“Azərbaycan üçün nəinki Şuşanın, Xankəndinin, ümumiyyətlə ölkənin bütün ərazisinin statusu birmənalı olaraq aydındır və beynəlxalq hüquqa hörmət etdiyini əldə bayraq edən ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Özü də təkcə sözdə yox, həm də əməldə. Necə ki, bunu Gürcüstan, Ukrayna və Moldovaya münasibətdə edirlər. Yox, əgər Azərbaycan üçün eyni məsələyə dair başqa standartı və ya başqa resepti varsa, buyursunlar, onu öz adı ilə desinlər. Bizim üçün yox, biz bunu onsuz da bilirik, özləri üçün təkrarlasınlar”.
Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiya Prezidenti Vladimir Putinin Ukrayna haqda bir məqaləsi dərc olundu. Putin məqalədə qeyd edir ki, Ukrayna Rusiya əraziləri hesabına formalaşıb, Donbas da ukraynalılara lazım deyil. Rusiya liderinin bu mesajının izahı nədir?
- Putin başa düşür ki, beynəlxalq dəstəyin artması və silahlı qüvvələrinin modernizasiyası, güclənməsi fonunda sülh danışıqlarının səmərəsizliyini anlayan Ukrayna Rusiya tərəfindən de-fakto işğal edilmiş torpaqlarını hərbi yolla azad etməyə keçəcək. Bu isə Aralıq dənizi hövzəsində Cənubi Qafqaz və Yaxın Şərqdə geosiyasi mübarizəyə qoşulmuş Rusiya üçün növbəti və daha böyükmiqyaslı cəbhənin açılması deməkdir. Moskvanın isə təkcə iqtisadi resursları deyil, heç ordusu da buna tab gətirmək gücündə deyil. Rusiya silahının real imkanları 44 günlük müharibədə bütün çılpaqlığı ilə üzə çıxdı. Bunlar da azmış kimi Əfqanıstan və onun ətrafında baş verənlər də Rusiyanı öz cənub cinahı haqda ciddi düşünməyə vadar edir. Amma gördüyümüz kimi Putin yenə də ən qeyri-rasional yolu – öz yaxın qonşularını təhdid etməyi seçir.
Bir qədər əvvəl eyni şəkildə Qazaxıstanı təhdid etməyə çalışan Moskva Astanadan kifayət qədər konkret reaksiya aldı. Xatırladım ki, yaxın keçmişdə Qazaxıstan adlı dövlətin olmadığını və onun ərazisinin böyük bir hissəsinin Rusiya torpaqları hesabına formalaşdırıldığını iddia edən Kremlə Qazaxıstan hərbçiləri bunun ölkələrinə faktiki müharibə çağırışının olması və ölkələrini hərbi yolla qorumağa hazır olduqları ilə cavab verdilər. Amma belə görünür ki, bütün digər imkanlarının tükənmək ərəfəsində olması Rusiyaya öz qonşuları ilə münasibətdə daha effektiv olan “yumşaq gücdən” istifadəyə şans buraxmayıb. Odur ki, Rusiya liderinin onsuz da siyasi leksikondan xeyli uzaq olan ritorikası getdikcə daha da aşağı enməkdədir. Rusiya Ukraynaya edə biləcəklərini artıqlaması ilə edib, bundan sonra edəcəkləri isə yalnız onun özünə qarşı işləyəcək.
- ABŞ və NATO qüvvələri Əfqanıstandan geri çəkilir. İlkin addımlar atıldıqdan dərhal sonra Rusiya fəallaşıb. Sizcə, Rusiya da SSRİ kimi Əfqanıstan bataqlığına düşəcəkmi?
- ABŞ Əfqanıstandan çıxmaqla yanaşı bu ölkədə NATO təsirinin qalmasına da biganə deyil və elə bu səbəbdən də “estafeti” başda Türkiyə olmaqla digər bir koalisiyaya ötürür. Bu gün belə görünür ki, Əfqanıstanda sülhü təmin etməli olan ölkələr əsasən Türkiyə və Pakistan olacaq və elə həmin səbəbdən də “Taliban” liderlərinin Türkiyəni hədələməsi təsadüfi deyil. “Taliban” liderləri yaxşı anlayırlar ki, Əfqanıstan əhalisi ilə bir çox ortaq dəyərlərə malik olan bu dövlətlər başıbəlalı ölkənin xalqı ilə əl-ələ verərək nəinki sülh və əminamanlığa, hətta müəyyən inkişafa da nail ola bilərlər. Türkiyənin bu mənada Suriyanın İdlib bölgəsində əldə etdiyi nəticə Əfqanıstan üçün model rolunu oynaya bilər. Belə olduğu halda əfqan xalqını onsuz da xüsusi etimad göstərmədiyi “Taliban”dan bir qədər də uzaqlaşa bilər, bu da sonda həmin hərəkatın marginallaşması və siyasi arenadan çıxarılması ilə nəticələnərdi.
Digər tərəfdən də taliblərin əsas bazalarından birinin Pakistandakı dəstəkçiləri olduqlarını nəzərə alsaq, belə koalisiyanın fəaliyyəti yetərincə effektiv ola bilər. Eyni zamanda cüzi də olsa sabitliyə və inkişafa nail olan Əfqanıstanın da bölgədəki rolu artardı. Amma bu halda da Əfqanıstanda geosiyasi maraqları olan digər böyük dövlətlər, ilk növbədə də Rusiya və Çin “Taliban”a dəstək verə bilərlər. Bunun üçün də Rusiya Əfqanıstan sərhədlərinə yaxınlaşmalıdır və bu, həmçinin Kreml üçün Əfqanıstanla həmsərhəd olan Mərkəzi Asiya ölkələrini onları qorumaq bəhanəsilə tam Rusiya nəzarətinə qaytarmaq üçün imkandır. Bunların hamısı nəzəri ehtimallardır əlbəttə, əslində isə “əfqan düyünü” göründüyündən qat-qat mürəkkəbdir. Qaldı Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi ehtimalına, məncə, rus strateqləri bunun mümkün nəticələrini anlayırlar. Belə bir addım Moskva üçün SSRİ-nin aqibətinin yaşanması demək olardı.
- Qırğızıstan, Tacikistan və Türkmənistan ABŞ-ın Əfqanıstandan geri çəkilməsini narahatlıqla izləyir. Sizcə, Mərkəzi Asiya proseslərin ahənginə uyğun olaraq, savaş meydanına çevrilə bilərmi?
- Bu, inandırıcı görünmür. Əvvəla ona görə ki, “Taliban” dəfələrlə bəyan edib ki, onun hədəfi yalnız Əfqanıstandır və bu siyasi xəttinə də əsasən sadiq qalıb. Hətta vaxtilə yaxın müttəfiqlik etdiyi “Əl-Qaidə” ilə aralarındakı ziddiyyətin əsas səbəbi də Bin Ladenin “Taliban”ı özünün böyük planlarına cəlb etmək cəhdlərindən qaynaqlanırdı. İkincisi, münaqişə cəbhəsini genişləndirmək bu gün ən az onun maraqlarına cavab verir. Mərkəzi Asiya ölkələri hərbi baxımdan heç də Əfqanıstandan geri qalmırlar və onların ərazilərinə istər şimaldan (Rusiya), istərsə də cənubdan (“Taliban”) ağır fəsadlarla nəticələnə bilər.
- Baş nazir Nikol Paşinyan seçkilərdə qalib gəldi. Paşinyanın növbəti hakimiyyəti Ermənistana nə vəd edir: ölkəsini Rusiya asılılığından xilas edə biləcəkmi?
- Məncə, indiki mərhələdə Paşinyan Rusiya ilə dil tapmağa çalışacaq və hazırda görünən də elə budur. Hədəfdə isə Rusiyadan uzaqlaşma var əlbəttə, amma bu, bir neçə amildən asılıdır. Ermənistanın Rusiyadan xilas ola bilməsi onun Azərbaycan və Türkiyə ilə münasibətlərinin necə inkişaf edəcəyindən asılı olacaq. Təbii ki, Rusiya da bunu yaxşı anladığından həmin münasibətlərin pozitiv müstəviyə keçməməsi üçün əlindən gələni edəcək. Artıq Ermənistanda arxasında Rusiyanın dayandığı aydın sezilən yeni tendensiyalar görünür. Deməli, Moskva özünün İrəvan siyasətində tamamilə yeni taktikaya keçə bilər və yüksək ehtimalla keçir. Bu, Ermənistanın siyasətində Rusiyadakı erməni diasporunun rolu və təsirinin artırılması üzərində qurulmuş tamamilə fərqli bir taktikadır. Onun əsasında Ermənistandakı Rusiyaya tənqidi yanaşan kəsimin, bu isə əksəriyyətdir, idarə olunması dayanır. Şübhəsiz ki, Moskvanın maraqlarına uyğun şəkildə... Belə vəziyyətdə Paşinyan hökuməti həm bu plana qarşı çalışmalı, həm də Ermənistanı Rusiyadan uzaqlaşdırmalıdır. Dediyim kimi burada da əsas amillərdən biri və bəlkə də birincisi Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması olacaq. Əgər Qərb ölkələri Rusiyanın bölgədən çıxarılmasında və ya heç olmazsa onun təsirinin zəiflədilməsində maraqlıdırsa, o zaman qeyd etdiyim münasibətlərin tənzimlənməsinə çalışmalıdır. Hələlik isə belə bir istək görünmür. Ən azı səhnədə, pərdənin önündə görünmür.
- ABŞ, Rusiya və Fransa səfirləri niyə Şuşaya getmədilər?
- Mən bu məsələyə həm sosial mediada, həm də bir sıra informasiya resurslarında münasibət bildirmişəm və bir daha təkrar edirəm ki, ABŞ, Fransa, Rusiya, Almaniya və Böyük Britaniyanın bu demarşı birmənalı şəkildə tənqid olunmalı, pislənməlidir. Özü də təkcə media və ictimaiyyət tərəfindən deyil, həm də rəsmi səviyyədə, çünki bu xoşməramlı addım deyildi və Azərbaycanın 44 günlük müharibədə qazandığı hərbi uğuru şübhə altına almağa xidmət edirdi. Bəlkə həmin ölkələr Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsindən narazı qalıblar, amma bu, hər mənada onların öz problemidir. Əvvəla, elə həmin müharibənin əsas səbəbi bu ölkələrin 27 il ərzində öz üzərinə düşən missiyanı yerinə yetirməməsi olub.
İkincisi, görünən budur ki, onlar hələ də keçmiş DQMV hüdudları çərçivəsində hansısa erməni muxtariyyatının yaradılması planından əl çəkmək fikrində deyillər, elə bu səbəbdən də məhz Şuşaya səfəri iqnor ediblər. Azərbaycan üçün nəinki Şuşanın, Xankəndinin, ümumiyyətlə ölkənin bütün ərazisinin statusu birmənalı olaraq aydındır və beynəlxalq hüquqa hörmət etdiyini əldə bayraq edən ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Özü də təkcə sözdə yox, həm də əməldə. Necə ki, bunu Gürcüstan, Ukrayna və Moldovaya münasibətdə edirlər. Yox, əgər Azərbaycan üçün eyni məsələyə dair başqa standartı və ya başqa resepti varsa, buyursunlar, onu öz adı ilə desinlər. Bizim üçün yox, biz bunu onsuz da bilirik, özləri üçün təkrarlasınlar. Azərbaycan müharibədən qalib çıxmış ölkədir və elə bu səbəb rəsmi Bakıya əsas verir ki, heç kəsin diktəsini qəbul etməsin, əksinə, ölkəsinə dair bütün qərarları özü versin.