Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elşad müəllim, münaqişə sonrası erməni tərəfi minaların xəritəsini təqdim etmir, sərhəddə təxribatlar edir. Amma Avropa Parlamenti Azərbaycanı günahlandırır. Ziyan ölkəmizə, vətəndaşlarımıza dəyir. Bu paradoksu necə izah etmək olar?
- Avropa dövlətləri və strukturları hər zaman riyakar, ikili standartlar siyasəti həyata keçiriblər. Onlar bu cür davranışları ilə növbəti dəfə sübut edirlər ki, Ermənistan adından dövlət yoxdur. Əslində bu qrum, layihə regionda vəziyyəti gərginləşdirmək üçün Avropanın ayrı-ayrı ölkələrinin əlində bir alətdir. Bunu sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Avropanın ayrı-ayrı strukturları növbəti dəfə sübut edirlər ki, sülhlə, insan haqqları ilə bağlı çağırışlar sadəcə olaraq özlərinin məqsədlərinə xidmət etmək üçün bir taktikadır.
Çünki dəfələrlə Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatları, işğalçı siyasəti, hərbi cinayətləri haqqında məlumatlar edilib. Amma bir dəfə də olsun Ermənistan törətmiş olduğu cinayət əməllərinə görə ittiham olunmayıb. 30 ilə yaxın bir müddətdə Ermənistan Azərbaycan dövlət sərhədlərini pozaraq, sərhədlərimizin dərinliklərinə qədər irəliləyib. Ərazisinin 20 faizinə qədərini işğal edib. Amma Azərbaycanın dövlət sərhədlərinin pozulduğunu bir kimsə dilə gətirməyib. Azərbaycan bu gün dövlət sərhəd mühafizə sistemini qurmaqla məşğuldur. Təklif edilir ki, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birilərinin sərhədlərini tanısınlar. Bundan sonra regionda nəhayət ki, təhlükəsizlik mühiti yaransın. Sülh təmin olunsun, əməkdaşlıq imkanları formalaşsın.
- Azərbaycanın qanuni davranışları nə üçün bir çoxları üçün Ermənistanın sərhədlərinin pozulması kimi qiymətləndirilir?
- Deməli, Avropa Cənubi Qafqaz regionunda daimi münaqişənin, gərginliyin olmasında maraqlıdır. Demək ki, münaqişə Avropanın əlində Cənubi Qafqaz regionunda hər zaman öz mövcudluqlarını təmin etmək, qarışıqlıq yaratmaq üçün bir vasitədir. Ermənistan da bu vasitəyə xidmət edən bir alətdir.
- Bəs beynəlxalq hüququn bununla bağlı hansı tələbləri var?
- 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası mövcuddur. Həmin Konvensiyaya edilmiş 1977-ci ilə əlavələrində jurnalistlərə qarşı da hərbi zorakılığın qəbul olunması mülki əhaliyə qarşı analoji addımların atılması kimi qiymətləndirilir. Bu hərbi cinayət hesab olunur. Bu gün Ermənistan tərəfi açıq-aşkar davamlı hərbi cinayətlər törətməkdədir. Amma Avropa ölkələri və strukturları məsələ ilə bağlı münasibət bildirmir. Ayrıca olaraq ATƏT-in Minsk qrupunun riyakarlığını növbəti dəfə görürük.
- ATƏT-in indiki halda “fəal” görünməyə can atması hansı amillərlə bağlıdır?
- Onlar artıq həll olunmuş münaqişənin tənzimlənmsi prosesində iştirak etmək istəyir. Əgər ATƏT proseslərə yenidən qatılmaq istəyirsə, nəyə görə, təcavüzkar Ermənistandan minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməyi tələb etmir. Bu növbəti dəfə ATƏT-in özünün riyakarlığını nümayiş etdirir. Onlar məsələyə növbəti dəfə bilərəkdən yanlış yanaşır.
- Minsk qrupu bundan sonra proseslərə necə töhvə verə bilər?
- Minsk qrupu ilk olaraq Ermənistandan minalanmış ərazilərin xəritlərinin verilməsini tələb etməlidir. Amma bunu etməməklə sadəcə olaraq proseslərə yenidən qatılmaq istəkləri növbəti dəfə missiyalarının regionda gərginliyin saxlanmasına xidmət etməkdən ibarət olduğunu göstərirlər. Ona görə də, bu yanaşmalar bizi də təəcübləndirməməlidir. Bu haldan təəsüf hissi keçirsək də, amma Azərbaycan artıq dünyaya göstərdi ki, onların mövqeyi bizim üçün önəmli deyil. 30 ilə yaxın bir müddətdə vəziyyət ilə bağlı qeyri-obyektiv mövqe sərgiləndi. Ermənistanın işğalçılıq siyasəti dəstəkləndi. Azərbaycan isə öz gücü və resursu hesabına torpaqlarını işğaldan azad etdi. Bundan sonrakı mərhələdə də biz eyni davranışı etməliyik.
- Ermənistanın davranışlarını necə izah etmək olar?
- Ermənistan tərəfi özünü hələ də, 2020-ci ilin 27-i sentyabrında olan vəziyyətdəki kimi aparır. Azərbaycana qarşı təxribatlar törədir. Ölkəmiz isə təmkin nümayiş etdirir. Ermənistan isə yenə də bunu özünün cəzasızlıq şəraiti kimi qiymətləndirir. Amma bundan qarşı tərəf dərs almalıdır. Yenə analoji, oxşar proseslər təkrar olunur. Yenə Ermənistan təxribatlarını hərbi cinayətlərini davam etdirəcəksə, Azərbaycan güc yolu ilə onların cavabını vermək məcburiyyətində qalacaq. Bu gün Ermənistan tarixin ən faciləri günlərini yaşayır. 44 günlük müharibədə Ermənistan ordusu qarışıq darmadağın oldu.
- İşğalçı ölkəyə qarşı hansı addımlar atıla bilər?
- Ermənistan bu cür davranışlarını davam edəcəksə, Azərbaycan hərbi güc tətbiq edəcək. Bu ötən ilin 27-i sentyabrına qədər olan proseslərin gedişində də dəfələrlə vurğulanırdı. Həqiqətəndə ermənilər öz davranışları ilə havadarlarının qeyri-obyektiv mövqeləri ilə Azərbaycanı hərbi güc tətbiq etməyə vadar etdi. Dövlətimiz isə məsələni dinc yolla həll etmək istəyirdi. Ona görə də, son zamanlar müşahidə olunan odur ki, oxşar hadisələr müşahidə olunur. Ermənilər əgər bu hərbi cinayətlərini davam etdirəcəklərsə, Azərbaycanın hərbi güc tətbiq etməsi üçün leqal əsaslar yaranacaq. Çünki Azərbaycan tərəfi ermənilərin hərbi təxribatlarını görür. Amma təmkinlə yanaşır. Beynəlxalq ictimaiyyətə də bildirilən məsələlər məhz bu istiqamətdədir.
- Ermənilərin təxribatlarının davam etməsi fonunda hansı real addımlar atıla bilər?
- Bəli, bu təxribatların davamında Azərbaycanın hərbi güc tətbiq etməsinin legitim əsasları formalaşır. Legitim əsas odur ki, Azərbaycanın hərbi güc tətbiq etməsinin haqlılığını çoxluq qəbul edəcək. Dünya da görür ki, Ermənistan minalanmış Azərbaycan ərazilərinin xəritəsini təqdim etmir.
Azərbaycan isə bütün bunların əksinə olaraq kommunikasiyaların açılması, iqtisadi əlaqələrin reallaşmasında maraqlıdır və təşəbbüslərlə çıxış edir. Yəni Azərbaycanın bu cür hümanist davranışları fonunda Ermənistanın bu təxribatları davam etdirməsi nəticəsində hər zaman olduğu kimi zərbə xəstə təfəkkürlü ermənilərə dəyəcək. Azərbaycan güclü dövlətdir. Gücünü də davamlı olaraq artıracaq. Cılız Ermənistanın törətmiş olduğu təxribatlar bumeranq effekti ilə ermənilərin üzərinə yönələcək.