Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfəri mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Səfərin çox məhsuldar və səmərli keçməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçıları arasında səmimi dostluq və strateji tərəfdaşlıq müstəvisində müzakirələr aparılıb. Postmünaqişə dövründə qarşıya qoyulan məsələlərin həlli baxımından ardıcıl olaraq bu cür görüşlərin keçirilməsi prinsipial xarakter daşıyır. Çünki bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması baxımından bu regionda təmsil olunan dövlətlərin bir-biri ilə qarşılıqlı müstəvidə münasibətlər qurması vacibdir.
Bu fikirləri Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, prezidentin Moskva səfəri səmimi atmosferdə keçib: “Prezidentin Moskva səfəri bir sıra məsələlərin aydınlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ermənilər də etiraf edir ki, Rusiya tərəfi artıq proseslərdə tənzimləyici missiya ilə çıxış edir. Posesləri qiymətləndirməyə çalışan ermənilər də bölgədə əməkdaşlıq üçün bütün iddialardan imtinanın vacibliyini önə çəkirlər. Artıq bölgədə yeni bir reallıq yaranıb.
Azərbaycan Prezidenti ötən gün Dövlət Televiziyasına müsahibəsində də bildirdi ki, artıq Ermənistana sülh müqaviləsində əksini tapacaq məsələlər təqdim olunub. Sözsüz ki, həmin məsələlərin ardıcıllıqla həlli mümkündür. Konseptual məsələlərin həlli üçün zəruri addımlar atılması vacibdir. Eyni zamanda qısa və uzun müddətdə görüləcək işlər də sülh proqramında öz əksini tapıb”.
Millət vəkili sadalayıb ki, 44 günlük Vətən müharibəsindən sonra proseslər Azərbaycanın diktə etdiyi məcrada inkişaf edir: “10 noyabrda və 11 yanvarda ölkəmiz hansı öhədəlikləri öz üzərinə götürübsə, onun icrasını mümkün formada təmin edir”.
Deputat söyləyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı səslənən fikirlərin isə heç bir əsası yoxdur: “Çünki münaqişə həll edilib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ona görə də, bu məsələ ATƏT-in Minsk qrupunun səlahiyyətindən çıxıb. “Status” məsələsi mövcud deyil. Erməni cəmiyyəti də anlamağa çalışır ki, bir çox məsələlər geridə qalıb. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib və xalqımız öz milli kimliyini bir daha tədiqləyib. Erməni cəmiyyətinin reallığı dərk etməkdən başqa seçimi qalmayıb”.
Eldar Quliyev xatırladıb ki, Vətən müharibəsi dövründə ölkəmizə qarşı ittihamlar səsləndirən və bir çox beynəlxalq təşkilatlarda öz əsassız iddialarını gündəmə gətirənlər də az olmadı: “Hətta BMT-də Azərbaycan əleyhinə qərarların qəbul olunmasına səylər edildi. Amma Qoşulmama Hərəkatı və onun üzvləri Azərbaycanın haqlı maraqlarını sona kimi müdafiə etdi. Məhz bunun nitəcəsində ölkəmizə qarşı əsassız ittihamların qəbul olunmasının qarşısı alındı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə sülhə, sabitliyə qarant ola biləcək əsaslar formalaşdırılır”.