24 Sentyabr 2021 17:37
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib ölkənin Lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi. Hər şeydən əvvəl, hazırda dünyada ən aktual problem olan COVID-19 pandemiyası ilə bağlı problemlərə toxunun Prezident bu sahədə Azərbaycanın həm ölkəmizdə, həm də Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində peyvəndin əldə edilməsində çətinlik çəkən kasıb ölkələrdə gördüyü işlərdən danışdı.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, eyni zamanda, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bu beynəlxalq təşkilatın təşəbbüsü ilə pandemiyanın aradan qaldırılması istiqamətində vacib tədbirlərin görülməsi üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması və dünyanın 150 ölkəsinin bu iclasda iştirak edərək pandemiyaya qarşı səylərin birləşdirilməsi üçün mühüm addımlar atdığını vurğulayıb. Prezident İlham Əliyevin çıxışının əsas məzmununu isə yenə də qazandığımız tarixi Zəfər, bu Qələbəyə gedən yolda ölkəmizin atdığı qətiyyətli addımlar, beynəlxalq təşkilatların öz qətnamələrini yerinə yetirməməsi və Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın bu gün də faşist ideologiyasından əl çəkməməsi, regionda sülhə təhlükə olaraq qalması təşkil etdi. Bu istiqamətdə həm də mühüm təşəbbüs və təkliflərlə çıxış edən Prezident İlham Əliyev gələcəkdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğuladı. Bu, əslində, BMT-də və onun müvafiq strukturlarında islahatlara ehtiyac olduğunun bəyan edilməsi idi.

Digər mühüm məsələ isə regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərərək, onu Azərbaycanla sülh müqaviləsi bağlamağa təşviq etməsinin dilə gətirilməsi idi. Çünki bu, hazırkı vəziyyətdə regionumuzda hadisələrin gələcək inkişafının istiqamətlərinin formalaşması baxımından olduqca vacibdir. Əslində, bu fikirləri ilə Prezident İlham Əliyev qalib ölkənin Lideri kimi dünyaya sülh çağırışı etdi. Azərbaycanın sülhpərvər, eyni zamanda, öz ərazi bütövlüyünü təmin etməyə qadir güclü dövlət olduğunu bəyan etdi.

“Dövlətimizin başçısı BMT tribunasından olduqca vacib bir xatırlatma etdi ki, bir il bundan əvvəl bu tribunadan Ermənistanın işğalçılıq siyasətindən danışaraq Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu və ermənilərin yeni müharibəyə hazırlaşdıqlarını bildirmişdi. O zaman beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu yenə də müharibəni önləmək, yaxud buna səbəb olan işğalçılıq siyasətinin qarşısını almaq üçün heç bir tədbir görmədi. Azərbaycan ermənilərin yeni işğalçılıq müharibəsinə layiqincə cavab verdi və təcavüzkar ölkəni məğlubiyyətə kapitulyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan regionda əməkdaşlıqda, kommunikasiyaların açılmasında və sülhün bərqərar olmasında maraqlıdır. Şübhəsiz ki, dünya doğrudan da Cənubi Qafqazda sülh istəyirsə, ermənilər yeni reallıqdan bəhrələnmək niyyətindədirlərsə, Prezident İlham Əliyevin çıxışında əksini tapan müddəalara diqqət yetirməli, bu istiqamətdə real addımlar atmalıdırlar”, - deyə Milli Məclisin deputatı vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər