Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Musa müəllim, 44 günlük müharibədən sonra Azərbaycan siyasi müstəvidə öz məqsədlərini təmin edir. Prosesin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Post-müharibə dövründə Azərbaycanın atdığı bütün addımlar sülhün davamlı olmasına hesablanıb. Böyük sülh sazişinin imzalanması və regionda əməkdaşlığın genişlənməsi, tarixi ədalətin bərpası başlıca şərtdir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bütün bəndlərinin Azərbaycan tərəfindən icra olunmasında heç bir problem yoxdur. Amma təəssüflər olsun ki, Ermənistan və bəzi qüvvələr 10 noyabr razılaşmasından irəli gələn məsələləri müxtəlif cür şərh edir, prosesin xalqlara, bölgəyə xeyir verəcək səviyyədə icrasına maneə törədirlər. Görünür, seçkidən sonra növbəti dəfə Paşinyana dəstək olan erməni cəmiyyətində bəzi revanşist qüvvələr hələ də qalmaqdadır. Hələ də müəyyən xülyalar və illuziyalarla bağlı erməni cəmiyyətində fikirlər hökm sürür. Bunun fonunda isə Azərbaycan liderinin dəmir iradəsi ortadadır. Azərbaycan prosesdə addım-addım, heç bir təxribata, emosiyaya qapılmadan öz məqsədlərinə yaxınlaşır.
- Sizcə, Gorus-Qafan yolunda Azərbaycanın gördüyü inzibati tədbirlərin nəticəsi necə olacaq?
- Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycanın gördüyü inzibati tədbirlər qarşı tərəfə açıq bir mesajdır. Bu, eyni zamanda bütün tərəflərə xəbərdarlıqdır. Eyforiyada olan bu topluma qarşı soyuq duş effekti idi. Bu baxımdan İrandan gələn və Ermənistan ərazisindən qanunsuz olaraq Azərbaycana keçən yük maşınlarına qarşı dövlətimizin tətbiq etdiyi qaydalar beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda Azərbaycan açıq şəkildə bəyan edir ki, bu yolu tam bağlaya bilər. Azərbaycan Laçın dəhlizinə də nəzarəti ələ almaq imkanları və hüququnu özündə saxlayır. Bununla da Azərbaycan öz suveren hüquqlarına əsaslanaraq sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməkdə inamlıdır. Ölkəmiz çox qısa zamanda buna nail olacaq.
- Sizcə, hazırda kommunikasiya ilə bağlı belə bir prosesin yaşandığı mərhələdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi necə izah olunur?
- Hələlik reallaşmayan məsələlərdən biri və ən başlıcası Zəngəzur dəhlizi ilə bağlıdır. 10 noyabr üçtərəfli bəyanatda bu məsələ öz əksini tapıb. Razılaşmaya əsasən bu, özündə dövlətlərarası kommunikasiyaların açılmasını ehtiva edir. Bu da sözsüz ki, Naxçıvanla olan quru yolun bərpasına dəlalət edir. Məhz Zəngəzur dəhlizi ilə Azərbaycan özünün mühüm və ayrılmaz hissəsi olan Naxçıvanla əlaqələrini bərpa edəcək. Bu məsələ açıq-aydın üçtərəfli bəyanatda öz əksini tapıb.
- Təklif olunan “6-lıq” yəni, altı dövlətin birgə əməkdaşlıq platformasının Ermənistan iştirak etməsə, “5-lik” formatında reallaşması ilə bağlı fikirlər var...
- Azərbaycan Prezidenti və qardaş Türkiyə Prezidentinin təklif etdiyi “6-lıq” platformasının işlək hala gəlməsi mümkün ola bilər. Sözsüz ki, əgər Ermənistan buna qoşulmazsa, “5-lik” platformasında bölgədə əməkdaşlığa imkan yarana bilər. Bu da regionun siyasi, mədəni, iqtisadi əməkdaşlığa keçməsini şərtləndirəcək. Zamana bağlı olan bir məsələdir. Region üçün mütərəqqi əhəmiyyətə malik olan bu məsələlər dövlət başçısının birbaşa nəzarətindədir. Amma bütün bunların ardıcıl və proqram şəklində icra olunması vacibdir. Vətəndaşlarımız da bundan narahat olmasın. Bu gün sosial şəbəkə platformasında təxribatçı qüvvələr öz yalan və zərərli informasiyalarını mümkün qədər tirajlamağa çalışır. Bu kimi yalanlara, təxribat xarakterli informasiyalara əhəmiyyət vermək lazım deyil. Azərbaycan dövlətinin iradəsi ortadadır. Qısa zamanda nəzərdə tutulmuş bütün prinsiplərin icrasına nail olunacaq. Bölgədə inkişafı, sülhü, əməkdaşlığı daha aktiv bir fazaya keçirmək üçün Azərbaycan özünün imkanlarını səfərbər edir. Amma bunun üçün ilk növbədə kommunikasiyaların açılması vacibdir. Zaman etibarı ilə erməni cəmiyyəti də bu reallığı dərk edəcək.