3 Sentyabr 2021 11:39
11 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyətinin davranış və yanaşmaları bizi Qarabağla bağlı mövcud vəziyyətə gətirib çıxarıb. Erməni tərəfi Qarabağ məsələsində strateji xətti möhkəmləndirib inkişaf etdirə bilmədi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Norayr Dunamalyan deyib.

Ekspert Ermənistanın Qarabağda 30 illik işğal faktından istifadə edə bilmədiyini etiraf edib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlar zamanı əlində olan fürsətlərdən istifadə edə bilməyib.

“Bu gün Qarabağ məsələsi tam fərqli hərbi və geosiyasi reallıqla üzləşib. Artıq meydanda Rusiya ilə yanaşı, Türkiyə və digər aktorlar da var”, - Dunamalyan deyib.

Politoloq Nikol Paşinyan hökumətini Qarabağ məsələsini Ermənistana unutdurmağa çalışdığını bildirib: “İrəvanda olan müəyyən siyasətçilər Qarabağı Ermənistandan uzaqlaşdırmağa çalışırlar. Bu da bölgədə gedən mövcud geosiyasi proseslərin tərkib hissəsidir”.

Onun fikrincə, 44 günlük müharibədən sonra İrəvanla Xankəndi arasındakı əlaqələr hiss olunan səviyyədə zəifləyib: “Bunu sübut edən faktlar var. Məsələn, dünən Xankəndində keçirilən tədbirə nə Ermənistan prezidenti, nə baş naziri, nə də Milli Məclisin sədri iştirak etdi. Yalnız hakim “Vətəndaş müqaviləsi” və müxalifət fraksiyalarının nümayəndələrindən ibarət parlament nümayəndə heyəti Qarabağa getdi”.

Ekspertin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında danışıqların aparıldığı göz qabağındadır: “Bəzi proseslərin getdiyini görmək mümkündür. Məsələn, işçi qrupunun bölgədəki kommunikasiyaların blokadadan çıxarılması üzrə işlərini deyə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər