Qədim Azərbaycan şəhəri olan Şuşanın dirçəldilməsini, bərpasını, burada həyatın yenidən canlanmasını xalqımız diqqətlə izləyir. Şuşa çünki adi bir şəhər, tarixi, mədəniyyəti özündə yaşadan, əxz etdirən bir məkan deyil. Eyni zamanda bu şəhər Azərbaycan xalqı üçün milli simvol, mənəvi və sarsılmayan bir dəyərdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Şuşa Azərbaycan üçün milli qürur, mənlik, tarixi dəyər, mədəniyyət təcəssüməsidir:
“Sözsüz ki, Şuşanın 30 ilə yaxın işğalda qalması faktı hər bir azərbaycanlını incidən, üzən və mənəvi sarsıntısına səbəb olan bir hal idi. Bu mənada 44 günlük Vətən müharibəsində “Şuşasız bizim işimiz yarımçıq qalar” deyən Ali Baş Komandan bütün dünyaya açıq şəkildə tarixi şəhərin dövlətimiz, xalqımız üçün əvəzolunmaz bir dəyərə malik olduğunu bəyan etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz sıldırım, keçilməz dağlardan aşaraq tarixi Şuşa şəhərini erməni işğalçılarından azad etməyə müvəffəq oldu. Bununla da bütün dünya Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə, mənəvi dəyərlərinə necə sahib çıxdığına şahidlik etdi”.
Millət vəkili söyləyib ki, 270 illik tarixi olan Şuşa şəhəri bu gün dirçəliş, inkişaf və canlanma dövrünə qədəm qoyub:
“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri burada “Qarabağ” hotelinin, Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı, yeni layihə və obyektlərin təməlini qoyulması Şuşa üçün intibah mərhələsi hesab olunur. Sözsüz ki, Şuşa şəhərinin bərpası və dirçəldilməsi rəmzi olaraq 14 yanvar tarixindən başlayır. 39 il əvvəl Şuşada Ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi açılışı olub. Bu mənada yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfər etməsi çox böyük rəmzi mənası daşıyır”.
Məlahət İbrahimqızı xatırladıb ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə adi bir şəhər deyil, zəngin tarixi abidə, xalqımızın qəhrəmanlıq rəmzi kimi baxırdı:
“Hətta, 1970-ci illərin ikinci yarısında Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərarlar verilib. “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa Qarabağın tacı hesab olunur. Məhz müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini yerinə yetirərək Şuşanı erməni işğalından azad etdi. Hazırda Şuşada böyük quruculuq abadlıq işləri icra olunur. Yaxın vaxtlarda Şuşa yenidən özünün şöhrətini bərpa etməklə Azərbaycanın xalqının da əzminin nümayişi kimi şöhrət qazanacaq”.