23 İyul 2021 12:42
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı xarici siyasət öz bəhrəsini verməkdədir. Azərbaycanın müxtəlif ölkələrlə ikitərəfli, eyni zamanda çoxtərəfli münasibətləri, nüfuzlu beynəlxalq təşkilatlarla qurduğu sıx tərəfdaşlıq diplomatiyamızın uğurudur. Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri dövlətimizin bu təşkilatla yaxın tərəfdaşlığınən göstərcisidir. Artıq uzun illərdir ki, müxtəlif sahələrdə birgə layihələr həyata keçirilir. Hazırda bu əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib

Professor qeyd edib ki, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır: “Azərbaycanın ticarət ələqələrinin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin ölkəmizin iqtisadi fəaliyyətinin miqyasını nümayiş etdirir.

Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir”.

Millət vəkili hesab edir ki, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır: “Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonunda Cənub Qaz Dəhlizinin sonuncu dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.

Əlbəttə, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq. Bu isə Azərbaycanın nüfuzunun daha da artmasına, etibarlı tərəfdaşa çevrilməsinə səbəb olacaqdır”.

Hicran Hüseynova 44 günlük Vətən Müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var:

“Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu, Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Bildiyimiz kimi cənab Prezident tərəfindən bu yaxınlarda yükaşırma qabiliyyəti 25 milyon ton potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışı edildi. Bu, Azərbaycanın logistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir.

Azərbaycanın iqtisadi potensialı artmaqdadır, mötəbər beynəlxalq hesabatlarda da bunu sübut edən göstəricilərə rast gəlirik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Əlbəttə ki, davamlı inkişaf yolunu tutan, bölgədə dayanıqlı sülhün bərqərar olunmasında və təhlükəsiziyin təmin edilməsində mühüm yer tutan Azərbaycan regionda ən etibarlı tərəfdaşdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər