8 Sentyabr 2021 17:07
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün danışıqlara hazır olmasını bəyan etməsi pozitiv hadisədir. Hesab edirəm ki, Ermənistan Türkiyə ilə əlaqələri qurmaq məsələsində Rusiyanın razılığını alıb”.

Bunu Teleqraf.com-a politoloq Əli Abbasov Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasında Türkiyə ilə münasibətləri qaydaya salmağa hazır olduğuna dair bəyanatını şərh edərkən deyib.

Siyasi şərhçi hesab edir ki, Nikol Paşinyanın Türkiyə ilə münasibətləri yoluna qoyması, iki ölkə arasında əlaqələrin qurulması, yolların açılmasına tərəfdar çıxması müsbət hadisədir, amma İrəvan bununla bağlı təkliflərlə çıxış etmir.

Onun sözlərinə görə, Ermənistan hökuməti bununla əlaqədar daha çox təkliflərə açıq olduğunu nümayiş etdirir: “Bu, o deməkdir ki, Paşinyan hökuməti daha çox təklif gözləyir. Bu təklifi Türkiyə tərəfi etməlidir. Ancaq bunun üçün Ermənistan həm də Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra diplomatik əlaqələr qurulmalı və sonda tərəflər arasında sərhədlər açılmalıdır”.

Əli Abbasovun fikrincə, Paşinyanın bu açıqlaması göstərir ki, Moskva da İrəvan-Ankara münasibətlərinin qurulmasında maraqlıdır: “Əlbəttə, uzun illər Ermənistan-Türkiyə münasibətlərinin gərgin olmasında Rusiya maraqlı olub. Ancaq görünən budur ki, indi Moskva əlaqələrin qaydaya salınmasında maraqlıdır. Deməli, bu prosesdə onun maraqları da təmin olunur. Ən azından Türkiyə ilə əlaqələri daha da asanlaşır”.


Müəllif: Nemət

Oxşar xəbərlər