İşğal gününə qədər Kəlbəcərdə bir nəfər də olsun erməni yaşamayıb. Ermənilər Kəlbəcəri işğal etdikdən sonra orada yaşamağa başlayıb. Daha çox da rayonun çay kənarı olan yaşayış məntəqələrində ermənilər qanunsuz məskunlaşma həyata keçirib.
Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.
O bildirib ki, Kəlbəcərdə Tərtər çayı boyunca işğal dövründə ermənilər qanunsuz məskunlaşma siyasəti həyata keçirib:
“Eyni zamanda Kəlbəcər şəhərinin özündə də ermənilərin qanunsuz yaşaması faktları var. Orada bir çox binalar dağıdılıb, Bir çox hallarda isə ermənilər öz məqsədləri üçün yeni binalar tikib”.
Deputat vurğulayıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarmız işğaldan azad edildi və Kəlbəcərdə də qanunsuz məskunlaşmış ermənilər buradan çıxmalı oldu:
“Ermənilər onlara verilmiş vaxt müddətində Kəlbəcərdə qanunsuz olaraq yaşadıqları azərbaycanlıların evlərində çıxarkən də vandallıq etdilər. Yaşadıqları evlərdən çıxara bildikləri qədər əşyaları, tikinti və ev üçün lazım olan hər şeyi daşıyıb apardılar. Çıxara bilmədiklərini isə yandırıb məhv edərək özlərinin nə qədər barbar, dağıdıcı bir toplum olduqlarını bir daha nümayiş etdirdilər. Ona görə də indi Kəlbəcərdə demək olar ermənilərin barbarbarlığı nəticəsində yaşayış üçün normal bir ev qalmayıb. Kəlbəcərin özündə, İsti su qəsəbəsində ermənilər evləri, binaları dağıdıb viran qoyub. Rayonun elə kəndləri var ki, orada bir dənə də olsun salamat ev qalmayıb”.
Aqil Məmmədov bu günlərdə dövlətimizin təşəbbüsü ilə bir qrup kəlbəcərlinin Kəlbəcərə səfərinin təşkilinə toxunub:
“Bu, olduqca təsirli və əhəmiyyətli addımdır. İnsanlar evləri dağılsa, tarimar olsa da, öz doğma ocaqlarını gedib görür, onun axtarıb tapır. Orada yaşamaq üçün heç bir şərait olmasa da, kəlbəcərlilər öz ata-baba torpağında çadır qurub yaşamağa belə hazırdır. Ona görə də kəlbəcərlilər bu gün öz doğma ocaqlarına qayıtmağın hislərini yaşamaq arzusundadır. Sözsüz ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunan bütün torpaqlarımızda təmir-bərpa işləri ardıcıl olaraq icra edilir. Kəlbəcərdə də dövlətimizin gücü, iqtisadi əsasları ilə quruculuq-abadlıq işləri icra olunur. Yaxın zamanlarda bu işlər yekunlaşacaq və kəlbəcərlilər də öz doğma torpaqlarına qayıdıb əbədi olaraq orada yaşayacaq”.