Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb. Ötən payız 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.
Görüşdə nümayəndə heyətinin başçısı, Türkiyə Tarixi Şəhərlər İttifaqının və Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör səfərin məramını açıqlayıb. Bildirib ki, məqsəd yerli özünüidarə sahəsində təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək və mövcud perspektivləri müzakirə etməkdir.
Hayrettin Güngör Türkiyədə yerli özünüidarə qurumlarının təcrübəsindən də söz açıb, əməkdaşlığa dair bir sıra təkliflərini deputatların nəzərinə çatdırıb.
Sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev avqustun sonlarında Ankarada keçirilmiş şəhər bələdiyyələrinin tədbirində iştirakları barədə məlumat verib. Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışıb.
Görüşdə Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azər Badamov və Kamran Bayramov ölkələrimizin bələdiyyələri arasında əməkdaşlığı yüksək səviyyəyə çatdırmağın vacibliyindən danışıblar. Vaxtaşırı həyata keçirilən təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər. Soydaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıtdıqca o bölgələrdə bələdiyyə institutunun inkişafında Türkiyə bələdiyyələrinin mühüm rol oynaya biləcəyini vurğulayıblar.
Nümayəndə heyətinin üzvlərindən Şırnak bələdiyyəsinin sədri Mehmet Yarka və Yozqat bələdiyyəsinin sədri Celal Köşe Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən qürur duyduqlarını bir daha vurğulayaraq bələdiyyələr arasındakı əməkdaşlığın səmərəli olacağına inam ifadə ediblər.
Söhbət zamanı Tahir Rzayev qonaqlara Milli Məclisin strukturu, ölkəmizdə bələdiyyə institutunun təşəkkülü və inkişaf tarixi, yerli özünüidarəetmə qurumlarına dair qanun yaradıcılığı, dövlətin bələdiyyələrə qayğısı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işi və digər məsələlər barədə ətraflı məlumat verib.
Geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Emin Hacıyev və Səbinə Xasayeva, Türkiyə Bələdiyyələr Birliyi Baş katibinin müavini Kayhan Özüm və qurumun əməkdaşı Yunus Biçer, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak ediblər.