“Bölgədə qəribə bir situasiya yaranıb. Əgər bu davam etsə, yenidən “Dəmir yumruq” və ya antiterror əməliyyatlarını bərpa etmək lazım gələcək. Türkiyə də ehtiyac olacağı təqdirdə Azərbaycana hərbi yardım edəcəyini bildirir. Bu isə Ermənistan dövlətçiliyinə son qoya bilər. Zənn edirəm ki, o zaman kimsə Ermənistanın dadına çatmayacaq. Hətta onu hərarətlə müdafiə edən Fransa belə onun köməyinə gələ bilməyəcək”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu desə də, erməni hərbi qüvvələri həm Qarabağ, həm də sərhəd istiqamətində təxribatlara əl atırlar. İndi maraqlıdır: Ermənistan sülh istəyir, yoxsa yeni cəbhə açmaq?
- Baş verənlər onu göstərir ki, Ermənistanın davranışlarında ciddi dəyişiklik gedir. Əgər 44 günlük müharibədən sonra Paşinyan, ordu mənsubları və əhali qorxu içində idisə, amma müyənnən məqamlar, məsələn, Avropa Birliyi şurasının prezidenti Şarl Mişelin İrəvana səfəri, Makronun bölgəyə səfərinin elan edilməsi, eləcə də Paşinyanın Fransaya səfəri erməni cəmiyyətini qorxudan çıxmağa həvəsləndirib. Müharibədən sonra həm daxildən ciddi təzyiq qarşısında qalan, həm də dərin psixoloji böhran yaşayan Paşinyanın mövqeyi seçkilərdən sonra yenidən möhkəmlənib. İndi də danışıq tonunu dəyişir, dünənə qədər söylədiklərinin üstündən xətt çəkir. Məsələn, vaxtilə Naxçıvanın 1, Qazaxın 7 kəndinin qaytarılması haqda açıq danışdığı halda indi isə bu məsələnin müzakirə mövzusu olmadığını deyir, sərhədlərin müəyyənləşdirilməsindən boyun qaçırır. Əlbəttə, bunların hamısı daxili auditoriyaya hesablanmış addımlardır. Paşinyan bununla müharibə dövründə onun əleyhinə səsləndirilən ittihamları müəyyən qədər səngitmək istəyir.
Ermənistan imza atdığı 10 noyabr və 11 yanvar bəyannamələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bu anlaşmalarda yer alan Zəngəzur dəhlizinin açılması məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Zəngəzur dəhlizi və kommunikasiyaların açılması Azərbaycandan çox Ermənistana lazımdır. İndiyə qədər dünyaya car çəkirdi ki, blokadada boğulur, bunu da ona qarşı Azərbaycan və Türkiyə tətbiq edib. Deyəsən, Paşinyan indi ermənilərə məğlub olduqlarını unutdurmaq istəyir. Amma bir məqamı unutmaq olmaz ki, Paşinyan noyabrın 10-da kapitulyasiya haqqında sənədə imza atmasaydı, 30 mindən çox erməni ordusu mühasirədə qalacaqdı. Yəni Paşinyan dünən dediklərini unudur, yeni yalanlar uydurur. Ermənilər yenə də olmayan faktlar və fikirlərə inandırılır. Ermənistanın siyasətçiləri siyasi dəllallıqla məşğuldur. Paşinyan Azərbaycanla sülh danışıqlarından danışsa da, “Dağlıq Qarabağ statusu” ilə bağlı da iddia irəli sürür.
- Bəs bütün bu gəlişmələr nə ilə nəticənə bilər?
- Bir sözlə, qəribə bir situasiya yaranıb. Əgər bu davam etsə, yenidən “Dəmir yumruq” və ya antiterror əməliyyatlarını bərpa etmək lazım gələcək. Türkiyə də ehtiyac olacağı təqdirdə Azərbaycana hərbi yardım edəcəyini bildirir. Bu isə Ermənistan dövlətçiliyinə son qoya bilər. Zənn edirəm ki, o zaman kimsə Ermənistanın dadına çatmayacaq. Hətta onu hərarətlə müdafiə edən Fransa belə, onun köməyinə gələ bilməyəcək.
- Bölgədə gərginliyin artdığı bir vaxtda ABŞ-ın İrəvandakı səfiri Zəngəzura gəldi. Bu səfərdən sonra isə Dövlət Departamenti Amerika vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədindən uzaq durmağa çağırış etdi. Səfirin bu addımını və departamentin çağırışını necə izah etmək olar?
- ABŞ son addımları ilə o qədər də konstruktiv hərəkət etmədiyini göstərir. Bu addımların bir qismi qızışdırıcı xarakter daşıyır, aşkar şəkildə Ermənistanın mövqeyindən danışır. Müxtəlif adlar altında Ermənistana 100 milyon dollarlıq yardımın ayrılması, “Cənubi Qafqaz siyasi ABŞ-ın prioritetlərindən biridir” kimi fikirlərin səsləndirilməsi, Azərbaycanın “Ermənistan ərazilərinə təcavüz”də ittiham olunması bölgədə vəziyyətin normallaşmasına xidmət etmir. Səfir də vəziyyətlə yerində tanış olmaq üçün gəlib, amma ona məlumat verən erməni hərbçiləridir. Şübhəsiz ki, bu məlumatlar da təhrif edilərək, Ermənistanın maraqlarına uyğun çatdırılıb.
Departamentin açıqlamasına gəlikdə, ABŞ tərəfi dəfələrlə Qarabağla bağlı məsələlərdə öz vətəndaşlarına belə çağırışlar edib. Əslində, ABŞ-ın özü də görür ki, Azərbaycan Qarabağla bağlı prinsipial mövqeyini dəyişməyəcək. Ermənilər də təxribatçı mövqelərini davam etdirsə, bu, yeni toqquşmalara gətirib çıxaracaq, Azərbaycan ordusu bu dəfə Ermənistan ordusuna əməlli-başlı dərs verəcək. Nəticədə bölgədə vəziyyət bu müharibənin qanunları ilə müəyyən ediləcək. Çox güman ki, səfir Azərbaycanın həm sərhədlərin müəyyənləşdirilməsi, həm bölgədə kommunikasiyaların açılması, həm də status məsələsi ilə bağlı Azərbaycanın israrlı mövqeyini, eləcə də Ermənistanın da bunların əksinə olan istəklərini öz ölkəsinə çatdırıb. Beləliklə, Dövlət Departamenti belə bir açıqlama vermək qərarına gəlib.
ABŞ Zəngəzur dəhlizinin və kommunikasiyaların açılması məsələsində konstruktiv mövqe tutmur. Amerika bir neçə dəfə həmin dəhlizin açılmasının əhəmiyyətsiz və bu prosesin əleyhinə olduğunu, bunun daha çox İranın xeyrinə ola biləcəyini bildirib. Yəni ABŞ bölgədə sülh və sabitliyin bərqərar olmasına şərait yaradacaq prosesə əngəllər yaratmaqda maraqlıdır.
- Fransa Prezidenti Emmanuel Makronun bölgəyə gözlənilən səfəri haqda nə düşünürsünüz: bu, Parisin bölgədə gedən geosiyasi proseslərdə iştirakına zəmin yarada bilərmi?
- Fransa qədər bölgədəki prosesi qızışdıran, işğalçı Ermənistanın mövqeyini müdafiə edən – Rusiyanı istisna edirəm – ikinci bir dövlət yoxdur. Fransa həm Ermənistana maddi yardım göstərir, həm də Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün atdığı addımları dünya ictimaiyyətinə yanlış formada çatdırmağa çalışır. Əlbəttə, Makronun həm 44 günlük müharibə, həm də bundan sonrakı dönəmdə aşkar formada ermənipərəst siyasət yürütməsi Azərbaycanın nəzərindən yayınmayıb. Fransa bölgədə sülh və əmin-amanlığın yaradılmasına yox, proseslərin qızışdırılması və mürəkkəbləşdirilməsinə çalışır.
Hesab edirəm ki, Avropa Birliyinin Ermənistana 2.6 milyard dollarlıq yardım ayırması qərarında da Fransanın rolu var. Bu xəbəri Ermənistana çatdıran Şarl Mişelin özü də milliyyətcə fransızdır. Bundan sonra Makronun İrəvana səfər edəcəyinin açıqlamanması bölgədəki proseslərə konstruktiv yön vermək əvəzinə, vəziyyəti daha da qarışdırmağa xidmət edir. Makron isə nə öz ölkəsində, nə də dünyada sevilir. O, ağıllı və təcrübəli siyasətçi hesab olunmur. Əlbəttə minlərlə kilometr məsadəfən durub Cənubi Qafqaza gələn Makronun məqsədi Ermənistanın maraqlarını müdafiə etmək və onun uğrunda mübarizə aparmaq, burada təhrikedici və qızışdırıcı bəyanatlar vermək, başda Avropa Birliyi olmaqla, digər beynəlxalq təşkilatları bu yöndə təhrik etməkdir. Bu da onu göstərir ki, Fransa bölgədə yaxın qonşuluq münasibətlərinin qurulmasına, sülhün təmin edilməsinə heç bir töhfə verə bilməz.
Makronun bölgəyə səfəri dağıdıcı xarakter daşıyacaq. Bu səfər Ermənistanı daha da qızışdırmaq, onu yeni təxribatçı addımlar atmağa təhrik etmək, sözün əsl mənasında bölgəni qarışdırmaq xarakteri daşıyacaq. Bu baxımdan, Makronun Bakı səfəri də bölgədəki münasibətlərə heç bir müsbət töhfə verə bilməz. İrəvanda öz zəhərini ermənilərin beyinlərinə yeritdikdən sonra Bakıya gələrək burada “konstruktiv” açıqlamalar verməklə, Ermənistanda söylədiklərinin təsirini azalda bilməyəcək.