24 Sentyabr 2021 00:11
7 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran-Azərbaycan münasibətlərindəki gərginliyə diqqət çəkib:

“Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmirabdullahyanla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahyan Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Azərbaycan İranla münasibətlərdə problem istəmir. Ancaq İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq. Üstəgəl Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb. Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməzkən, nədən torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi?”.

Elxan Şahinoğlu qeyd edib ki, mövcud durum Türkiyəni də narahat edir:

“Buna görə də üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin. Əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur. Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib ki, görüş yeri kimi İran paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər.

İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq. Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyi süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Amulinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə “yaşıl işıq” yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər