Ermənistan yarımçıq doğulmuş uşağa bənzəyir. Ona görə də, bu ölkənin müstəqilliyində xeyli çatışmayan komponentlər var. Bu, ilk növbədə müstəqilliyin fəlsəfəsinə uyğun gəlməyən ciddi faktorlarla bağlıdır.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
Onun fikrincə, ən başlıcası Ermənistan dövlət kimi öz sərhəddini belə qoruyacaq gücə sahib deyil: “Bu, çox önəmli bir məsələdir. Digər tərəfdən Ermənistanın ən strateji sektorları onun öz əlində deyil. Bu ölkədə mövcud olan strateji sektorlar daha çox Rusiyanın əlindədir. Ermənistan Rusiya və İranın dəstəyi olmadan ayaqda qala bilməyəcək gücdədir. Eyni zamanda erməni diasporunun dəstəyi olmadan Ermənistan öz mövcudluğunu saxlamaq iqtidarında deyil. Bütün bunlar isə Ermənistanın müstəqilliyinin bir fiksiya olduğunu göstərir. Ona görə də, Ermənistan əslində müstəqilliyini qazanmaq üçün bundan sonra ən azından 30 il də çalışmalıdır”.
Fazil Mustafa hesab edir ki, Ermənistanın müstəqilliyi Azərbaycan və Türkiyə ilə münasibətləri sağlam məcrada qurmaqdan keçə bilər: “Tarixi düşmənçilik Ermənistan üçün yaxşı heç nə vəd eləmir. Bu baxımdan Ermənistan elə 30 illik "müstəqillik ildönümü"nü şam işığında qeyd edir. Müstəqilliyin özündə işıq yoxdursa, onu hansı formada keçirmək artıq əhəmiyyət daşımır. Çünki Ermənistan müstəqilliyinin, ümumiyyətlə işığı yoxdur. Bu da yaxşı heç nə vəd eləmir. Ona görə də, Ermənistan təcili surətdə Türkiyə ilə münasibətləri qurmağa çalışmalıdır, Azərbaycanla sərhədlərin tanınmasına, sülh sazişini imzalamağa getməsə ən azı demokratik bir çöküntü ilə bölgədən silinəcək. Təbii ki, o, bir dövlət olaraq qala bilər. Amma dövlət də erməni faktorunun əhəmiyyət daşımadığı bir ölkə olacaq. Çünki xarici qüvvələrin hərbi bazasından başqa Ermənistan bir işə yarayan dövlət deyil”.