Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, COVID-19 pandemiyası artıq iki ilə yaxındır ki, davam edir. Dünya səhiyyəsi, alimlər, araşdırmaçılar bu infeksiyanın kökünü qazmaq istəsə də, buna nail ola bilmirlər. Son aylar dünyada virusun təbii deyil, süni şəkildə idarə edildiyi, bu səbəbdən də hər 2-3 aydan bir yeni infeksiya dalğasının yaradıldığı haqda fikirlər güclənir. Siz nə düşünürsünüz?
- Əslində müxtəlif fikirlər səsləndirilir. Əlbəttə, mən bunun elmi araşdırmasını, səhiyyə tərəfini bilmirəm. Ancaq deyə bilərəm ki, koronavirus iqtisadi baxımdan əsaslandırılan gözəl təxribat layihəsidir. Çünki dövlətləri çökdürmək üçün bu layihə gündəmə gətirilib. Bill Qeyts əslində bunun anonsunu çoxdan vermişdi. Ehtimal olunur ki, bu, ABŞ-ın layihəsidir və ötən əsrin sonunda qəbul edilib. Amerikalıların fikrincə, dünyada 2 milyard əhali yaşamalıdır, onun bir milyardı varlılar. Bir milyardı isə onlara xidmət edəcək kasıblar olmalıdır. Qalan əhali isə artıqdır.
ABŞ birinci bunu Afrikada həyata keçirdi. Afrika qitəsində 1 milyard əhali yaşayır, halbuki Hindistanda 1,4 milyard əhali var. Afrikanı bitirdilər. Həm sivilizasiya inkişaf etmədi, həm resursları dağıtdılar, həm də xəstəliklər yaratdılar. Nəzərə alın ki, hazırda dünyada resursların 60 faizi məhz 1 milyard varlının əlindədir. Orta təbəqənin əlində 20 faiz resurs var. Yerdə qalan 5,7 milyad əhali 20 faiz resursla dolanır. Əslində isə varlıların əlindəki resurslar ədalətli paylansa, dünyada bir nəfər belə kasıb qalmaz. Amma onlar bunu istəmirlər. Bu xəstəlik də bir layihədir və çalışırlar ki, dünyada insan artımının qarşısını alsınlar, çünki Afrikada buna nail olublar. Orada da açar dövlət Misirdir. Yalnız ona imkan verilib ki, əhalisi artsın. Əlbəttə, istisnalar var, məsələn, Nigeriyada əhali 200 milyondur. Bir sözlə, Afrikada istədiklərinə nail olublar.
Ehtimal edirəm ki, indi əsas məqsəd Asiyanı çökdürməkdir. Çünki dünya əhalisinin yarıya qədəri Asiyada yaşayır. Diqqət etsəniz görərsiniz ki, bu prosesdə ABŞ, Çin iştirak edir.
- Sizcə koronavirus bioloji silah kimi istifadə olunur?
- Mənim fikrimcə, bu daha çox bioloji silaha yaxındır. Çünki həkimlər də bu virusun əlində əlacsız qalıb. Üstəlik buna qarşı peyvəndlər hazırlanmışdı, amma o qədər də effekt verə bilmir. İndi hazırlanan peyvəndlərin bəzisi gündəmdən çıxarıldı. Bu xəstəlik deyil. Bəli, belə infeksiyalar zaman-zaman olub. Maraqlı məqam odur ki, hər 100 ildən bir belə xəstəliklər ortaya çıxır. 1920,1820-ci illərdə belə xəstəliklər olub. Son 400 ildə hər 100 ildən bir belə infeksiyalar ortaya çıxır. O da aydındır ki, koronavirus xəstəlik kimi ötən əsrin 60-70-ci illərindən elmə məlumdur. Ancaq onun müxtəlif ştammlarla yayılması, genində mutasiyaların baş verməsi insanlarda qorxu yaradır. Bunun başqa səbəbi də var. Əvvəla, insanlar təkcə infeksiyadan vəfat etmir. İnsanlar həm də işsizlikdən, evə qapanmaqdan, real dünya ilə əlaqələrinin kəsilməsindən, özünə qapanmadan ölür. Bu hal həm də intiharları artırır. Eləcədə virusun ortaya çıxması ilə insanların bütün əlaqələrini qırırlar. Təsəvvür edin ki, qohum-əqraba bir-birini yaddan çıxarır, şübhəli yanaşır, ögeyləşir və ən yaxşı halda virtuallaşır. Mənim qənaətimcə, bu əslində qloballaşma adı altında hazırlanan meqa layihədir. Bu həm də sırf iqtisadi maraqlardan doğur. Elə bu səbəbdəndir ki, xəstəlik davam edir.
- Əgər bu, insan artımının qarşısını almaq üçün düşünülübsə, sizə elə gəlmirmi ki, effekti çox zəif olub. Məsələn, bu günə qədər COVID-19 pandemiyası səbəbindən dünyada vəfat edənlərin ümumi sayı 5 milyona çatmayıb...
- Sizə deyim ki, ölənlərin çoxu məxsusi olaraq bu xəstəlikdən vəfat etmir. Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyanı idarə edən güclərin əlində oyuncağa çevrilib. Dünyada pandemiya o zaman elan olunur ki, dünya əhalisinin minumum 5 faizi bu xəstəliyə tutulsun. Bu günə qədər də belə fakt baş verməyib. Haradasa minumum 30-35 milyon əhali infeksiyaya yoluxduqdan sonra pandemiya elan olunmalı idi. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı öncədən elan etdi və əslində eyni zamanda bəzi dövlətləri bir növ zərərsizləşdirdi.
- Nəyi nəzərdə tutursunuz?
- Ehtimal edirəm ki, bu oyunun başında Rusiyanın çökdürülməsi durur. Sözsüz ki, bu çətin məsələdir. Çünki dünya resurslarının 21 faizi Rusiyanın ərazisində yerləşir. Bu mənada Rusiyanın çökdürülməsi üçün dünyanın bu vəziyyətə salınmasının özü də yaxşı hal deyil. Amma dünyanın özünün pandemiya ilə bağlı ölçüləri bir tərəfə qoydu, indi yeni idarəetmə sistemi-dövlətlərüstü qurum yaratmaq istəyirlər. Bill Qeyts bu prosesin icraçısıdır. Onun başında duran əsas qüvvə-massonlardır. Onların da Allahları şeytandır. Yəni insan faktoru onların üçün ən yaxşı halda dördüncü yerdədir.
- Əslində virus ilk olaraq Çindən çıxsa da, pandemiyadan ən az əziyyət çəkən dövlətdir. Sizcə niyə?
- Əslində bu, Çinin yastığının altından çıxdı. Necə olur ki, bu xəstəlik Çindən çıxır, 1,4 milyarddan çox olan Çinin itkisi 100 min deyil?
- Virus səbəbindən Çində cəmi 6 min insan vəfat edib...
- Bəli, milyard yarım əhalisi olan ölkə üçün bu qədər itki inanılası deyil. Digər tərəfdən, pandemiya dövründə Çinin ümumdaxili məhsulunda artım var. Çin yalnız vaksin satışından 3 trilyon dollardan çox gəlir əldə edib. Ümumilikdə pandemiyanın gündəmə gəlməsi 20 trilyon dollar dəyərindədir. Amma Çin ABŞ-ı da aldatdı. Əslində ABŞ və Çin buna duet şəklində hazırlaşmışdı, sadəcə sonradan Pekin Vaşinqtonu aldatdı. Zənnimcə, burada hədəf Rusiya, Hindistan, Pakistan və ümumilikdə İslam dünyasıdır. Çin ABŞ-ı da aldatdı. Ümumən nəzərə almaq lazımdır ki, Çin dünyada yeganə imperiyadır ki, 3 min ildən çoxdur ki, dağılmır. Çin faktiki dörd dövlətin birləşməsindən yaranıb. Bu günə qədər də Monqolustanı və Uyğurustanı özündə saxlayır. Və həm də onların hesabına dövlət kimi qalır. Çinin əvvəlki paytaxtı tam başqa şəhər idi, sonrakı paytaxtı Pekin oldu. Yəni türklər oradan gedəndən sonra Çin oraları işğal edərək dövlət kimi özünü formalaşdırıb. Bu günə qədər də Çinin təxribatlarının məğzini açan yoxdur. Onlar sakitcə işlərini görürlər. Məsələn, uyğurlara zülm edirlər, tibetliləri qırırlar, Honkonqla savaşırlar. Onların məqsədi budur ki, hamı komunizmə xidmət etməlidir. Orada nə İslam, nə buddizm, nə də başqa din ola bilməz. Bu ssenarini də əsas Çin hazırladı. Çinin şəhərindən virus çıxdı, bir neçə min adam öldü və hər şey qurtardı. Çin bu xəstəliyi yayandan sonra ilk peyvəndi də onlar gündəmə gətirdi və ən tez vaksini də onlar hazırladı. Odur ki, bunun arxasında Çinin durması birmənalıdır. Biz daxil olmaqla dünya Donald Trampa “dəli” deyirdi. Amma Tramp əvvəlcədən bilirdi ki, bu əsasən Çinin layihəsidir. ABŞ-ı aldatdılar, Çin bu işdən uddu.
- Çin ən çox uduş əldə etdisə, Rusiyanın ziyanı daha çox olacaq?
- Əvvəla, Çin Rusiya ilə yaxın deyil, rəqibdir. Çinin böyründə İndoneziyadır- 300 milyona yaxın müsəlman əhalisi var. Digər qonşusu Pakistandır-210 milyon. Görürlər ki, müsəlman aləmində artım var, məqsədləri bunu dayandırmaq, qırmaqdır. Əlbəttə, tarixən türklərə də nifrəti var. Həm də Sibiri ələ keçirmək niyyətləri var. Odur ki, hər şeydən istifadə edirlər. Rusiya da bu prosesdən ən çox əziyyət çəkən ölkələrdən biridir. Həm əhalisi tələf olur, həm də iqtisadiyyatı məhv olur.
- Pandemiyanın nə zaman başa çatacağını ehtimal edirsiniz?
- Mənim özümün xüsusi bir ehtimalım yodur, amma Çin mediasını vərəqlədim. Zənnimcə, Çin bunu 2022-ci ilin aprelində bitirmək istəyir. Ona qədər pandemiya ssenarisi davam edəcək. Bundan sonra daha bir neçə dalğa və onun nəticəsində qapanmaların olması istisna deyil. Bunun da bir məqsədi başqalarını məcbur edərək Çinin istehsal etdiyi peyvəndi almasına nail olmaqdır. Bu prosesdə yalnız insanların ölməsi onlar üçün maraqlı deyil. Çin Afrikanın yarısını alıb, Avropanın borclarını satın alır. Çin həmin dövlətlərin xarici borclarını alır. Çinin yalnız xarici borclara xərclədiyi 4-5 trilyon dollardır. Bu o deməkdir ki, Çin istənilən an Avropanın istənilən dövlətinin ərazisini alacaq. Borcun əvəzinə.