Üç qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimləri mühüm tarixi dövrə təsadüf edir. 44 günlük Vətən müharibəsindən qalib çıxmış Azərbaycan Ordusu bu gün özünün əsas müttəfiqləri ilə yenidən döyüş vərdişlərini gücləndirməkdədir. Bu da sözsüz ki, Ermənistanda olan revanşist qüvvələrə və onlara havadarlıq edənlərə açıq bir mesajdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bu gün Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıq sabitliyə, təhlükəsizliyə əsas qarant ölkə faktorunu gündəmə gətirib:
“Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən artığına sahib olmaqla bərabər bölgədə əsas təhlükəsizlik üçün təminat rolunda çıxış edir. 30 ilə yaxın bölgə üçün əsas problem olan Qarabağ münaqişəsi Azərbaycanın hərbi gücü hesabına həll edilib. Artıq elə bir problem yoxdur. Bu baxımdan regional sabitliyin təminatını daha etibarlı və davamlı formada təmin etmək üçün də ardıcıl addımların atılması vacibdir”.
Millət vəkili hesab edir ki, bir müddət öncə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri fonunda Laçından, Qaragöldən sərgilənən mövqe ölkəmizin öz ərazisinə hansı formada sahib olmasını da nümayiş etdirib:
“Azərbaycanın Türkiyə və Pakistanla çox sıx qardaşlıq, dostluq münasibətləri var. Bu münasibətlər tarixi köklərə, sarsılmaz dəyərlərə əsaslanır. Azərbaycanın haqlı mövqeyi hər iki qardaş ölkə tərəfindən hər zaman birmənalı olaraq dəstəklənib. Pakistan təcavüzkar siyasətinə görə, Ermənistanı müstəqil ölkə kimi tanımır. Qardaş Türkiyə isə Azərbaycana erməni təcavüzü fonunda bu ölkə ilə bütün əlaqələri kəsib, sərhədləri bağlayıb. Hər üç dövlət bütün regional və beynəlxalq əhəmiyyətli tədbirlərdə bir-birinin maraqlarını aktiv şəkildə müdafiə edir”.
Cavid Osmanova görə, bu gün üç dövlətin sərgilədiyi birlik, həmrəylik modeli dünya üçün də örnəkdir:
“Azərbaycanın dostları, tərəfdaşları, müttəfiqləri, onun haqq işini müdafiə edən dövlətlər hər zaman xalqımız tərəfindən də böyük rəğbətlə qarşılanıb. Bu mənada həm Türkiyə, həm Pakistana Azərbaycan cəmiyyətində böyük sevgi və ehtiram mövcuddur”.