digər bölgə dövlətləri kimi bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Hətta deyərdim ki, Rusiya bu dəhlizin və xətlərin açılmasına Rusiyadan daha çox maraq göstərir. Həmin xətlər Rusiya və Ermənistan arasında birbaşa ticarət və iqtisadi əlaqələrin qurulmasına, bu yöndə açılacaq dəmir yolunun daha rentabelli və işlək duruma gəlməsinə şərait yaradacaq. Çünki Rusiya Gürcüstanla məlum məsələlərə görə KTMT və Avrasiya İqtisadi Birliyindəki müttəfiqinə istədiyi dəstəyi verə bilmir. Hətta müharibə dönəmində də Rusiyanın Ermənistana verdiyi dəstək Qazaxıstan, Türkmənistan və İran sərhədlərini keçməklə baş tutmuşdu. Düzdür, Rusiya o zaman bunu etiraf etmədi, bildirdi ki, Ermənistana silahs-rusat yox, Gümrüdəki hərbi bazasına tikinti materialları aparıb. Bir sözlə, Rusiyanın özü də bölgədəki bu xətlərin açılmasında maraqlıdır.

- Bəs bölgədə gərginliyin qalmasının başqa hansı səbəbi ola bilər?

- Gərginliyin qalmasının bir başqa səbəbi isə Azərbaycanın müstəqil xarici siyasətini davam etdirməsidir. Azərbaycan bölgədə o dövlətlərdəndir ki, müstəqil və ya çoxvektorlu xarici siyasət yürüdür. Bu mənada, Azərbaycana təzyiqlərin qalmasında nəinki Qərb və ya Fransa kimi dövlətlər, o cümlədən, təəssüf ki, ikitərəfli münasibətlərin genişlənməsində və inkişafında marağını gizlətməyən, bununla belə bəzi hallarda qeyri-səmimi davranışlar sərgiləyən Kreml də maraqlıdır. Təsadüfi deyil ki, Qarabağ münaqişəsi Azərbaycana təsir və təhdid imkanlarını saxlamaq üçün düşünülmüş və ortaya atılmış bir layihədir.

Vaxtilə bu layihənin həyata keçirilməsi istiqamətindəki ilk addımları Qərb atmışdı. O mənada ki, Qarabağ münaqişəsi SSRİ-ni çökdürmək üçün ortaya atılmış bir proyekt idi. Amma etiraf etmək lazımdır ki, Putin iqtidarının Qarabağda baş verən hadisələrə münasibəti Yeltsin dönəmindən kifayət qədər fərqlidir. Eyni zamanda, Putinin Azərbaycan hakimiyyətinə münasibəti Yeltsindən kifayət qədər fərqlənir.

- Seçkilərdəki qələbəsinə inanan Ermənistanın sabiq prezidenti Robert Köçəryan qisascıl fikirlər səsləndirir, hətta Paşinyanı açıq dillə təhdid edir. Belə bir adamın hakimiyyətə gəlməsi nəyi dəyişəcək?

- Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğun ola bilər. Çünki Moskva anlaşmalarının şərtlərinə görə, Ermənistanda bunlardan məsuliyyət daşıyan tərəf məhz Paşinyan iqtidarıdır. Seçkilərdə qalib gələcəyi təqdirdə, Rusiya ilə razılaşdırılmış şəkildə həmin anlaşmaların yerinə yetirilməsi istiqamətindəki addımları da məhz Paşinyan iqtidarı atmalıdır. Paşinyanın opponenti Köçəryanın həmin anlaşmalara münasibətini nəzərə alsaq, bilirik ki, “Qarabağ klanı”nın təmsilçiləri hakimiyyətə gələcəkləri təqdirdə, bu anlaşmaların yerinə yetirilməsindən boyun qaçırmağa çalışacaqlar. Seçki ərəfəsində də, açıq şəkildə bu anlaşmaları imza atan Paşinyanı “Ermənistana xəyanət”də ittiham edirlər. Amma Köçəryan onu da deyir ki, Paşinyan bu anlaşmalara getməli idi. Eyni zamanda onu da bildirir ki, Paşinyan ötən ilin oktyabrında hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın tələblərini yerinə yetirməyib. Köçəryanın fikrincə, Paşinyan həmin vaxt bu şərtlərlə razılaşsaydı, Ermənistan bu duruma düşməzdi.

“Qarabağ klanı”nın təmsilçiləri Qarabağda birinci müharibənin başlanmasından və Azərbaycan ərazilərinin işğalından məsuliyyət daşıyıblar. Buna görə də, onlar bizim tərəfimizdən “sülh göyərçinləri” kimi qəbul olunmurlar. Amma indi Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, “Dəmir yumruq” siyasəti nəticəsində erməni ordusu və dövləti elə bir duruma düşüb ki, yaxın perspektivdə bu ordu və dövlətin özünə gələrək, Azərbaycana qarşı addımlar atacağı mümkün deyil. Eyni zamanda, bölgəyə investisiya yatıran Qərb, Çin və digər region dövlətləri də bu müharibənin başlamasında maraqlı olmamalıdır. Çünki bölgədə geosiyasi əhəmiyyətli layihələrin həyata keçirilməsi, regionda stabillik və təhlükəsizliyin təmin olunmasını tələb edir. Güman edirəm ki, əgər varsa, bunu Ermənistandakı sağlam düşüncəli insanlar da başa düşürlər. Buna görə də, Ermənistan Azərbaycana qarşı kəskin addımlar atmaq fikrindən uzaq olmalıdır. Millətçi ideologiyadan xəstələnmiş erməni cəmiyyətinin sağlamlaşdırılması yönündə addımlar atılsa, bu, Ermənistan və bölgənin inkişafı və sabitliyi üçün üçün ciddi töhfə olardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər