13 Sentyabr 2021 09:59
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla Azərbaycanı bir-birinə çox əsrlik tarixi əlaqələr bağlayır. Azərbaycan hər zaman İranla qonşuluq və dostluq əlaqələrinə sadiq qalıb, qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verib. Prezident İlham Əliyev Cəbrayıl və Füzuli rayonlarına səfər zamanı iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırıb. Bu baxımdan da Azərbaycan cəmiyyəti İranın da ölkəmizə qarşı eyni münasibəti bəsləməsini gözləyir.

Bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

Komitə üzvü söyləyib ki, son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır: “İran tərəfi Azərbaycanın bu həssaslığını mütləq nəzərə almalıdır. Çünki bu, hazırda Qarabağda ağır durumda yaşayan ermənilərin Azərbaycana qarşı müqaviməti üçün dəstək anlamına gəlir. Bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə edib. Təkcə 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirib. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota təqdim edilib. Əfsuslar olsun ki, həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, hələ də İran tərəfi Bakının etirazlarına cavab verməyib və hazırda Qarabağa qanunsuz yük daşımağa davam edir”.

Millət vəkili qeyd edib ki, avqustun 11-dən sentyabrın 10-dək İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən də yanacaq-sürtgü materialları daşıyan 58 yük maşını daxil olub: “Bunlardan 55-i oranı daha sonra tərk edib. Bununla bağlı sözsüz ki, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənilərin və iranlıların qanunsuz hərəkətləri sülhməramlıların gözü önündə baş verir. Buradan belə aydın olur ki, sülhməramlılar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir”.

Ceyhun Məmmədov xatırladıb ki, 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər geri qayıdıb: “Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır. Bu məqsədlə də sülhməramlılar Xankəndidə yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirir. Amma buna baxmayaraq Azərbaycan tərəfi prosesi diqqətlə izləyir və bütün baş verənləri xüsusi nəzarətdə saxlayır. İran tərəfi ikitərəfli əlaqələri nəzərə alıb, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlara atmağa məcbur olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər