“Azərbaycan-Türkiyə arasındakı münasibətlərin ruhuna uyğun olaraq, xüsusilə Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrə, iki ölkə rəhbərlərinin qardaşlıq, eyni zamanda, bərabərlik, tərəfdaşlıq, qarşılıqlı hörmət və müstəqillik prinsiplərinə söykənərək münasibətlərimizin, əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq.”
Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşirlə partiyanın Mərkəzi Aparatında görüşündən sonra jurnalistlərə aşıqlamasında söyləyib.
Bahar Muradova qeyd edib ki, işlərimiz çoxdur: “O işlərin bir qismi ölkə daxilinə, bir qismi regiona aiddir. Qalanları isə dünyamiqyaslı işlərdir. İnanıram ki, Türkiyə-Azərbaycan birliyinin sayəsində bütün bu işlərin öhdəsindən gələcəyik. Ona görə ki, bizim güc qaynağımız xalqlarımızdır, onlar arasında olan dostluqdur, qardaşlıqdır, əməkdaşlıqdır, eyni zamanda, qarşımızda dayanan hədəflərdir. Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm. Biz də bu sırada iştirak etdiyimiz üçün, bizim də azacıq da olsa töhfəmiz olduğu üçün xoşbəxtik.”