19 Avqust 2021 16:17
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çoxumuz düşünürdük ki, qlobal texnoloji savaş hara, Əfqanıstan və Taliban hara? Haqlı sualdır, amma məsələyə bir qədər dərindən baxsaq, görərik ki, yaxın 20 il ərzində gedəcək qlobal texnoloji savaşın bugünkü mərkəzi məhz Əfqanıstandır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, dünyanın gələcəyini həll edən əsas amil texnoloji inkişafdır:

“Texnologiyaların inkişafında və tətbiqində kim irəli çıxacaqsa, dünyada söz sahibi də o olacaq. Burda da əsas rəqabət təbii ki, böyük texnoloji dövlətlər arasında gedir. Yəni, əsasən Çin və ABŞ, qısmən də Rusiya, Yaponiya və bir sıra digər dövlətlər. Texnoloji inkişaf dünyanın enerji mənzərəsini əsaslı şəkildə dəyişir, enerji məsələsi isə hər zaman aktual qalacaq. Artıq bu gün karbohidrogen mənşəli enerjiyə tələbatın azalmasının konturları aydın görünür. Benzin və dizel yanacağı ilə işləyən avtomobilləri əvvəl hibrid maşınlar əvəzləyirdisə, indi isə artıq elektriklə hərəkət edən avtomobillər sürətlə önə çıxmaqdadır. Bu isə yaxın gələcəkdə ilk növbədə litium metalına olan tələbatı artıracaq. Statistika və hesablamalar da belə göstərir. Hazırda elektrik batareyaları üçün istifadə olunan litiumun ABŞ 80%, Avropa Birliyi isə 98% Çindən idxal edir. Çin isə bu metalın bir hissəsini öz ərazisində, qalan hissəsini isə Afrika ölkələrində hasil edir.

Proqnozlar göstərir ki, yaxın 20 il ərzində litiuma olan tələbat azı 40 dəfə artacaq və deməli, Çinin də qlobal iqtisadiyyata və texnoloji inkişafa təsiri indikindən qat-qat çox olacaq. Məsələn, son aylar yarımkeçiricilərin ixracını azaldan Pekin öz elektrik avtomobillərinin istehsalında 1% artıma nail olub. Bu isə ildə 12% deməkdir. Litium təkcə elektrik batareyaları üçün xammal deyil, ondan və digər torpaq metallardan hazırda sınaq mərhələsində olan, yaxın gələcəkdə isə geniş tətbiqi nəzərdə tutulan hidrogen elektrik stansiyalarıının reaktorlarında da istifadə olunacaq. Bu stansiyaların quraşdırılması isə enerji sahəsində əsaslı dönüş olacaq”.

Məsələnin Əfqanıstana aid olan tərəfinə gəldikdə, Ərəstun Oruclu bildirb ki, əvvəllər əsas litium ehtiyatı olan ölkə Boliviya idisə, bugünkü dəyərləndirmələrə görə Əfqanıstandakı litium və digər torpaq metallar ehtiyatları ondan çox (pul ekvivalentində təxminən 1 trilyon dollar) qiymətləndirilir:

“Əfqanıstan uğrunda savaşın da başlıca səbəblərində biri (yüksək ehtimalla birincisi) elə budur. Amma burda da sual çıxır ki, o zaman həmin ölkəyə 20 il nəzarət edən ABŞ niyə bu məsələ ilə məşğul olmayıb ki, yaxın gələcəkdə Çindən asılılığı aradan qaldırsın? Haqlı sual olardı, amma cavabı da məlumdur. Belə ki, ölkədə infrastruktur və təhlükəsizliyin olmaması nəhəng investisiyalar tələb edirdi ki, bu da Əfqanıstanda hasil olunacaq torpaq metalların qiymətini Çindən alınacaq məhsulun qiymətindən xeyli baha edirdi.

İqtisadiyyatın isə öz qanunları var: heç kim ucuz malın yanından keçib bahaya can atmır. O zaman bir sual da ortaya çıxır ki, bunu bilən ABŞ nədən Əfqanıstanı tərk edib onu Çin-Rusiya cütlüyünün öhdəsinə buraxırdı? Məsələ budur ki, Vaşinqtonda Çinin də Əfqanıstanda həmin metalların hasilatına baş qoşmayacağını yaxşı bilirlər. Elə ABŞ-ın bunu etmədiyi səbəblərdən. Amma Çin həmin ehtiyatları və deməli Əfqanıstanı öz nəzarətində saxlamağa çalışacaq ki, gələcəkdə zərururət yarandıqda hasilata başlasın. Onun bu məsələdə tərəfdaşı kimi hələlik Rusiya görünür”.

Politoloq qeyd edib ki, ABŞ Çin-Rusiya tandemini “əfqan bataqlığı”nın dərinliklərinə çəkməyə çalışacaq:

“Deməli, Əfqanıstan da dəyişməyəcək və yeganə fərq bu olacaq ki, hakimiyyətdə olan Talibana qarşı başqaları döyüşəcəklər. Yüksək ehtimalla, özbəklər və taciklər, amma digər azsaylı etnik qrupların da bu savaşa cəlb olunacağı istisna deyil.

Sonda bir haşiyə də çıxım: dünyada əsas litium ehtiyatına malik olan ölkələrdən biri də Boliviyadır - dünya ehtiyatının təxminən 25% (21 milyon ton) bu ölkədədir. Bəlkə elə bu səbəbdən idi ki, 2019-cu ilin sonlarında prezident Evo Morales qiyamçı hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Amma qısa vaxtdan sonra keçirilən seçkilərdə onun partiyasının namizədi inamlı qələbə qazandı və devrildikdən sonra ölkəni tərk etmiş Morales triumfal şəkildə Boliviyaya qayıtdı. Bu isə onun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyən Tramp administrasiyasının Cənubi Amerika siyasətində ikinci ciddi uğursuzluğu idi. Birinci Venesuelada olmuşdu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər