“Rusiya Azərbaycandan heç bir güzəşt istəmir və istəyə də bilməz. Hansı güzəştdən söhbət gedə bilər? Bu yöndə söhbət gedə bilməz və getmir. Güzəştlərdən danışmaq aparılan müzakirələrin məntiqinə uyğun olmazdı. Güzəşt müharibə və münaqişə dönəmində aktual idi. İndi bunun heç bir aktuallığı yoxdur. Məsələn, “Qarabağın statusu” məsələsi müzakirə edilmir. Eləcə də dəhlizlərin açılması müzakirələrində də güzəştlərdən söhbət getmir. Rusiya burada güzəştlərdən danışmır, əksinə, bu dəhlizlərin açılmasına səy göstərir və bunda maraqlıdır”.
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirildi. Onun nəticələri nə olacaq, ümumən görüşü Azərbaycanın xeyrinə hesab etmək olarmı? Aparılan müzakirələr sizdə hansı təəssüratı yaratdı: Rusiya Ermənistan və Azərbaycan arasındakı gərginlikdə hansı mövqedə durub?
- Bu görüşün xeyrini kiminsə adına yazmaq doğru olmazdı. Bu, işgüzar səfər idi. İşgüzar səfərin də öz məntiqi var. Ümumiyyətlə, son günlərdə gedən proseslərin dinamikasına baxmaq lazımdır. Əvvəlcə onu deyək ki, Ermənistanda seçkilər keçirildi, hazırda bu ölkədə yeni hökumətin formalaşdırılması prosesi gedir. Eyni zamanda, Paşinyan da Moskvaya səfər edib və müəyyən müzakirələr aparılıb. Habelə üçtərəfli işçi qrupundakı Rusiya nümayəndə heyətinin sədri Overçukun bölgəyə səfəri baş tutdu.
Görüşdən əvvəl Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı oldu. Məhz bundan sonra Azərbaycan lideri Moskvaya getdi. Buna görə də, gedişatı bu prosesin dinamikasına uyğun qiymətləndirmək lazımdır.
Bu səfər çərçivəsində müxtəlif məsələlər müzakirə olunub. Bura Rusiya-Azərbaycan münasibətləri, Qarabağ ətrafında gedən proseslər və ya rus sülhməramlılarının yerləşdiyi ərazilərdə baş verən hadisələr haqda danışılıb. Eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və üçtərəfli anlaşmaların yerinə yetirilməsi məsələləri diqqətə gətirilib.
Görünən budur ki, tərəflər bölgədə dəyişikliyin baş verməsini gözləyir. Ermənistan isə bu dəyişiklikdə maraqlı görünmür. Çünki sərhədlərdə aparılan delimitasiya və demarkasiya işlərinə uyğun olaraq, Ermənistan işğal etdiyi eksklav kəndləri Azərbaycana qaytarmalıdır. Buna məcburdur. Bu da onun xeyrinə deyil.
Eləcə Zəngəzur dəhlizinin açılması da Ermənistanı bir o qədər maraqlandırmır. Beləliklə, Ermənistan üçtərəfli anlaşmalardan irəli gələn məsələlərin həllinə can atmır. Azərbaycan isə bura qədər gözləmə mövqeyində idi. Gözləyirdi ki, Ermənistanda seçkilər yekunlaşsın. İndi seçkilər başa çatıb, amma yerdə qalan məsələlər öz həllini tapmır. Buna görə də, belə bir səfər baş tutdu. Səfər çərçivəsində bütün məsələlər müzakirə olunub.
Bölgədə gedən son proseslər Rusiya-Azərbaycan münasibətlərinə təsir etdiyi üçün onun hər detalı danışıqlar predmeti olub. Çünki Rusiya bölgədə Azərbaycanla birlikdə bir sıra layihələr həyata keçirmək istəyir. Cənub-şimal dəhlizinin açılmasına səylər göstərir. Ermənistanın ucbatından bölgədə yaranmış pat vəziyyəti isə bu kimi layihələrə əngəllər yaradır.
- Prezidentlərin görüşündən sonra Rusiyanın Azərbaycandan güzəşt istədiyi iddia olunur: söhbət hansı güzəşlərdən gedir, bu, Qarabağla, yoxsa bölgədə reallaşacaq layihələrlə bağlıdır?
- Rusiya Azərbaycandan heç bir güzəşt istəmir və istəyə də bilməz. Hansı güzəştdən söhbət gedə bilər? Bu yöndə söhbət gedə bilməz və getmir. Güzəştlərdən danışmaq aparılan müzakirələrin məntiqinə uyğun olmazdı. Güzəşt müharibə və münaqişə dönəmində aktual idi. İndi bunun heç bir aktuallığı yoxdur. Məsələn, “Qarabağın statusu” məsələsi müzakirə edilmir. Eləcə dəhlizlərin açılması müzakirələrində də güzəştlər söhbət mövzusu deyil. Rusiya burada güzəştlərdən danışmır, əksinə, Moskva bu dəhlizlərin açılmasına səy göstərir və bunda maraqlıdır. Yəni, bununla bağlı bir problem yoxdur.
Sərhədlərin delimitasiya və demarkasiyasına gəldikdə, Azərbaycan hansı güzəşti edə bilər? Mümkün deyil... Ortada beynəlxalq səviyyədə təsdiqlənmiş xəritələr var və proses bu xətt üzrə getməlidir. Tərəflər də bununla razıdır. Eyni zamanda, Azərbaycan istəyir və tələb edir ki, Qarabağda ermənilərin də yaşadığı ərazilərdəki qanunsuz silahlılar çıxarılsın. Bu məsələdə heç bir güzəşt olmayacaq. Üçtərəfli anlaşmada qeyd edilib ki, bütün qanunsuz silahlılar bölgəni tərk etməlidir. Rusiya da bununla bağlı güzəşt istəyə bilməz, çünki bu məqam onun özünün də imza atdığı sənəddə yer alıb. Biz ermənilərə kifayət qədər vaxt vermişik.
Qarabağda fəaliyyət göstərən qondarma administrasiya var, onun fəaliyyətinə birdəfəlik son qoyulmalıdır. İnanmıram ki, Rusiya bunda da güzəşt istəyir.
Sadəcə olaraq, müzakirələr aparılır ki, bu qondarma administrasiya öz fəaliyyətini nə vaxt bitmiş hesab etməlidir. Hansısa inzibati formalar müzakirə edilə bilər ki, burada həm Azərbaycanın, həm də orada yaşayan ermənilərin maraqları nəzərə alınsın. Müzakirələr bu istiqamətlərdə gedir. Rusiya Ermənistanın vəkili deyil ki, onun üçün Azərbaycandan güzəşt istəsin.
- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın Moskva-Bakı-İrəvan formatında qoşulması ilə bağlı açıqlama verdi. O bildirdi ki, Fransanın vasitəçilik səyləri prosesə müsbət təsir edərsə, bunu yalnız alqışlamaq olar. Sual da budur ki, Fransa bu formata qoşula bilərmi?
- Qənaətimə görə, bu açıqlama söz xatirinə verilib. Rusiya buradakı nüfuz dairəsini qabarıq şəkildə göstərmək istəmir deyə, belə bir açıqlama ilə çıxış edib. Fransa hansı formada bu prosesə qoşula bilər? İndi üçtərəfli anlaşmalardan irəli gələn məsələlər mövcud formatda müzakirə olunur və həll edilir. Yəni Azərbaycan, Rusiya və Ermənistan arasında...
Rusiya bu formata yeni geosiyasi oyunçunun qoşulmasını istəmir. Rusiyanın məqsədi budur ki, regiondakı institutsional və ya real proseslər üçtərəfli formatda həyata keçirilsin.
Humanitar və digər məsələlərin həllində başqa oyunçular da iştirak edə bilərlər. İndi Fransa ermənilərə humanitar yardım etsə, Rusiya buna etiraz etməz. Yəni Rusiya institutsional məsələlərin həlli ilə məşğul olan mövcud formatın dəyişməsində maraqlı deyil. Rusiya özünə geosiyasi şərik axtarmır.