21 Sentyabr 2021 12:45
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olduğu qeyd olunur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Dünya Bankının Azərbaycana qarşı son qərəzli hesabatına münasibət bildirib:

“Məlum olduğu kimi, Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamamilə dayandırmağa qərar verib. Səbəb isə hesabatların nəticələrinin saxtalaşdırılmasıdır. Dünyanın aparıcı mətbu orqanları Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır. Məlumatlarının doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə nəzərə alınmadığı məlum olub.

Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olduğu qeyd olunur. Aparılan araşdırmalar onu göstərir ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı”.

Elçin Mirzəbəyli qeyd edib ki, aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artıb və ölkəmiz 34-dən 28-ci mövqeyə yüksəlib:

“Bu məlumatlar artıq ölkəmizin bir sıra media resurslarında yer aldığı üçün Azərbaycana qarşı qərəzin görünməyən tərəflərini gün işığına çıxarmağa cəhd edəcəyəm.

Qeyd edim ki, əksər xarici media resurslarında Azərbaycana qarşı qərəzin özünü qabarıq şəkildə verməsinin əsas səbəbkarı kimi Simeon Dyankovun adı çəkilsə də, sözügedən şəxsin Dünya Bankının keçmiş rəhbəri Cim Yen Kimin və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Giorgiyevanın təsiri altında olduğu bildirilir. Hər üç şəxsi bir-biri ilə Soros Fondu və fondun rəhbəri Corc Sorosla sıx əlaqələri birləşdirir. Simeon Dyankov isə Kristalina Giorgiyevanın buyruq quludur və onun yüksəlişində, həmçinin “Doing Business” hesabatı layihəsində aparıcı mövqedə dayanmasında Kristalinanın müstəsna xidmətləri olub.

Hər iki şəxs Bolqarıstan vətəndaşıdır və Azərbaycana, Türkiyəyə münasibətdə qərəzli mövqe tuturlar. Cim Yen Kim Dünya Bankının rəhbəri vəzifəsinə sahiblənənədək Corc Sorosun “ailə tədbirləri”nin fəal iştirakçılarından biri olub.

Kim Dünya Bankının prezidenti vəzifəsinə gətirildikdən sonra isə onunla Corc Soros arasında əlaqələndirici funksiyasını Açıq Cəmiyyət Fondlarının prezidenti Kris Stoun həyata keçirib”.

Ekspert qeyd edib ki, Açıq Cəmiyyət Fondlarının DCleaks saytı tərəfindən ictimailəşdirilən 2576 daxili informasiya fayllarında Corc Soros və ətrafının Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun rəhbərliyi ilə sıx əlaqədə olduğu bildirilir:

“Onu da qeyd edim ki, Kristalina Georgiyeva Soros tərəfindən “xidmətlərinə” görə şəxsən mükafatlandırılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər