23 İyul 2021 11:25
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən dövr ərzində Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə güclənib, dostlarının və tərəfdaşlarının sayı artıb. Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasında münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: “Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bu baxımdan, iyulun 20-də Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfəri böyük əhəmiyyət daşıyır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür: ”Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də mehriban dostlardırlar. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir”.

Sevinc Fətəliyeva hesab edir ki, ümumiyyətlə Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır: “Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. Prezident İlham Əliyevin iyulun 20-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri zamanı regional sülhün və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlıqların genişləndirilməsi müzakirə olunub”.

Sədr müavininə görə, iki dövlət arasında əməkdaşlıq əlaqələrinin səviyyəsi, regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqelər üst-üstə düşür: “Bununla yanaşı, ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur. Hər iki ölkə başçısı Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir.

Bu razılaşmanın həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləri regionun gələcək inkişafı üçün mühüm amildir. Bu səfər bir daha göstərdi ki, Rusiya ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşır. Ermənistanın da bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Rusiya Azərbaycanın mövqeyini bəyənir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir.

Rusiya Prezidentinin Azərbaycanın post-münaqişə dövründə daimi sülhün əldə olunmasında maraqlı olduğuna görə cənab Prezident İlham Əliyevə təşəkkür etməsi də əsas məqamlardan biri kimi dəyərləndirilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər