21 İyul 2021 13:42
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Teleqraf.com müsahibəni təqdim edir:

- Qüdrət bəy, xarici ölkələrdə ermənipərəst dairələrin himayəsinə siğınmış bəzi azərbaycanlı miqrantlar belə bir təbliğat aparırılar ki, guya biz Ermənistan-Azərbaycan sərhədlərində gərginliyi Paşinyana təzyiq məqsədilə, Rusiyanın tapşırığı ilə yaradırıq. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Bu adamlar qərəzli və tapşırıqla danışan asılı, himayədə olan şəxslərdir. Başqa nə deyəcəklər ki? 9 ay öncə dil-boğaza qoymurdular ki, İlham Əliyev heç vaxt müharibə edib torpaqları azad etməyə cəhd belə etməyəcək. Nə oldu? Yalan danışdıqları üçün xalqdan və İlham Əliyevdən üzr istədilərmi?

Əvvəla, biz özümüz Paşinyana təzyiqləri artırmalıyıq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, 10 noyabr 2020-ci il tarixli sazişi tam yerinə yetirsin, Zəngəzur dəhlizi açılsın və sülh sazişi imzalansın. Bu işdə bizə Rusiya, yaxud başqa bir ölkə kömək edəcəksə, onlara minnətdar olmalıyıq.

Amma çox təəssüf ki, hazırda Rusiyanın timsalında mən belə bir fəaliyyət müşahidə etmirəm. Əksi olsaydı sülh sazişi çoxdan imzalanmışdı. Ermənistanla sülh sazişinin imzalanması üçün Rusiyanın “sülh sazişi imzalanmasa mən 10 noyabr müqaviləsindən çıxıram” deməsi kifayətdir. Məhz bu səbəbdən bundan öncə mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, biz daha 30 il Ermənistanın “ərköyün uşaq” kaprizlərinə dözə bilmərik ki, istədiyini etsin. Ermənistan işğala son qoyub qoşunlarını Qarabağdan çıxarmasa, beynəlxalq öhdəliklərini tezliklə yerinə yetirməsə 27 sentyabrda olduğu kimi qəti addımlar atmalıyıq.

Rusiya üçtərəfli sazişin iştirakçısı kimi ya Ermənistandan öhdəliklərini icra etməyi tələb etməli, ya da bunu bacarmırsa, yaxud etmək istəmirsə sazişdən çıxdığını bəyan edib əsgərlərini Qarabağdan çıxarmalıdır.

Rusiya Çeçenistanda Salman Raduyevlə, Basayevlə danışıqları özünə sığışdırmadığı kimi, beynəlxalq nüfuzuna önəm verən ölkə kimi, Araiklə də masa araxsında oturmağı özünə sığışdırmamalıdır. Biz isə Rusiyanın Qarabağdan çıxmasından dərhal sonra, konstitusiyamıza zidd olaraq formalaşdırılmış Xankəndindəki terrorçu rejimi silib-süpürüb atmalıyıq kənəra. Hətta ermənilər rus sülhməramlılarının arxasında gizlənib dinc insanlara, yaxud əsgərlərimizə atəş açıb təxribatları davam etdirərlərsə onlara havadan ağır zərəbə endirməliyik. Bu istiqamətdə Ermənistanın KTMT üzrə müttəfiqlərini, beynəlxalq birliyi məlumatlandırmalı, onlarla ciddi işləməliyik.

Düşünürəm ki,qardaş Türkiyənin də qollarını çırmayıb ortaya düşməsinin vaxtı çatıb. Türkiyə yalnız Rusiya ilə əldə etdiyimiz razılaşmaların icrası zamanı bizim yanımızda olmamalı, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycanın Qarabağda öz suveren hüquqlarının bərpa etməsinə kömək etməlidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə bunu biz özümüz etməliyik.

- Rusiya mövcud “status-kvo”nu qoruyub saxlamaq istəsə nə etməliyik? Prezident İlham Əliyevin Rusiyaya son səfərinin hansısa nəticələri olacaqmı?

- Azərbaycan elə bir şərait yaratmalıdır ki, Rusiya mövcud vəziyyəti qoruyub saxlamaq istəsə Azərbaycanı itirəcəyinə əmin olsun. Düşünürəm ki, bu halda Rusiya beynəlxalq hüquqa hörmət etməyə və Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verəcək. Prezident İlham Əliyevin Putinlə görüşünə gəldikdə isə belə görüşlərin sayı nə qədər çox olsa bir o qədər yaxşıdır. Rusiya bizim böyük qonşumuz, kənd təsərrüfatı məhsullarımız üçün böyük bazar, gənclərimizin iş axtardığı, bizdən daha çox inkişaf etmiş, daha üstün texnologiyaya sahib ölkədir.

Həm də bizi 200 illik bir tarix, humanitar, mədəni, siyasi əlaqələr birləşdirir. Çalışmalıyıq ki, ruslar da bizimlə əməkdaşlığı və dostluğu düzgün qiymətləndirsinlər. Qarabağ məsələsində sona qədər ədalətli mövqe tutarsa, mən həmişə Rusiya ilə əlaqələrimizin daha da inkişaf etdirilməsinin, hətta Rusiyanın liderliyi ilə yaradılmış regional birliklərə üzv olmağın tərəfdarı olmuşam. Rusiya ilə yaxın münasibətlər sayəsində, 44 günlük savaşda onların neytrallığını təmin edib erməni işğalçılarına ağır zərbə vurub az itkilərlə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik.

Bu gün də Rusiya ilə dostluq siyasətimizi davam etdirməklə bütün ərazimizdə dövlət suverenliyimizin bərpa olunmasına çalışmalıyıq. Prezidentin Rusiyaya səfəri də bu məqsədə xidmət edir, problemləri üzbəüz müzakirə etməyə imkan yaradır. Ona görə də səfər çox əhəmiyyətlidir və nəticələri də olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər