“Dünya Güney Azərbaycanın səsini eşitmir. Qarabağ səsimizi də qulaqardına vurdular. Çünki erməniləri Rusiya, Fransa və digərləri himayə edirdilər. İndi də İran hakimiyyəti özünü elə aparır ki, guya ölkədə heç bir hadisə baş vermir. Görməzlikdən gəlmək problemin olmadığı və ya prosesin başlamadığı demək deyil. Yəni bunu ilk növbədə İran hakimiyyəti görməlidir. Bunun üçün bölgədə antiterror əməliyyatı keçirilməlidir və insanların öz dədə-baba yurdlarından qovulmasının, çıxarılmasının qarşısı alınmalıdır”.
Politoloq Sədrəddin Soltanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- PKK terror təşkilatının İran qanadı PJAK-ın Güney Azərbaycanda fəallaşması haqda məlumat yayılıb. Məlumata görə, kürd yaraqlıları bölgədə dinc sakinlərə hücum edirlər. Sizcə, bu fəallaşma nəyə xidmət edir?
- PKK və onun yerlərdəki qolları İraq və Suriyada bir sıra əməliyyatlar keçirərək, bu dövlətlərin siyasi-inzibati xəritələrini dəyişdirməyə cəhdlər göstərdilər. Onlara xaricdən də dəstək verildi. Məsələn, Türkiyə PKK-nın Suriya qolu PYD/YPG-nin ABŞ tərəfindən dəstəklənməsinə dəfələrlə öz etirazını bildirib. Ehtimal edirəm ki, PKK-nın İrandakı qolu PJAK və onun bizə məlum olmayan digər qanadlarından bu ölkənin də sərhədlərini pozmaq üçün istifadə etməyə cəhdlər göstərilir. Bunun üçün də Qərbi Azərbaycan əyaləti seçilib.
PKK-nın burada fəallaşması Azərbaycan türklərinin öz dədə-baba yurdlarını tərk etməsi, vəhşiliklərə və təzyiqlərə məruz qalmaları ilə müşayiət olunur. Təəssüf ki, İran hakimiyyəti baş verənlərə ciddi münasibət göstərmir, yaxud Azərbaycan türklərinə qarşı edilən vəhşiliklərin qarşısını hələlik almır.
Ötən gün İran rəsmilərindən biri bildirdi ki, terrorçular ölkənin ərazi bütövlüyünü təhdid edərlərsə, o zaman PKK-nın mövqeləri bombalanacaq. Hələ ki, İran öz ərazilərində fəaliyyət göstərən PKK-ya qarşı konkret addımlar atmır, sadəcə bəyanatlar verilir. Bütün hallarda bu, təhlükəli məsələdir. Bu, İranın ərazi bütövlüyünə yeni təhdidin yaranmasına və ölkə daxilində xaosun bərqərar olmasına gətirə bilər. İran bu prosesinin qarşısını vaxtında almasa, hadisələr təhlükəli istiqamətdə inkişaf edəcək.
İnqilabın ilk illərində Sulduzda baş vermiş hadisələr bunu təsdiqləyir. O zaman bölgənin imam-cüməsi Həsəninin başçılıq etdiyi dəstə PKK kimi terrorçu qruplaşmaların Azərbaycan türklərinə qarşı fəaliyyətinin qarşısını ala bilmişdi. Həmin olaylarda Güney Azərbaycan tərəfindən çox sayda insan qətlə yetirilmişdi.
PKK və bu qəbildən olan qüvvələr yenidən fəallaşıblar. Bu, təkcə Azərbaycan türklərini öz dədə-baba yurdlarından çıxmağa təhrik etmir, həm də İranın ərazi bütövlüyünə, təhlükəsizliyinə, perspektivdə onun mövcudluğuna təhdiddir. Yəni bu, həm də İran dövləti və hakimiyyəti üçün hazırlanmış oyundur. Hesab edirəm ki, bu gəlişmələrin qarşısının vaxtında alınması İran üçün vacib olmalıdır. Bu, İran vətəndaşlarının öz dövlətinə və hakimiyyətinə olan inamını artıra bilər.
- Ümumiyyətlə, niyə İran hakimiyyəti PKK-nın ölkə daxilindəki fəaliyyətlərinə göz yumur? Hətta zaman-zaman bu terror təşkilatının İran hakimiyyətinin özü üçün də başağrısına çevrildiyi görülür.
- PKK heç vaxt Türkiyə, İraq və Suriyada olduğu kimi İranda fəal olmayıb. Düzdür, PKK ilə sərhəddə qarşıdurmalar olub, bir sıra terror aktları törədiblər, amma bu fəaliyyətlər İranın ərazi bütövlüyünü təhdid edəcək səviyyəyə çıxmayıb. Ola bilsin ki, havadarlarının və dəstəkçilərinin PKK-ya İranda verdikləri tapşırıq bir qədər fərqlidir. Yaxud Suriya və İraqda olduğu kimi İranda da aktiv fəaliyyət göstərmək onlara sərf etmir. İran da bu cür fəallıq görmədiyi üçün PKK və ya digər qruplaşmalarına qarşı aktiv mübarizə yolu tutmayıb.
Bütün hallarda isə İran antiterror əməliyyatları keçirməkdə gecikir. Əvvəllər PKK-ya qarşı birgə əməliyyatların keçirilməsi ilə bağlı Türkiyə ilə bir sıra danışıqlar olmuşdu. Amma sonradan bu dialoq dayandırıldı. Lap əvvəllər isə hətta Türkiyəyə qarşı PKK-nın dəstəklənməsi məsələsi gündəmdə idi. Bu, həmin dövrlər idi ki, İran Türkiyəni təhdid edəcək dövlətlər siyahısında birinci yeri tuturdu.
Amma Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə hakimiyyətə gəldikdən sonra qonşularla münasibətdə “sıfır problem” siyasətini seçdilər. Nəticədə İranı Türkiyəni təhdid edən dövlətlər siyahısından çıxardılar. Bundan sonra İranın PKK-dan Türkiyəyə qarşı istifadə edilməsinə dair xəbərlərin yayılması da dayandı. Əksinə, Qəndildə PKK-ya qarşı birgə əməliyyatın keçirilməsinə dair razılaşma əldə olundu.
İran son 10 ildə PKK-dan gələn təhdidlərə qarşı mübarizə aparır. Amma bu mübarizə görünmür, çünki PKK-nın fəaliyyəti elə də böyük deyil. Məsələn, İran mətbuatında Qərbi Azərbaycan vilayətinin bir sıra şəhərlərində PKK terrorçularına qarşı əməliyyatların aparılması və bir neçəsinin zərərsizləşdirilməsi haqda məlumatlar var. Yəni PKK-ya qarşı mübarizə var. Amma PKK İran ərazilərində aktiv olmadığı üçün bu, irimiqyaslı mübarizə deyil.
Dediyim kimi, İran PKK-nın Güney Azərbaycan türklərini öz dədə-baba yurdlarından çıxmağa təhrik edən təhlükəli fəaliyyətlərinə qarşı antiterror əməliyyatları keçirməsə, bu, onun üçün ciddi təhdidlər yarada bilər.
- Güney Azərbaycan milli hərəkatının fəaliyyəti niyə səngidi, bu kimi olaylara qarşı niyə orada – Arazın o biri tayında mütəşəkillik yoxdur?
- Milli hərəkat nə edə bilər? Milli hərəkatın silahı, topu, topxanası yoxdur. Yerlərdə insanlar öz torpaqlarını, evlərini, ailələrini qorumağa çalışırlar. Güney Azərbaycan ərazilərinin kürdləşdirilməsinə və PKK-nın fəaliyyətinə qarşı heç kim heç bir iş görmür – nə beynəlxalq təşkilatlara gedib səs çatır, nə də İran hakimiyyəti bir iş görür. Milli hərəkat bu halda nə edə bilər?
Ən yaxşı halda aksiya keçirəcək, bəyanat verəcək. Aksiya keçirəndə də, həbs edirlər. Bununla yanaşı, yerli əhali Sulduz və digər şəhərlərdə öz etirazlarını bildirirlər. Yəni etirazlar var. Güney Azərbaycan insanı və ictimai fəallar aktivdirlər. Milli hərəkatda təmsil olunan insanlar və təşkilatlar da müxtəlif formalarda öz etirazlarını bildiriblər. Amma bu məsələlər aidiyyəti qurumlar səviyyəsində həllini tapmır.
Güney Azərbaycan milli hərəkatının silahı yoxdur, o, dinc mübarizəyə üstünlük verən hərəkatdır. Bu hərəkatın nə lideri, nə də aparıcı təşkilatı bəllidir. Amma etirazlar müxtəlif formalarda İran hakimiyyəti və dünya ictimaiyyətinə çatdırılır. 30 ildən çoxdur Qarabağla bağlı dünyaya car çərkirdik, eşdirdilərmi? İndi də Güney Azərbaycanda ikinci Qarabağın yaranması təhlükəsi var.
Dünya Güney Azərbaycanın səsini eşitmir. Qarabağ səsimizi də qulaqardına vurdular. Çünki erməniləri Rusiya, Fransa və digərləri himayə edirdilər. İndi də İran hakimiyyəti özünü elə aparır ki, guya ölkədə heç bir hadisə baş vermir. Görməzlikdən gəlmək problemin olmadığı və ya prosesin başlamadığı demək deyil. Yəni bunu ilk növbədə İran hakimiyyəti görməlidir. Bunun üçün bölgədə antiterror əməliyyatı keçirilməlidir və insanların öz dədə-baba yurdlarından qovulmasının, çıxarılmasının qarşısı alınmalıdır.
- İranın nüvə proqramı ətrafında da maraqlı gəlişmələr var. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranı nüvə fəaliyyətlərini araşdırmağa əngəl yaratmaqda ittiham edir. Digər yandan, İsrail İranla yeni nüvə anlaşmasının imzalanmasına qarşı çıxır, ABŞ isə belə bir razılaşmanın mümkünlüyünə diqqət çəkir. Bu yöndə hansı gəlişmələr ola bilər?
- 2015-ci ildə imzalanmış müqavilə vardı. Bu anlaşmaya görə, İrana qarşı sanksiyalar ləğv edilməliydi. Amma Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra ölkəsini bu müqavilədən çıxardı. Son bir ildə Vyanda İranın nüvə proqramı ilə bağlı danışıqlar gedir. Həm “Altılıq”, həm də İran elan edib ki, bir sıra uğurlar əldə olunub. İran da uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətini dayandırmış kimi göstərir. Rusiya da İrana təklif edir ki, beynəlxalq agentliyin tələblərinə əməl etsin.
Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı üç bəyanatı var. BMT buna görə də İrana sanksiya tətbiq edir. Rusiya və Çin də bu bəyanat və sanksiyalara qoşulub. Belə hesab olunur ki, İran yenə də razılaşmanı pozmağa çalışır. Bu da İrana qarşı yeni sanksiyaların tətbiqinə səbəb ola bilər. Yaxud İrana qarşı qəbul edilmiş anlaşmaların müddəti uzadıla bilər ki, bu da ölkə iqtisadiyyatına zərbə deməkdir.
Hesab edirəm ki, İranın nüvə proqramı ətrafında yaranmış problemlər tezliklə həll olunmayacaq. Bu o vaxta qədər davam edəcək ki, İranda Qərb və ya dünya ictimaiyyəti ilə normal əməkdaşlıq edə biləcək hakimiyyət formalaşsın. İran isə nüvə proqramı və digər məsələləri Qərbə tam açıqlamır. Qeyri-şəffaflığı həmişə İrana problemlər yaradacaq.