Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.
İkitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi gedişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi əzmində olduqlarını qarşılıqlı surətdə təsdiq ediblər.
Dövlət başçıları müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.