26 İyul 2021 18:17
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar faydalı müzakirələr aparıldı. Şarl Mişelin səfər zamanı Dağlıq Qarabağ sözlərini işlətməməsi, hansısa statusla bağlı danışmaması erməniləri məyus edib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Avropa İttifaqının 30 il Azərbaycana qarşı işğalçı siyasət yürüdən Ermənistana 2.6 milyard avro maliyyə yardımı ayırması ədalətsiz qərardır: “Çünki bu ölkə işğalçı, terrorçu siyasət həyata keçirib. Azərbaycanın işğal altında saxladığı ərazilərini 30 il ərzində tamamilə dağıdıb. Bu səbəbdən də, Avropa İttifaqı azad olunmuş ərazilərin bərpasına kömək etmək üçün Azərbaycana böyük maliyyə dəstəyi göstərməlidir. Belə bir yanaşma daha doğru olardı”.

Millət vəkilinin sözlərinə görə, Prezidentin müvafiq Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb: “Bu rayonlar ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Dövlətimizin başçısının dediyi kimi artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və Qarabağ bölgəsində ermənilərə hansısa “status” verilməsindən söhbət gedə bilməz. Prezident İlham Əliyev bu məsələni yenidən gündəmə gətirmək istəyən dairələrə bir daha xəbərdarlıq etdi. Artıq bu mövzu bağlanıb. Xaricdəki müəyyən dairələrin Qarabağda yaşayan 25 min erməni üçün status istəməsi qəbuledilməzdir. Kim istəyirsə gedib öz dövlətinin ərzisində ermənilərə status versin”.

Sevinc Fətəliyeva söyləyib ki, əsas məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır: “Dövlətimizin başçısı bir daha bu məsələ ilə əlaqədar prinsipial mövqeyini ifadə edib. Məsələ ondadır ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı Prezident Vladimir Putunlə müzakirələr aparılıb və tərəflər regionda kommunikasiyaların açılmasına dəstək ifadə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin - Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün regional əməkdaşlığa böyük önəm verir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Belə olan halda, Ermənistanın bu layihənin reallaşmasına əngəl olmaq cəhdləri heç bir nəticə verməyəcək. Zəngəzur tarixi Azərbaycan torpağıdır və biz bu torpağa mütləq qayıdacağıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər