13 Avqust 2021 18:43
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının 11-də baş vermiş üç hadisə regionda çox qəliz mürəkkəb proseslərin getdiyindən xəbər verir və uzağa gedən bir sıra nəticələr çıxarmaq üçün əsaslar yaradır. Həmin gün Azərbaycan Müdafiə Nazirliyi sərt bəyanat qəbul etdi. Bəyanatda 2020-ci ilin 10 noyabrda imzalanan sənədin 4-cü bəndinin yerinə yetirilmədiyi vuruğulandı. Həmin bəndə görə erməni silahlılarının tör-töküntüləri Qarabağı tərk etməli idi. Amma bu baş verməyib. Əksinə Rusiya sülhməramlılarının dəstəyi ilə erməni silahlıları Qarabağa yerləşdirilib. Daha dəqiq desək, ermənilər Muxtar kənd və Şuşakənd ətrafında, Laçın və Zəngilanın şərq hissəsində postlar qurur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, hazırda o ərazilərdə erməni postlarının qurulması 10 noyabr sənədi ilə daban-dabana ziddiyyət təşkil edir: "Buna görə, sülhməramlılar məsuliyyət daşıyır. Azərbaycan tərəfinin sərt bəyanatında vurğulanır ki, baş vermiş hadisələrə görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Həmin gün Xarici İşlər Nazirliyi də İran tərəfinə nota verib. İran səfiri XİN-ə dəvət edilib. Səfirə təkzibedilməz faktlarla İran ərazisindən Qarabağa təyinatı məlum olmayan yüklər daşındığı bildirilib. Sözsüz ki, bütün bunlar Azərbaycanın icazəsi olmadan baş verib. Bu, həmçinin İranın Ermənistana dəstəyi kimi qəbul olunur və iki dövlət arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinə uyğun gəlmir".

Deputat bildirib ki, Prezident bu məsələlərlə bağlı son çıxışlarının birində dəqiq məlumatlar verib: "O qeyd edib ki, üçüncü ölkələrin ərazisindən Qarabağda ermənilərə dəstək üçün yüklər daşınır. İzi itirmək üçün həmin maşınların nömrələri bəzən erməni nömrələri ilə dəyişdirilir. Bu isə Azərbaycan-İran münasibətlərinə xələl gətirir və onun perspektivinə ziyan vurur".

Millət vəkili həmçinin 11 avqustda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistanın yeni müdafiə nazirini qəbul edərkən səslənən fikirlərə də münasibət bildirib: "Həmin görüşdə Ermənistan ordusunun modernləşdirilməsinə Rusiyanın ciddi dəstək verəcəyi ifadə olunub. Eyni zamanda Şoyqu Ermənistanı Rusiyanın əsas strateji müttəfiqi adlandırıb. Bu da təbii ki, Ermənistanda revanşizm duyğularını gücləndirən bir haldır. Sözsüz ki, bu faktlar 10 noyabr və 11 yanvar sənədlərinin işləməsi üçün çox ciddi əngəllər yaradan bir haldır".

Elman Nəsirov hesab edir ki, bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir: "Ona görə də, bu məsələlərlə bağlı Azərbaycanın iki mühüm dövlət qurumu Müdafiə və Xarici İşlər Nazirliyi açıq şəkildə öz sərt mövqeyini ifadə edib. Bu reallıqlar fonunda Ermənistanın baş naziri sülh danışıqlarına hazır olduğunu bildirir. O, hətta ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini elan edir. Amma bu da Ermənistanın növbəti təxribatçı davranışıdır. ATƏT-in Minsk qrupu öz ömrünü başa vurub. Çünki bu təşkilat münaqişənin həllinə heç bir köməklik etmədi. Azərbaycan özünün imkanları ilə münaqişəni həll etdi və "status" məsələsini də tarixin arxivinə göndərdi".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər