23 Sentyabr 2021 22:57
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi təlimlər ilk dəfə deyil icra edilir. İki qardaş ölkə arasında müəyyənləşmiş proqrama əsasən ənənəvi şəkildə bu cür hərbi təlimlər həyata keçirilir. Bu eyni zamanda “Bir millət, iki dövlət” prinsipinin açıq təzühürü kimi də başa düşülməlidir. “İki dövlət, bir ordu” prinsipi də artıq reallığa çevrilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci bir nümunəyə rast gəlmək mümkün deyil:

“Sözsüz ki, bu cür təlimlər ordular arasındakı əlaqələrin inkişafı, təcrübənin bölüşdürülməsi baxımından önəmlidir. Bu açıq bir mesajdır ki, iki dövlətin birliyi sarsılmaz ideyalara əsaslanır”.

Millət vəkilinə görə, ardıcıl olaraq icra edilən hərbi təlimlər bölgədə sülhə və təhlükəsizliyə töhvə vermək prinsiplərini də özündə ehtiva edir:

“44 günlük Vətən müharibəsində Azərbaycan bölgədə separatizmə sarsıdıcı zərbə vurdu. Ermənistan ordusu darmadağın oldu. Amma buna baxmayaraq Ermənistanda olan bəzi qüvvələr xaricdən almış olduqları dəstək müqabilində revanşizmlə bağlı zərərli ideyaları yaymağa cəhdlər edir. Sözsüz ki, Ermənistanda olan siyasi qüvyələr də müharibədən almış olduqları zərbə müqabilində yeni bir qarşıdurmanın onlar üçün hansı fəsadlar yaradacağının fərqindədir”.

Aqil Məmmov hesab edir ki, bölgədə Azərbaycan və Türkiyənin birlikdə atdığı hər bir addım digər region ölkələrinin, xalqlarının rifahına, təhlükəsizliyinə, inkişafına xidmət edir:

”Məhz təklif edilən “6-lıq” platforması bütövlükdə region dövlətlərinin hər birinin iştirakına zəmin yaradır. Sözsüz ki, qarşılıqlı münasibətlərin təminatı fonunda bu cür mühüm strateji layihələrin reallaşması mümkün olacaq. Bu baxımdan Ermənistan və onun havadarları yaranmış yeni reallığı düzgün dərk edib Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaqla təklif edilən əməkdaşlıq platformasında iştirak hüququ qazana bilər. Ona görə də bölgə dövlətlərinin hər biri Cənubi Qafqazda mümkün sülhün və təhlükəsizliyin təminatına maksimum səviyyədə dəstək nümayiş etdirməlidir. Çünki bu regionda hər bir dövlətin inkişafı və tərəqqisi əməkdaşlıqdan, qarşılıqlı istisadi, siyasi maraqların təminatından keçir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər