17 Avqust 2021 19:51
8 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, Talibanın fəaliyyəti təkcə Əfqanıstanla yekunlaşmayacaq, taliblərin qonşu ölkələrdə də bir sıra addımlara cəhdləri ola bilər. Bir sözlə, yaxın perspektivdə sözügedən bölgədə - Mərkəzi Asiyada vəziyyətin getdikcə gərginləşəcəyini demək olar. Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstan və bölgədə yeni terror qruplaşmaları ortaya çıxa bilər. Bu, digər ekstremisləri də hərəkətə keçməyə həvəsləndirəcək”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Bundan sonra bölgəni nə gözləyir?

- ABŞ hərbi qüvvələrini geri çəkdikdən sonra Taliban dərhal hərəkətə keçdi. Yaranmış fürsətdən istifadə edən taliblər ən qısa vaxtda ölkə və hakimiyyəti zəbt etdi. Bu, Prezident Əşrəf Qaninin ölkədən qaçması ilə nəticələndi. Əvvəlcə Tacikistana üz tutan Qani hakimiyyətdən tamamilə əl çəkdi. Hesab edirəm ki, Əfqanıstanda vəziyyət getdikcə gərginləşir və bu da yaxın perspektivdə qonşu ölkələrə də öz təsirini göstərəcək, bu proses də artıq başlayıb. Əvvəlcə rus qoşunlarının, daha sonra Amerika hərbi qüvvələrinin zəbt etdiyi Əfqanıstan illərdir heç bir inkişafa nail ola bilmir.

Görünən budur ki, hegemon güclər olduqca strateji mövqedə yerləşən Əfqanıstanın inkişafına bilərəkdən mane olurlar. Bu da Əfqanıstanı xarici oyunçularla yanaşı, Taliban kimi daxili qüvvələrin də müharibə meydanına, açıq narkotik və silah bazarına çevirib. Bütün bunlar Əfqanıstanın inkişafı qarşısında ciddi maneələr yaratdı.

Hesab edirəm ki, Talibanın hakimiyyətə gəlməsi də Əfqanıstana yaxşı heç nə vəd etmir. Çünki taliblər ölkədəki şəriət qanunlarının daha da sərtləşdirilməsindən, Əfqanıstan İslam Əmirliyinin qurulmasından danışırlar. Görünür, Talibanın irəli çəkdiyi sərt qaydalar Əfqanıstanda yaşayan hər kəsə təsir edəcək.

Qənaətimə görə, Əfqanıstanda şəriət qanunlarının radikal formada sərtləşdirilməsi bölgənin digər dövlətləri üçün də təhdiddir. Rusiyanın özü burada böyük bir hədəylə üzləşir. Çünki Rusiyanın da Əfqanıstan və bölgədə böyük maraqları var. Bu hədələrdən yayınmaq istəyən Moskva Əfqanıstanın yeni hökuməti ilə anlaşmağa məcbur olacaq. Bununla belə, hesab edirəm ki, Talibanın fəaliyyəti təkcə Əfqanıstanla yekunlaşmayacaq, taliblərin qonşu ölkələrdə də bir sıra addımlara cəhdləri ola bilər. Bir sözlə, yaxın perspektivdə sözügedən bölgədə - Mərkəzi Asiyada vəziyyətin getdikcə gərginləşəcəyini demək olar. Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstan və bölgədə yeni terror qruplaşmalarının ortaya çıxa bilər. Bu, digər ekstermitsləri də hərəkətə keçməyə həvəsləndirəcək.

- Taliban Əfqanıstanda hərbi qüvvələrini saxlayan Türkiyə ilə anlaşa biləcəkmi?

- ABŞ-ın Əfqanıstandan çıxmasından sonra orada müəyyən həcmdə NATO qüvvəsi saxlanılmalıydı. Bu da NATO-nun müsəlman üzvü Türkiyəyə həvalə olundu. Türkiyə Prezidenti Ərdoğan öz açıqlamasında bildirdi ki, vaxtilə ABŞ-la anlaşan Taliban indi Türkiyə ilə bir masa ətrafında oturmalıdır. Yəni yeni hökumət NATO missiyası çərçivəsində Türkiyənin bu ölkədəki varlığını qəbul etməli və anlaşmalıdır. Talibanın özü də son açıqlamasında Türkiyə ilə düşmən olmadığını bildirdi, hətta onu “qardaş ölkə” adlandırdı. Eləcə də Türkiyə ilə yaxın əlaqələr qurmaqda maraqlarını ifadə etdi. Bunun üçün Ərdoğana xahişlərini çatdırdı. Amma digər yandan da, Kabildə qalacaq ikinci və ya üçüncü ölkələrin hərbi qüvvələrinə düşmən gözləri ilə baxacaqları kimi mesajlar da verirlər. Təbii ki, Taliban heç vaxt verdiyi vədləri yerinə yetirməyib. Bundan əvvəl də Əfqanıstanda hakimiyyətdə olan taliblər vədlərinə əməl etməyiblər.

Ankaradan verilən son mesajlar budur ki, Taliban ABŞ-la olduğu kimi, Türkiyə ilə də anlaşmalıdır. Əks təqdirdə, Əfqanıstanda tamam başqa olaylar cərəyan edə bilər. Söhbət yeni hərbi əməliyyatların başlanmasının mümkünlüyündən gedir. Əfqanıstan bu gün elə bir durumdadır ki, xarici ölkələr oradakı səfirlik və vətəndaşlarını çıxarmağa başlayıb. Taliban elə bir xof yaradıb ki, hər kəs narahatdır və çıxış yolunu Əfqanıstandan uzaqlaşmaqda görür. Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə açıqlama verdi ki, Kabildəki Türkiyə səfirliyi qalacaq və öz fəaliyyətinə davam edəcək. Bu da Türkiyənin Əfqanıstana göstərdiyi loyal münasibətdir ki, onunla sövdələşməyə getmək istəyir. Hesab edirəm ki, Türkiyədən verilən mesajlar və atılan addımlar Talibanla anlaşmanın əldə olunacağından xəbər verir. Əks halda, Türkiyəyə təhdid yaranarsa, buna adekvat cavablar veriləcək.

- Son günlərdə Ermənistan tərəfi atəşkəsi intensiv şəkildə pozur. Baş verənlər nə ilə nəticələnə bilər?

- Ermənilər tərəfindən atəşkəsin pozulması halları intensiv xarakter alıb. Bu, Ermənistan hakimiyyətinin daxili auditoriyaya hesablanmış oyununa bənzəyir. 44 günlük müharibədən sonra Ermənistan daxilində hökm sürən xaotik vəziyyət situasiyanı bu yerə gətirib çıxarır. Paşinyan və komandası bir yol tapıb cəmiyyət və müxalifətin nəzərində öz reytinqini qaldırmağa çalışır. Nəticədə Azərbaycana qarşı silaha əl atırlar. Çıxış yolu axtaran Paşinyan öz boyundan yuxarı tullanmağa, Azərbaycana qarşı ritorikanı sərtləşdirməyə cəhd edir. Çünki Paşinyan görür ki, artıq Qarabağ əldən çıxıb, yenidən ələ keçirmək mümkün olmayacaq, üstəgəl də, Xankəndi və Zəngəzur dəhlizi məsələləri masadadır. Bunlar da daxildə Paşinyana qarşı təzyiqləri artırır.

Çətin durumda qalan Paşinyan Rusiyadan yardım umur. Bu yardımın da KTMT çərçivəsində olmasını istəsə də, Moskva buna yaxın durmur. Əlbəttə, Rusiya Ermənistana yardım edir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında da bu məsələyə toxundu. Prezident bildirdi ki, biz Rusiyanın Ermənistana silah verməsindən xəbərdarıq və buna son qoyulmalıdır. Dövlət başçısı bu yöndə İrana da öz mesajını çatdırdı.

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətsizliyi isə Qarabağda da durumu gərginləşdirir. Qanunsuz silahlı birləşmələrin Qarabağa girişinə göz yuman sülhməramlılar da yaranmış durumdan məsuliyyət daşıyırlar. Sülhməramlılar buna şərait yaratmasalar separatçılar tərəfindən bir güllə belə atıla bilməz. Bu da Rusiyanın öz sülhməramlıları qarşısında qoyduğu siyasətdən irəli gəlir.

Sərhəddəki gərginliyə gəldikdə, Paşinyan ATƏT-in Minsk qrupunun digər iki həmsədri – ABŞ və Fransanın bu prosesə cəlb olunmasına cəhdlər edir. O, eləcə də KTMT-nin müdaxiləsindən danışır. Amma bunun baş tutacağını düşünmürəm. Əli hər yerdən üzülən Paşinyan ən azı Rusiyaya ümid etsə də, Moskva da ona adekvat cavab vermir. Çünki Rusiya bu addımı ataraq, Türkiyə ilə üz-üzə qalmaq istəmir. Paşinyan ya Azərbaycanla sülh sazişinə imza atacaq, ya da “səbr kasası” dolan Azərbaycan yeni anti-terror əməliyyatlarına başlayacaq. Bu isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, eləcə də sərhəd boyunca olan digər tarixi ərazilərimizin azad edilməsi demək olacaq.

- Bəs Rusiya niyə üçtərəfli anlaşmaları yerinə yetirməkdən boyun qaçırır?

- Rusiya ikili oynayır: nə Azərbaycanı, nə də Ermənistanı itirmək istəyir. Rusiya yenə də ənənəvi siyasətinə sadiq qalaraq, bu məsələdən istifadə edərək hər iki ölkəni öz təsirində saxlamaq istəyir. Bu baxımdan, Ermənistanın atəşkəsi özbaşına pozduğunu düşünmürəm, bu, Kremldən verilmiş “fətva”dır. Amma bu oyunda uduzan Rusiya olacaq. Çünki Rusiya imza atdığı anlaşmaları yerinə yetirməsə, bölgədəki mövcud durumu qorumağa çalışsa, Türkiyənin masada yer qalması qaçılmaz olacaq. Yəni Türkiyə daha fəal şəkildə özünü göstərəcək. Bu halda da Rusiya Azərbaycan kimi strateji tərəfdaşını itirəcək. Nəticədə Rusiya bölgə xaricində qalacaq. Buna görə də, Rusiya ilə bir gün Türkiyə ilə üzləşəcəyi reallığını nəzərə almalıdır.

Hesab edirəm ki, Rusiyanın öz öhdəliklərindən yayınması ona yaxşı heç nə vəd etmir. Durum belə davam edərsə, Azərbaycan sülhməramlıların 5 ildən də tez bir zamanda Qarabağdan çıxarılması məsələsini qaldıra bilər. Belə bir addım atılsa, Rusiyanın bölgədə heç bir nüfuzu qalmayacaq və bölgəni tamamilə itirəcək.

Əslində Rusiya bu gün Azərbaycanın ona etdiklərini görməzdən gəlir. Bu gün Azərbaycanda çox sayda rusdilli məktəb fəaliyyət göstərir, rusdilli insanlar ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar, rus mədəniyyətinə böyük rəğbət var və s. Amma Rusiya buna baxmayaraq, yenə də pozuculuqla məşğuldur, Azərbaycanın haqlarını görmək istəmir, işğalçını dəstəkləyir. Amma Rusiya anlamalıdır ki, bugünkü Azərbaycan əvvəlki ölkə deyil. Öz gücünə torpaqlarını işğaldan azad edən Azərbaycanın Pakistan və Türkiyə kimi güclü müttəfiqləri də var. Rusiya bu dövlətlərlə də hesablaşmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər