“Ermənistan o qədər strateji əhəmiyyəti olan ölkə deyil ki, orada Rusiya və Qərb arasında mübarizə getsin. Əslində Rusiya və Qərb arasında mübarizə ümumən region uğrunda gedir. Ermənistan burada balaca bir elementdir. Bəli, Nikol Paşinyan onu hakimiyyətə gətirən, ona dəstək verən qüvvələrlə əlaqələrini kəsməyib. İmkan yarandığı şəraitdə onlarla əməkdaşlığı gücləndirməyə çalışacaq. Sadəcə indiki durum belədir ki, Paşinyan Rusiyanın ölkəsinə necə güclü təsir gücündə olduğunu bildiyindən onlarla əməkdaşlıqda maraqlı olduğunu ifadə edir. Həm də bilir ki, Rusiyadan başqa Ermənistanın dövlət kimi mövcudluğuna qarantiya verən ikinci dövlət olmayacaq”.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
O xatırladıb ki, İrəvana aydındır ki, bölgədən uzaqda yerləşən Fransanın nə siyasi, nə iqtisadi, nə də hərbi gücü o səviyyədə deyil ki, Ermənistanı hərtərəfli müdafiə etsin:
“Rusiya 200 ildən artıqdır ki, bölgədədir. Həm bölgəni yaxşı tanıyır, həm də buradakı şərtləri yaxşı bilir. Ermənstanın da ona nə dərəcədə ehtiyacı olduğunu da dəqiq görür. Bölgəyə yaxın olduğu üçün Ermənistana siyasi və hərbi baxımdan təsirləri çox genişdir. Nikol Paşinyan da bu reallıqları qəbul edib və bu səbəbdən də Rusiya ilə münasibətləri davam etdirir. Bununla həm də Ermənistandakı ruspərəst qüvvələrin əlindən kartı almağa çalışır. Onlara göstərir ki, siz Rusiya ilə əməkdaşlığı irəli sürürsünüz, mən sizdən də dərin əməkdaşlığa gedirəm. Bura Ermənistanda Rusiyanın ikinci hərbi bazasının yaradılması, Azərbaycanla dövlət sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunmasına getmək kimi məsələlər daxildir”.
Oqtay Qasımov düşünür ki, Moskva Nikol Paşinyanla işləyəcəyini elan etsə də, ona etimad etmir:
“Bilir ki, Paşinyan fürsət düşdüyü an erməni xislətinə uyğun olaraq Rusiyaya arxa çevirəcək. Odur ki, bu münasibətlərin heç də hamar olmadığı aydındır”.