Sumqayıt şəhərini Milli Məclisdə təmsil edən deputatların- Hicran Hüseynova, Tahir Mirkişili, Müşfiq Məmmədli və Emin Hacıyevin Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə "Təmiz Şəhər" ASC-də görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı müzakirələr aparılıb, şəhərdə ekoloji vəziyyətin normaya salınması ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi yönündə fikir mübadiləsi edilib
Tədbirdə deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Eyni zamanda "Təmiz Şəhər" ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı Bərk Məişət Tullantıları zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar.
Görüşdə analoji müəssisənin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparıblar. Bildirilib ki, Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı nəticəsində məhsul və xidmətlərin məişət istehlakı artmış və böyük miqdarda bərk məişət tullantılarının yaranmasına səbəb olur. Eyni zamanda qeyd edilib ki, Azərbaycan hökuməti tullantı idarəçiliyini mühüm prioritetlərdən biri kimi Milli Dayanıqlı İnkişaf Strategiyasına daxil etmiş və bu sahədə bəzi uğurlara nail olunub. Belə ki, qanunvericilik bazası yaradılmış və milli strategiya qəbul edilib. İnkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda məişət tullantılarının emalı, xammal kimi istifadə olunma potensialı olduqca aktual məsələdir. Hələ dövlət başçısı İlham Əliyevin 2008-ci ildə Balaxanı Məişət Tullantıları Zavodunun açılışında ölkədə bir neçə yerdə, o cümlədən Sumqayıtda da belə sənaye kompleksləri yaradılması ilə bağlı göstəriş verib.
Müzakirələrdən sonra iştirakçılar Balaxanı Sənaye parkında rezidentlərlə tanış olub və fəaliyyətini müşahidə ediblər.
Növbəti görüşün Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulub.