Azərbaycan-Türkiyə qardaşlığı tarixi, milli, dini, mənəvi sarsılmaz dəyərlərə əsaslanır. İki dövlət, bir millət anlayışı bu gün bir deviz olaraq birliyə, bütövlüyə xidmət edir. Qardaş Türkiyədə son günlər baş verən yanğınların miqyasının böyüməsi Azərbaycan dövlətini, xalqımızı səfərbər olmağa, qardaşlarımıza birmənalı dəstəyimizin açıq xarakter almasını özündə ehtiva edib. Çünki birlik, bir xalq anlayışı bütün bəlaların, problemlərin həllində vacib rol oynayır. İki qardaş dövlətin qarşıya qoyulan hədəflərin və problemlərin həllində sərgilədiyi mövqe dünya üçün də örnəkdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu dünyada sülhə, əməkdaşlığa, dövlətlərarası münasibətlərin bu müstəviyə daşınmasına mühüm töhfədir: “İki qardaşın bir-birinə istənilən məsələdə dəstək olması təbiidir. Bu mənadan qardaş ölkədə son günlər geniş miqyas alan yanğınlar hər bir azərbaycanlını narahat edir. Hazırda Azərbaycan dövləti, ayrı-ayrı qurumlarımız qardaş ölkədə yanğınların qarşısının alınmasında iştirak edir. Çünki qardaş Tükiyədə baş verən istənilən xoşagəlməz hal bizi natahat edir, düşündürür”.
Ceyhun Məmmədov vurğulayıb ki, II Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycana birmanalı dəstəyi xalqımızn yaddaşından heç vaxt silinməyəcək: “Bu dəstək Azərbaycana hər zaman olub. Məhz Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə görə, qardaş ölkə bu dövlətlə bütün əlaqələri kəsib. Ermənistanın Azərbaycana olan təcavüzünə görə Türkiyənin bu dövlətlə sərhədi uzun 10 illiklərdir bağlıdır. İki dövlət həm regional, həm də beynəlxalq müstəvidə olan tədbirlərdə və tribunalarda bir-birinin maraqlarını açıq şəkildə müdafiə edir. Çünki Türkiyə-Azərbaycan qardaşlığı bir amala xidmət edir. Bu birlik özündə iki dövlətin istənilən məsələdə birlikdə addım atmasını ehtiva edir”.
Millət vəkili qardaş ölkədə olan yanğınlara görə Azərbaycanda hər kəsin böyük narahatlıq keçirdiyini söyləyib: “Dövlətimiz özünün bütün imkanları ilə Türkiyədəki yanğınların qarşısının alınmasında birmənalı dəstək nümayiş etdirir. Eyni zamanda hər birimiz qardaş ölkəyə istənilən dəstəyi, yardımı etməyə hazırıq və bu, bizim mənəvi borcumuzdur”.