26 İyul 2021 12:24
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin Dövlət Televeziyasına müsahibəsində postmüharibə dövrü, daimi sülhə keçidlə əlaqədar verdiyi mesajlar Azərbaycan ictimaiyyəti və bölgənin gələcəyi üçün çox əhəmiyyətlidir. Dövlət başçısı vəziyyəti çox doğru qiymətləndirərək, Azərbaycanın yeni bir reallıq yaratdığını qeyd edib. Ölkə rəhbərinin söylədiyi kimi ötən ilin 10 noyabrından sonrakı bütün prosesləri Azərbaycan özü idarə edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, 10 noyabrdan sonra yeni reallıq yaranıb: “Azərbaycanın yeni iqtisadi bölgələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı dövlət başçısının Fərmanı Ermənistan tərəfindən böyük narahatçılıqla qarşılanması da təbii məsələdir. Çünki Ermənistan məğlub, kapitulyasiya aktına imza atmış bir dövlətdir. Bu ölkədə uzun illər yəqin ki, ictimai-siyasi sabitlik bərqərar olmayacaq. Ermənistanda sabitliyin bərqərar olması Azərbaycanla sülh müqaviləsi bağlanması ilə mümkün ola bilər. Nə qədər tez erməni tərəfi bu reallığı qəbul edib Azərbaycanın ədalətli şərtlərini qəbul etsə, onlar üçün daha yaxşı olar”.

Millət vəkili söyləyib ki, iki ölkə arasında sərhədlərin delimitasiyasi və demarkasiyasını aparmaq, ərazi bütövlüyünü tanımaq, diplomatik, iqtisadi, mədəni, qarşılıqlı əlaqələri qurmaq şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasından keçəcək: “Bu dəhliz nə qədər tez açılarsa, bölgədə sabitlik, əməkdaşlıq bərpa oluna bilər”.

Musaq Quliyevə görə, pandemiyanın yaratdığı iqtisadi çətinliklərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edir: “Artıq ölkəmizin iqtisadi artımı, xarici ticarətdə müsbət saldosu göstərir ki, Azərbaycan yenidən öz iqtisadi imkanlarını genişləndirir. Bu baxımdan ilin axırına qədər ökəmizin iqtisadi göstəricilərinin 2018-2019-cu illərdəki səviyyədə olması proqnozlaşdırılır”.

Komitə sədri sadalayıb ki, ölkəmizin hərbi gücü də kifayət qədərdir: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dünyanın 50 ən güclü orduları sırasından yəqin ki, ilk 30 güclü ordu sırasına yüksələcək. Bu baxımdan ölkəmizin hərbi gücünün imkanlarını Ermənistanda da anlayırlar”.

Deputat hesab edir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Ermənistanda həm də bir Qərbi Zəngəzurun olması düşüncəsini də formalaşdırır: “Sözsüz ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan torpaqlarına da azərbaycanlıların qayıdışının təmin olunması tarixi ədalətin bərpası olacaq. Prezident də məhz bu fikirləri söyləyib.

Amma bu o demək deyil ki, Azərbaycan öz tarixi ata-baba torpaqlarına müharibə missiyası ilə gedəcək. Sülh yolu ilə də o ərazilərə qayıtmaq mümkündür. Tarixən öz aralarında uzun 10 illiklər münaqişələr olmuş dövlətlər də sivil qaydada öz münasibətlərini qurublar. Azərbaycanla Ermənistan arasında da bu münasibətlər qurulmalıdır. Ermənilər də bunu anlayır. Onların narahatlığına, narazılığına baxmayaraq, fakt odur ki, ermənilər iddialarından əl çəkmək məcburiyyətindədir. Dövlət başçısı da son müsahibəsində bu mesajları açıq şəkildə ünvanlayıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər