16 Sentyabr 2021 21:39
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anə Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Ermənistan tərəfi sülh prosesinə mümkün qədər maneə olmağa, onu qeyri-müəyyən müddətə uzatmağa çalışır. Sizcə indiki halda prosesin tezləşməsini təmin edəcək hansı təsirli addımlar atıla bilər?

- Ermənistan sülh prosesini uzatmağa cəhd göstərir. Bu, bütün mənalarda və səviyyələrdə özünü biruzə verir. Nikol Paşinyan bir tərəfdən Türkiyə ilə münasibətlərin yaradılmasına, diplomatik əlaqələrin qurulmasına, dialoqda maraqlı olduğunu deyir. Digər tərəfdən isə Xankəndi və onun ətrafında quldur dəstələrin, onun tör-tüküntülərinin təxribat törətməsində fəal iştirak edir. Amma son vaxtlar Ermənistanın sərhəd boyu təxribatlara son qoymasını müşahidə edirik. Bunun da səbəbi dövlət başçısının qətiyyətidir. Məhz möhkəm siyasi iradə ilə Dövlət Sərhəd Xidmətinin atmış olduğu qəti addımlar bu prosesi tənzimləyib. Eyni zamanda bu amil dövlət başçısının birmənalı mövqeyi ilə Ermənistanı küncə sıxışdırmaq üçün əlimizdə olan bəzi rıçaqların işə salınması ilə bağlıdır. Amma buna baxmayaraq Ermənistan hələ də sülh sazişinə hazır deyil. Erməni baş nazir parlamentdə çıxış edərkən ehtiyyatla müəyyən impluslardan bəhs etdi. Paşinyan hətta Gorus-Qafan yolu ilə bağlı erməni deputatların sullarına cavabında bir qədər reallıqdan danışdı. Çünki onun başqa bir variantı da yoxdur. O, olan bir məsələni etiraf etdi. Eyni zamanda Paşinyan etiraf edir ki, onlar belə addımı atmasaydılar, bu, Ermənistan dövləti üçün böyük fəlakətlərə səbəb ola bilərdi. Erməni baş nazir bununla cəmiyyətini məlumatlandırmış olur ki, başqa bir seçim imkanları olmayıb.

- ABŞ səfirinin Qarabağla bağlı fikirləri erməniləri hansı bir formada ümidləndirməyə hesablanıb, yoxsa?

- Hazırda bu və ya digər şəkildə “statusla” bağlı məsələdə ABŞ maraqlı görünür. Bu, həmçinin Emənistanın da ümumi maraqlarına uyğun gəlir. Onlar çalışırlar ki, hansısa yola olur-olsun Ermənistan üçün alçaldıcı sülh sazişi bağlanmasın. Ona görə də mümkün qədər müqavimət göstərməyə cəhdlər edilir. Amma bu cəhdlər əbəsdir. Bu, uzunmüddətli də olmayacaq. Çünki Ermənistan düşdüyü blokadadan çıxmalıdır. Bu dövlətin normal şəraitdə mövcudluğu üçün Azərbaycanla sülh sazişi imzalanmalı, ölkəmizin ərazi bütövlüyü qəbul edilməlidir. Eyni zamanda sərhədlə bağlı məsələlərdə də konstruktiv mövqe tutulmalıdır. Bundan sonra qardaş Türkiyə ilə Ermənistan danışıqlar apara və münasibətləri normalaşdıra bilər. Bunun başqa alternativi yoxdur. Gec-tez Ermənistan bu prosesə məcburiyyət qarşısında qoşulacaq.

- Ermənistandan başqa heç kimə lazım olmayan ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələ yenidən gündəmə gələ bilər?

- Bu təşkilat əslində funksiyasını icra edə bilmədi. Onun üzərinə götürmüş olduğu missiyanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz həyata keçirdi. Minsk qrupunun bundan sonra fəaliyyətinə heç bir ehtiyac qalmayıb. Bununla bağlı Azərbaycanın da mövqeyi birmənalıdır. Ona görə də ölkəmiz heç bir halda Minsk qrupu anlayışını gündəliyə gətirmir. Bu təşkilatın mövcudluğunu gündəliyə gətirən isə Ermənistandır. Minsk qrupunun hər hansı bir fəaliyyət ortaya qoya bilməsi üçün Azərbaycanın buna razılıq verməsi başlıca şərtdir. Azərbaycan isə buna təbii və məntiqi olaraq "yox" deyir. Çünki bu təşkilat da Qarabağın “status” kimi tarixin qaranlıq səhifəsinə göndərilib. Ermənistan isə müəyyən dividentlər əldə etmək üçün Minsk qrupunun fəaliyyətini və mövcudluğunu gündəmdə saxlamağa çalışır.

- Gorus-Qafan yolunda Azərbaycan inzibati resurslarını tətbiq edib. Prosesin gedişində daha hansı təzyiq vasitələri işə salına bilər?

- Azərbaycanın əlində olan mühüm təsir rıçaqlarından biri Laçın dəhlizi ilə bağlıdır. Orada nəzarət imkanlarının artırılması, postların qurulması ilə bağlı fikirlər ola bilər. Bəziləri iddia edirlər ki, Azərbaycan Laçın dəhlizində post qura bilməz. Amma əslində bu fikirlər kökündən yanlış bir yanaşmadır. Azərbaycanın tam suveren hüququ var ki, Ermənistanla Laçın dəhlizi arasında post qursun, mövqeyini möhkəmləndirsin. Bununla da Xankəndi və onun ətrafına Ermənistandan gələn və bu ölkə vasitəsi ilə İrandan mütəmadi olaraq daxil olan maşınların icazəsiz girişinin qarşısı alınsın. Çünki Paşinyan da açıq şəkildə qeyd etdi ki, bu məsələlərdə və Azərbaycan Qafan-Gorus yolunda belə bir hüquqa malikdir. Azərbaycan öz ərazisində harada post quracağı ilə bağlı suveren hüququ var. Ona görə də Azərbaycana daxil olan hər bir yük maşını, hər bir insan ölkəmizin icazəsi ilə addım ata bilər. Düşünürəm ki, Azərbaycanın prosesin gedişində vacib rıçaqlarından bir də Laçın dəhlizinə nəzarətin həyata keçirilməsi ilə bağlı ola bilər. Eyni zamanda dövlətimizin bu məsələlərdə ən mühüm təsir rıçaqlarından biri işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işlərini sürətlə icra etməsidir. Bu da özlüyündə erməni tərəfinə ağır psixoloji təsir göstərir.


Müəllif: Tapdıq Qurbanlı